9 Aprel 2018 23:29
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kameraların çəkdiyi qayda pozuntusuna görə inspektorun sürücüyə protokol yazması doğru deyil.

Bunu Teleqraf.com-a açıqlamasında “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, məsələ barədə qanunun tələbləri var:

“İnzibati Xətalar Məcəlləsinin 81.2 maddəsində göstərilir ki, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Qanunun tələbi bu cürdür”.

Ərşad Hüseynov bildirib ki, sürücüyə elektron protokol tərtib edilibsə, isnpektor da ona protokol tərtib edə bilməz:

“İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. İnzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Elektron protokol tərtib edildilirsə, o zaman həminsürücünü daha inspektor saxlayıb, qayda pozuntusunu rəsmləşdirə bilməz. Qanun bunu qadağan edir”.

Ekspert qeyd edib ki İnzibati Xətalar Məcəlləsinin 122. 5-ci maddəsinə görə isə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır:

“Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron protokol tərtib olunur”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər