Namizdlərin irəli sürülməsi prosesi və namizədlərin qeydiyyatı zamanı heç bir ciddi pozuntu və şikayət qeydə alınmayıb.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzçi Demokrat Beynəlxalq hərəkatının portuqaliyalı nümayəndəsi Maryo Devid Azərbaycanda 11 apreldə keçirilən prezident seçkilərinin müşahidə yekunu ilə bağlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, seçkilərdə müsbət məqam odur ki, namizədlər heç bir məhdudiyyət olmadan kampaniya apara biliblər: “Bu məqsədlə ölkənin bütün şəhərlərində xüsusi yerlər təşkil edilmiş və siyasi mövqedən asılı olmayaraq, hər bir təşkilatın təhlükəsiz toplaşması təmin olunub. Seçkilərdə iştirak etməyən partiyaların ötən ay martın 10-da, eləcə də 31-də Bakının mərkəzində birgə nümayiş keçirməsi buna misaldır. Əsas məsələ odur ki, bütün namizədlərə öz platformalarını təqdim etmək üçün imkan verilib.
Maryo Devid qeyd edib ki, seçki kampaniyası dövründə insan hüquqlarına məhdudiyyətlər müşahidə edilməyib: “Seçki günü müşahidəçilər Bakıda və kiçik şəhərlərdə və kənd yerlərində seçki məntəqələrinə gediblər. Müşahidəçilər təsdiq edir ki, insanlar seçdikləri namizədə səs verməkdə azad idi. Səfər edilən məntəqələrdə heç bir hədə-qorxu, məcburiyyət və ya zorakılıq hallarına rast gəlinməyib. Azərbaycan hakimiyyəti seçicilərin siyasi partiyaların, QHT üzvlərinin, yerli və beynəlxalq müşahidəçilərin, media üzvlərinin təhlükəsizliyi təmin edilib”.
Beynəlxalq nümayəndələr səsvermə məntəqələri bağlandıqdan sonra müxtəlif siyasi partiya, QHT-ləri və yerli müşahidəçilərlə birgə səslərin hesablanması prosesində iştirak ediblər. Proses mütəşəkkil qayda da təşkil olunub. Seçki günü seçki nəticəsinə təsir göstərə biləcək ciddi pozuntuya rast gəlinməyib. 11 aprel seçkiləri səmərəli, dinc, azad və şəffaf keçib”.