Xarici dil öyrənən azyaşlı uşaqlarda nitq ləngiməsi faktı ilə qarşılaşırıq.
Bunu Teleqraf.com-a açıqlamasında pediatr Günay Rəsulova deyib.
Pediatrın sözlərinə görə, uşaq yalnız öz ana dilində tam sərbəst danışandan sonra xarici dili öyrənə bilər: “Müşahidələrimiz zamanı belə halla rastlaşırıq ki, uşaq ana dilində sərbəst cümlə qura, danışa bilmir, amma valideyn ona xarici dil öyrətməyə cəhd edir. Bu zaman uşağın öz ana dilində danışmasını ləngidən faktor işə düşür.
Bəzən uşaqlarda nitq ləngiməsini araşdıranda məlum olur ki, ailədə bir neçə dildə danışma faktı var. Bu isə uşaqlarda danışıq dilinin formalaşmasına mənfi təsir göstərir”.
Günay Rəsulova valideynlərə məsləhət də verib: “Uşaq tam dil açana kimi onun bir dildə danışmasına çalışmaq lazımdır. Hansı dildə danışırsa, ünsiyyət də o dildə, özü də davamlı olmalıdır. Uşağa ana dilini mükəmməl öyrədib, sonra xarici dili keçmək olar”.
Uşaq və Ailə Mərkəzinin rəhbəri Kəmalə Baxış da bildirib ki, körpələr ilk növbədə ana dilində danışmalıdırlar: “Əgər uşaq bətndə olanda ana rus, ingilis dilində danışırsa, bunlar da ana dili sayıla bilər. Uşaqlar öncə ana dilində danışmalıdırlar. Xarici dili həmişə öyrənmək olar.
Valideynlərə tövsiyə edərdim ki, uşağa əvvəl evdə danışılan dili öyrətsinlər. Bəzən valideyn xarici dili bilmir, amma istəyir uşağı 3 yaşından dili öyrənsin. Bu, boş bir həvəsdir”.
Kəmalə Baxış qeyd edib ki, bəzən də valideynlərdən biri əcnəbi olur: “Onlardan biri digər valideynin dilini öyrənməlidir. 3 yaşına qədər valideyn uşaqla bir dildə danışılmalıdır”.