Son zamanlar ölkəmizin və Təhsil Nazirliyinin ən uğurlu layihələrindən biri də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" layihəsidir.
Teleqraf.com xəbər verir ki, bu layihə nəticəsində yüzlərlə azərbaycanlı gənc xaricdə kifayət qədər prestijli universitetlərdə ali təhsil alıb. Bu layihə çərçivəsində tibb sahəsində xaricdə təhsil alanları xüsusilə qeyd etmək olar. Məhz bu layihənin nəticəsi olaraq kifayət gedər gənc həkim dünyanın müxtəlif universitetlərində rezidentura təhsili alaraq ölkəyə qayıdıb. Onların arasında qardaş Türkiyə respublikasında uzmanlıq təhsili alan gənc həkimlərimizi xüsusilə qeyd etmək yerinə düşərdi.
Lakin xaricdə verilən tibb təhsilini hərtərəfli şəkildə ölkəmizə gətirməkdə bəzi görülməmiş işlər də az deyildir.
Bu məsələ ilə bağlı Türkiyədə Hacəttəpə Universiteti Tibb fakültəsində Pediatriya üzrə tibb mütəxəssisi (uzmanlıq) təhsilini bitirmiş həkim Anar Tağıyevlə həmsöhbət olduq. Daxili xəstəliklər və Pediatriya kimi sahələrdə indi respublikamızda çalışan Türkiyədə təhsil almış uzman həkimlərimizin olduğunu qeyd edən A. Tağıyevin sözlərinə görə, bu həkimlər xəstəlikləri müasir müayinə metodları vasitəsilə zamanında aşkarlamaqla yanaşı, lazım gəldiyi təqdirdə xəstələri daha yüksək ixtisaslı uzmanların yanına (türkcə: yan dal uzmanına) göndərirlər:
“Təəssüflər olsun ki, indi respublikamızda yüksək ixtisaslı tibb mütəxəssisləri, yəni məsələn, endokrinoloq, neonatoloq, allerqoloq, qastroenteroloq və s. kimi sahələrdə daha yüksək ixtisaslı peşəkar həkimlər yox dərəcəsindədir. Cərrahi olmayan sahələrdə uzmanlıq təhsili 4 ildir, yüksək ixtisas təhsili isə bu uzmanlığın üzərinə 3 il əlavə təhsil almaq deməkdir”.
Anar Tağıyev bildirir ki, bir uzman bütün problemlərin öhdəsindən gələ bilməz. Bu səbəbdən daha yüksək ixtisaslı kadrlara böyük ehtiyacımız var:
“Məsələn, bir uşaqda şəkərli diabet və ya revmatoid artrit aşkar edildi və diaqnozu qoyuldusa, müalicəni artıq bir uzman apara bilmir. Bunun üçün yüksək ixtisaslı uzmanlara böyük ehtiyac var və tibdə dünyanın hər yerində ən çox ehtiyac olan sahələr məhz bu tibb uzmanlarıdır. Təəssüflə qeyd edim ki, respublikamızda dövlət proqramı bu sahəni nəzərə almayıb”.
Həmsöhbətimiz yüksək ixtisas uzmanlığını qazanmanın olduqca çətin olduğunu qeyd edir:
“Bu, eyni zamanda daha 3 il çalışıb təkmilləşmək deməkdir. Təbii ki, uzunmüddətli uzmanlıq təhsilindən sonra yüksək ixtisasa imtahan verib girmək və oxumaq çox çətin bir işdir. Hər sahədə, ən azı, bir yüksək ixtisaslı uzmanının yetişməsi respublikamız, eləcə də xalqımız üçün çox vacib məsələlərdən biridir. Hər il maksimum 10-15 nəfər yüksək ixtisas uzmanlığı qazanmaq şansına sahibdir. Bu səbəbdən də belə uzmanların təhsil ehtiyaclarını qarşılamaq dövlətimiz üçün elə də çətin bir yük olmazdı. Bu mütəxəsisslər tələbə deyil, əksəriyyəti ailəli və orta yaşlı uzman mütəxəssislərdir. Misal üçün deyim ki, respublikamızda bir nəfər də olsun Metabolizma, İmmunoloq və ya ən başlıcası da Neonataloq sahələri üzrə yüksək ixtisaslı uzman yoxdur. Yüksək ixtisas təhsili almaq istəyən uzmanlara diqqət ayrılması və onların yaşayış şəraitinin dövlət tərəfindən dəstəklənməsi həm dövlətimiz, həm də millətimiz üçün indiki zamanda önəmli bir addım olardı. Bu sahədə, xüsusən Pediatriyada yüksək ixtisaslı uzmanlara böyük ehtiyac var. Bu təhsil sistemi dünyanın bütün inkişaf etmiş ölkələrində mövcuddur. Bizim səhiyyə sistemimizdə artıq bu sahənin inkişaf etdirilməsinin zamanı çoxdan yetişib”.