Bu məsələnin vaxtı çoxdan çatmışdı. Qarabağ veteranları, əlilləri dəfələrlə bu məsələni qaldırmışdılar.
Bu sözləri Teleqraf.com-a Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Prezident İlham Əliyevin Azərbaycan ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərmanını şərh edərkən deyib.
Onun sözlərinə görə, müharibə veteranları, şəhid ailələri neçə vaxtdır bu məsələnin həllini gözləyirdilər:
“1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə dövlət tərəfindən uyğun müavinət ödənilmirdi. 1997-ci ildən sonra şəhid olanlara, yaralananlara isə ödənilirdi. Belə mübahisəli məsələnin yaranmasına səbəb o idi ki, qanun 1998-ci ildə qüvvəyə minmişdi və deyirdilər ki, bu qanunun geriyə təsiri yoxdur. İndi bu məhdudiyyət aradan qaldırıldı”.
Akif Nağı onu da qeyd edib ki, bu, cəmiyyətdən gələn bir sifariş idi və yerinə yetirildi:
“Çox doğru addımdır. Hesab edirəm ki, hakimiyyət bundan sonra da cəmiyyətin tələblərinə bu səviyyədə yanaşmalıdır”.
Qeyd edək ki, fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat ödəmə veriləcək.