27 Aprel 2018 09:16
1 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırlıq qruplarına qəbul olmuş şəxslərə hərbi xidmətdən möhlət hüququnun verilməsi vacib addımdır.

Bunu Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycan Respublikası prezidentinin təstiq etdiyi Təhsilin inkişafı üzrə dövlət strategiyasında göstərilib ki, təhsil əlçatan olmalıdır:

“Amma hazırda qüvvədə olan qanunvericilik aktları buna maneə yaradır. Nəzərə alsaq ki, Azərbaycanda ali təhsilli şəxslərin sayı azdır, fikrimcə, hazırlıq qruplarına qəbul olmuş şəxslərə hərbi xidmətdən möhlət hüququnun verilməsi vacib addımdır. Azərbaycanın hazırda güclü və çoxsaylı ordusu var. İl ərzində min nəfərə qədər şəxsə möhlət hüququnun verilməsi o qədər də ordunun say tərkibinə təsir göstərməyəcək. Əksinə, ölkədə savadlı kadr potensialının gücləndirilməsinə böyük təsir edəcək”.

Ekspert bildirib ki, 2017-ci ildə Milli Məclisin Elm və Təhsil Komitəsində “Təhsil” haqqında Qanunun 22-ci maddəsinə edilmiş dəyişiklikdə ali məktəblərdə bakalavriat səviyyəsində hazırlıq qruplarının təşkil edilməsi nəzərdə tutulur:

“Azərbaycan ali təhsil sistemində bakalavriat səviyyəsində hazırlıq qruplarının yaradılması ilk növbədə gənclərin universitetə cəlb olunması şəbəkəsini genişləndirəcək. Təhsil haqqında Azərbaycan Respublikası qanununa təklif olunan dəyişikliklər Təhsil Nazirliyinin orta məktəblərdə bu ildən etibarən geniş şəkildə tətbiq edilməsini nəzərdə tutduğu təmayül siniflərinə ziddir. Belə ki, bu təmayül siniflərinin yaradılmasında əsas məqsəd şagirdlərin ali məktəblərə daha keyfiyyətli hazırlığını həyata keçirmək idi. Lakin indi irəli sürülən təklif buna ziddir. Vacib bir məsələni xüsusi ilə xatırladım ki, hazırlıq qruplarında təhsil yalnız ödənişli əsaslarla olacaq və qəbul imtahanlarının nəticələri açıqlanandan sonra plan yeri dolmayan universitetlərdə boş qalan yerlərə uyğun sayda təşkil olunacaq. Xatırladım ki, 2018-ci ildə hazırlıq qruplarına qəbul nəzərdə tutulsa da, bu, cari ildə həyata keçirilməyəcək. Çünki hələ də universitetlər bu pilləyə hazırlığa başlamayıb. Qeyd edim ki, Azərbaycan Respublikasının qanunvericilik aktlarına görə yalnız ali təhsil müəssisələrində əyani təhsil alan bakalavr, magistr və doktoranturada oxuyanlar hərbi xidmətdən möhlət hüququna malikdir. Nəzərə alsaq ki, abituriyentlər 17-18 yaşlarında qəbul imtahanlarında iştirak edir və tələbə adını qazanmadıqda həqiqi hərbi xidmətə çağırılır, bu o deməkdir ki, əgər onlar hazırlıq qruplarına qəbul olsalar, bu zaman 18 yaşları olur və onlar təhsilini davam etdirə bilmir”.

Qeyd edək ki, millət vəkili Aydın Mirzəzadə bildirib ki, gənclərə möhlət hüququnun verilməsi müzakirə olunur. Detallar götür-qoy ediləndən sonra qanun layihəsi Milli Məclisin müzakirəsinə veriləcək.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər