Dünyada inkişaf etmiş sahələrdən biri olan “rent a car” biznesi Azərbaycanda da canlanmağa başlayıb. Bu sahədə çalışanlar müştəri qıtlığından şikayətlənsələr də bildirirlər ki, maşın icarəsi üçün daha çox şirkətlər müraciət edir. Qiymətlər isə icarə müddəti ilə yanaşı, həm də avtomobilin marka və modelinə görə dəyişir. Onu da bildirək ki, “rent a car” istiqamətində artıq peşəkarlaşmışlarla bərabər, pərakəndə fəaliyyətlə məşğul olanlar da var.
Bakıda fəaliyyət göstərən rent-a-car şirkətlərindəki avtomobil çeşidləri, icarə müddəti və ümumi qiymətləri tıqdim edirik:
1 günü 30 manata olan avtomobil
İnşaatçılar prospekti 80 ünvanında yerləşən “Azrent” şirkəti 20-yə yaxın avtomobil modelini icarəyə verir. Burada ödəniş icarə müddətindən, eyni zamanda avtomobilin marka və modelindən asılı olaraq dəyişir. Belə ki, icarə müddəti 2-6 günlük olarsa 1 günün icarə qiyməti 45-300 manat, 7-14 günlük olarsa 40-250 manat, 15-25 günlük olarsa 35-200 manat, 30 gün və daha uzun müddətlik olarsa 30-150 manat arası dəyişir. Depozit olaraq 300 manat tələb olunur. Burada əlavə olaraq sürücü xidmətindən istifadə etmək istəsəniz, şəhəriçi üçün 20 manat, rayonlara səfər üçün isə 50 manat ayrıca ödəniş edilməli olacaq.
400 manat depozit tələb olunur
Nərimanov prospekti 205 ünvanında fəaliyyət göstərən “Aznur” şirkətində 30 növ müxtəlif marka və model avtomobil icarəyə verilir. Bu avtomobillər sedan, cip və mini avtobus tipli olmaqla müxtəlif qruplara bölünür. “Aznur”da icarə edilən hər avtomobil üçün standart olaraq 400 manat depozit tələb olunur. Təklif olunan avtomobillərin icarə müddəti 2-3 günlük olarsa 1 günün icarə qiyməti 39-174 manat, 4-7 günlük olarsa 35-153 manat, 8-15 günlük olarsa 31-136 manat, 16-30 günlük olarsa 26-109 manat, 30 və daha çox günlük olarsa 22-95 manat arası dəyişir. “Aznur” şirkəti istirahət günlər üçün də avtomobil icarəyə verir. Belə ki, həmin günlər üçün icarə qiymətləri avtomobilin marka və modelindən asılı olaraq 65-239 manat arası dəyişir.
Ən az 2 günlük icarəyə götürmək olar
Əhməd Rəcəbli 49A ünvanında yerləşən “Automile” şirkəti smart, sedan, cip və mini avtobus tipli 40 yaxın müxtəlif marka və model avtomobillərin icarəsini gerçəkləşdirir. Burada minimal icarə müddəti 2 gündür. İcarə qiymətləri günlük olaraq və avtomobilin marka və modelindən asılı olaraq dəyişir. Belə ki, icarə müddəti 2-3 günlük olarsa 1 günün qiyməti 40-280 manat, 4-7 günlük olarsa 35-260 manat, 7-15 günlük olarsa 32-210 manat, 16-30 günlük olarsa 28-200 manat, 30 və daha çox günlük olarsa 25-200 manat arası dəyişir. Bu şirkət xidmətlərindən əsasən toy və ya korporativlərdə bayram korteclərində, şirkətlərin qonaqları və ya tərəfdaşlarını qarşılaması, işgüzar səfərlər, konfranslar zamanı xidmət göstərmək, ailəvi istirahətlər, şəhər üzrə turistik səfərlər və ekskursiyalar və şəxsi avtomobili nasaz vəziyyətdə olan, avtomobilsiz olanların rahat hərəkət etməsi üçün istifadə edilir. Burada depozit 200 manatdır.
Sürücü xidməti üçün əlavə 50 manat
İzzət Orucov küçəsi 18 ünvanında yerləşən “Car Hire Baku” şirkətində icarəyə verilən avtomobillər ekonom klass, biznes klass, yolsuzluq, VIP klass və avtobuslar olmaqla 5 hissəyə bölünür. 17 cür müxtəlif marka və model avtomobil ekonom klassda, 5 avtomobil biznes klass üzrə, 29 çeşiddə yolsuzluq növü üzrə, 18 avtomobil VIP klass üzrə, 30 avtomobil isə avtobus növü üzrə təklif olunur. Ekonom klass növü üzrə təklif olunan avtomobillərin 1 günlük icarə qiyməti həmin avtomobilin marka və modelindən asılı olaraq 28-65 manat arası dəyişir. Bu qiymətlər biznes klassda 80-120 manat, yolsuzluq növündə 37-400 manat, VIP klassda 180-450 manat, avtobuslarda isə 80-300 manat arası dəyişir. Burada hər avtomobil üçün 200 manat depozit tələb olunur. İcarəyə götürülən avtomobil ilə bərabər sürücü də tələb olunarsa, əlavə ödəniş 50 manat olacaq.
Yalnız 10 saat və şəhəriçi
Tbilisi prospekti 1058 ünvanında fəaliyyət göstərən “Rent & Drive” şirkəti 20-dən çox sedan, cip və mini avtobus tipli müxtəlif marka və modeldə avtomobil icarəyə verir. Sedan tipli avtomobillərin 1 günlük icarə qiyməti 33-45 dollar arası, cip tipli avtomobillərin 1 günü 47-60 dollar arası dəyişir, mini avtobusların 1 günlük icarəsi qiyməti isə 60 dollardan başlayır. Tepozit olaraq 300 manat tələb olunur. Əlavə olaraq sürücü xidmətindən istifadə edilərsə ümumi məbləğin üzərinə 50 manat da gələcək. Şirkətdən bildirdilər ki, əlavə sürücü xidməti üçün tələb olunan 50 manat yanlız 10 saat və şəhəriçi üçün nəzərdə tutulub. Rayonlara səfər olarsa bu zaman məsafəyə görə qiymət dəyişir.
Bu rent-a-car’da 850 avtomobil var
İsmayıl bəy Qutqaşınlı küçəsi 50 ünvanında yerləşən “Avis” rent-a-car şirkəti 850 çeşid müftəlif marka və modeldə avtomobil icarəyə verir. İcarə müddəti minimum 1 gün, maksimum isə 3-4 ildir. Avtomobillərin 1 günlük icarə qiymətləri isə 43-162 dollar arası dəyişir. Depozit olaraq isə 300 dollar tələb olunur. Bu şirkət sürücü xidməti də təklif edir. Aldığımız məlumata görə, sürücü xidməti üçün əlavə ödəniş günlük 35 dollardır. Bu halda sürücü həftə içi saat 9:00-dan 18:00-a, həftə sonu isə 9:00-dan 14:00-a qədər çalışır. Bu müddətdən artıq çalışması lazım olduğu halda isə hər saat 10 dollardan hesablanır.
1 günü 23 min manata
Mehdi Mehdizadə küçəsi 1208 ünvanında yerləşən “Rent a Car Baku” şirkəti ekonom klass, biznes klass, yolsuzluq avtomobili, VIP klass və avtobus-mikroavtobus növləri üzrə 40 yaxın müxtəlif marka və modeldə avtomobil icarəyə verir. Ekonom klass avtomobillərin 1 günlük icarə qiyməti 45-60 manat, 1 həftəlik qiyməti 280-350 manat, 1 aylıq qiyməti isə 750-1000 manat arası dəyişir. Biznes klassda isə 1 günlük icarə qiyməti 70-350 manat, 1 həftəlik 420-2000 manat, 1 aylıq isə 1200-7500 manat arası dəyişir. Yolsuzluq avtomobili kimi isə sadəcə “Toyota Prado150 R” təklif olunur. Bunun da günlük icarə qiyməti 200 manat, həftəlik 1260 manat, aylıq isə 3500 manatdır. VIP klass üzrə təklif olunan avtomobillərdə qiymətlər qismət yüksəkdir. Belə ki, bu avtomobillərin günlük icarə qiyməti 200-1800 manat, həftəlik 1250-10 min 500 manat, aylıq isə 3500-23 min manat arası dəyişir. 1 aylıq qiyməti 3500-23 min manat arası dəyişən avtomobillər “Chevrolet Camaro”, “Porshe Panamera”, “Bentley Contınental Coupe”, “AUDI R8” və “Rolls-Royce Ghost” markalarıdır. Avtobus-mikroavtobus tipli avtomobillərin 1 günlük icarəsi 120-250 manat, 1 həftəlik 630-1400 manat, 1 aylıq isə 1800-4500 manat arası dəyişir. Bütün avtomobillər üçün depozit olaraq 200 manat tələb olunur. Sürücü xidmətində istifadə edilərsə əlavə 30 manat ödəniş edilməlidir.
“İstədiyiniz avtomobil bizdə olmasa sifarişlə gətirdirik”
Yasamal rayonu ərazisində yerləşən “Karavan Rent a Car in Baku” şirkəti müxtəlif marka və modeldə 20-yə yaxın avtomobil icarəyə verir. Şildirdilər ki, arzu edilən avtomobil bu şirkətdə olmasa sifarişlə də təşkil edə bilirlər. Burada 1 günlük icarə qiyməti 30-3500 dollar arası dəyişir. Depozit qiyməti 300 dollardan başlayır. Əlavə olaraq sürücü xidmətindən istifadə edilərsə həftə içi səhər saat 9:00-dan 18:00-a qədər olan ödəniş 20 dollardır.
Depozit 150 manatdır
Həsən Əliyev 1 ünvanında yerləşən “Car-Rent” şirkəti 50-yə yaxın müxtəlif növ marka və modeldə avtomobil icarəyə verir. Məlumata görə, burada ekonom klassa aid avtomobillərin 1 günlük icarə qiyməti 50-70 manat, biznes klassa aid olanlarda isə 70-110 manat arası dəyişir. Depozit olaraq isə 150-200 manat tələb olunur. Əlavə olaraq sürücü xidmətindən istifadə etsəniz ayrıca 40 manat ödəniş etməlisiniz.
Bu rent-a-car’da sürücü xidməti 20 manatdır
Baş ofisi “Caspian Plaza”da yerləşən “Nascar” şirkəti 250-yə yaxın müxtəlif marka və modeldə avtomobil icarəyə verir. Burada 1 günlük icarə qiyməti 55-2800 manat arası dəyişir. Avtomobillər ekonom, biznes, VIP klass, yolsuzluq və avtobus növləri üzrə təklif olunur. Məlumata görə, burada 1 günlük depozit qiyməti 300 manatdır. Əlavə olaraq sürücü xidmətindən istifadə edilərsə ayrıca 20-50 manat arası ödəniş edilməli olacaq. Təqdim olunan sürücü xidmətinin qiyməti şəhəriçi üçün nəzərdə tutulub. Rayonlara səfər nəzərdə tutularsa məsafədən asılı olaraq bu qiymət dəyişir.
Qeyd edək ki, xidmət və qiymətlərdən əlavə, bütün rent-a-car şirkətlərinin şərtləri eynidir. Bu şirkətlərdən avtomobil icarəyə götürənlərin minimum 2 il sürücülük təcrübəsi olmalıdır; xarici vətəndaşların mütləq etibarlı beynəlxalq sürücülük vəsiqəsi olmalıdır; icarəçi etibarlı şəxsiyyət vəsiqəsini, müvəqqəti qeydiyyatdan keçmiş xarici vətəndaşlar müvəqqəti yaşayış icazəsi vəsiqəsini, qonaq və turistlər isə pasportlarını təqdim etməlidirlər; “Prestigious”, “Luxury”, “4x4” sinifli avtomobillər üçün yaş məhdudiyyəti var; icarəçinin yaşı 23 yaşdan çox olmalıdır.