Aydın İsmiyev: “Bu cür pansionat tipli yerlər bizə görə deyil”
Səyahət zamanı çoxunu bir sual düşündürür - harada qalmalı? Otel haqlarının baha olması insanları səyahətdən çəkindirsə də, çıxış yolu həmişə var. Oteldən ucuz - hostel xidməti.
Əvvəla bildirək ki, hostel az büdcə ilə səyahət edən səyyahlar, şagirdlər, tələbələr üçün ucuz qalmaq imkanı təmin edən kiçik otel, yataqxana anlamına gəlir. Keçmiş sovet dönəmində Rusiyada sanatoriya mərkəzlərinin yerləşdiyi Kislovodsk, Yessentuki, Minvodı kimi şəhərlərdə hostel biznesi dəb halını almışdı. Baxmayaraq ki, sanatoriyalarda müalicə ilə bərabər həm də gecələmək də mümkün idi, lakin səyahətçilər ucuz və komfort baxımından hostellərdə qalmağa üstünlük verirdilər.
Turist cəlb etmək istəyən bir çox ölkələrin bu istiqamətdə atdığı addımlardan biri də məhz hostel tikmək olur. Amma Azərbaycanda aidiyyəti qurumlar bu imkandan yararlanmaqda maraqlı görünmürlər.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev Azərbaycanda hostellərin yaradılmasını məqsədəuyğun saymır: “Hostel gecələmək üçündür. Bu cür pansionat tipli yerlər bizə görə deyil. İndi bütün dünyada apartamentlər, yəni istirahət üçün nəzərdə tutulmuş mənzil tipli yerlər daha geniş yayılıb. Bizdə çoxlu yeni tikilmiş binalar var ki, onlardan bu məqsədlə istifadə etmək olar. Onların sahəsi də böyükdür”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də Azərbaycan I Avropa Yay Olimpiya oyunlarına hazırlıq çərçivəsində 3 ulduzlu otellərin inşaat işlərinə başlanıldığını demiş, kütləvi hostel tikintisinə üstünlük verilməyəcəyini açıqlamışdı: “Hostel şəbəkəsi ən ucuz turizm təbəqəsi üçün olan layihədir. Belə ki, hostellərdə bir otaqda 4-5 nəfər qalmaqla bir sanitar qovşaqdan istifadə qaydaları nəzərdə tutulur. Biz buna üstünlük vermirik. Amma belə layihələr var. Bununla bağlı bizə 2 müraciət olub. İstəyirlərsə, etirazımız yoxdur. Amma kütləvi şəkildə bu cür hostellərin tikilməsinə üstünlük verməyəcəyik”.
Gəncədə hostel tikiləcək
Gənclər və İdman Nazirliyində isə əksinə olimpiya oyunları zamanı qonaqların yerləşdirilməsi üçün hostellərin tikilməsinin planlaşdırıldığını dedilər. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, tez bir zamanda inşa olunan hostel tikintisi təcrübəsi dünyanın bir çox ölkələrində var və çoxsaylı turistlərin yerləşdirilməsi üçün önəmli vasitə olduğundan bununla bağlı artıq təkliflər hazırlanıb.
Hostellərə daha çox bölgələrdə ehtiyac olduğunu nəzərə alıb, turistlərin ən çox üz tutduğu şəhərlərimizdən olan Gəncədəki vəziyyətlə maraqlandıq. Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən dedilər ki, Gəncənin 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar hostellərin tikilməsi nəzərdə tutulub. Hostel tikintisi ilə bağlı layihəyə bu ilin sonuna qədər başlanacağını dedilər.
Digər bölgələrə gəlincə, bu istiqamətdə rəsmi qaydada hər hansı addım atılmasa da, əhali tərəfindən turizmin bu sahəsinə maraq az deyil. Məsələn, Quba, Xaçmaz, Masallı, Naftalanda həyətyanı sahəsində ayrıca evlər tikib kirayə verənlər az deyil. Bu hostel xidməti sayılmasa da, ona yaxındır.
Əslində isə hostel xidmətinə görə vergi ödənməlidir. Rayonlarda qeyri-qanuni olaraq sahə müvəkkilinə mövsümöncəsi “hörmət ” etməklə bu fəaliyyətlərini reallaşdırırlar. Bu kirayə evlər isə heç də ucuz olmur. Şəraitdən asılı olaraq sahibkar evini istədiyi qiymətə kirayə verir.
Ulduzlu otellər turistlər üçün deyil
Turizm üzrə mütəxəssis Elçin Qarayev deyir ki, hostellər bütün dövrlərdə prestijli şəhərlər üçün qəbul olunmayan xidmət növü sayılıb: “Faktiki olaraq əksər şəhər merləri bu xidmətdən boyun qaçırıblar. Amma turist marağında olan ölkələr bu sahənin inkişafına böyük önəm verirlər. Götürək, Gürcüstan təcrübəsini. Burada mərkəzdə 20, kənarda isə bir gecəsi 10-12 manata isti-soyuq su ilə təchiz olunmuş, kondisionerli hostel tapmaq mümkündür. Turist qarşılamağın nə olduğunu yaxşı bilən yerli sakinlər hostel biznesini qurmaqla qazanc əldə edirlər”.
Ekspert deyir ki, bu işi birbaşa dövlət üzərinə götürməsə də, təşviq proqramları çərçivəsində bu sahədə inkişafa nail olmaq olar: “Hazırda hətta regionlarda da dünyaca məşhur otellər tikilir. Əslində isə turizmin inkişafı üçün mütləq ucuz otellərin və hostellərin yaradılması təşviq olunmalıdır. Bahalı otellər turistlərin cibinə uyğun deyil”.
Yerli turizm orqanları və icra strukturlarının birgə fəaliyyəti ilə bu sahədə uğur qazanmağın mümkün olduğunu deyən ekspertə görə, bölgələrdə hostel xidməti daha məqbuldur.
Heç yerli vətəndaşlar üçün də deyil
İqtisadçı ekspert Əli Əlirzayev də otellərdə bir gecəlik qiymətin 300-1500 manat arasında dəyişdiyini deyərək, hostellərə ehtiyac olduğunu bildirdi: “Araşdırmalar göstərir ki, xaricdə 2 və 3 ulduzlu otellərin sayı çox olsa da, Azərbaycanda məşhur otel brendlərinin olmasına çalışırlar. Hostellərin açılmasına isə, ümumiyyətlə maraq yoxdur. Sahibkar əslində bu sahədə öndə gedən ölkələrin təcrübəsindən yararlanmalıdır. Sahibkarlar 1 və 2 ulduzlu hotellərin inşasına üstünlük verməli, təklif edilən xidmətlərin çeşidini genişləndirməli və qiymətləri aşağı salmalıdır. Sahibkarlar əsasən ulduzların sayını çoxaltmaqla qiymətləri artırmağa üstünlük verir. 4-5 ulduzlu otellər yerli vətəndaşlar üçün deyil, əsasən xarici turistlər və iş adamları üçün münasibdir. Bu da daxili turizmə mənfi təsir göstərir”.
Naibə