Azərbaycan Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətai haqda araşdırmalar aparan Tufan Gündüzün müsahibəsini oxudum. Ona ünvanlanan suallardan aydın olur ki, onlar Şah Xətainin efirdə aşağılanmasını istəyirlər.
Teleqraf.com xəbər verir ki, bunu tarixçi-alim Dilavər Əzimli deyib.
O qeyd edib ki, Tufan Gündüz əlində olan Osmanlı mənbələrinə əsasən Şah Xətainin aşağılanmasına yol verib:
“Hesab edirəm ki, ona bunu sifariş ediblər. Çünki indiyənə qədər bu cür cılız çıxış etməmişdi. Tufan Gündüz bildirir ki, Şah Xətai sünni qətliamı törətdi və Xorasandan tutmuş, Mərvə qədər və bütün səfəvi ərazilərində sünniləri qırdırdı. Ondan soruşmaq istəyirəm ki, bunu hansı mənbədən götürüb? Səfəvilərin ən mötəbər mənbələrində belə ifadələr yoxdur. Sadəcə olaraq, Şah Xətai taxta çıxanda and içərkən ona deyirlər ki, İmamiliyin qəbulu Təbrizdə etirazla qarşılana bilər. O da əli ilə qılıncını göstərib deyir ki, “bu qılınca onlara göstərərəm”. Bundan savayı heç nə yoxdur.
Əgər Şah İsmayıl sünniləri qırdırdısa, onda Ərdəbil yaxınlığında - Astara şəhərində nə əcəb sünni qaldı, yaxud onun iqamətgahının olduğu indiki Ağdaş rayonunda sünnilər nə əcəb salamat qaldılar? Yaxud fars vilayətlərində sünnilərə niyə toxunulmadı? Dövlətə qarşı çıxan istər sünni, istərsə də şiə cəzalanmalıydı.
O zaman Şah Xətai ona qarşı çıxan Mazandaran və Gilan şiələrini də cəzalandırdı. Ümumiyyətlə, Səfəvi mənbələrində şiə sözü keçmir. İsna-əşari, yaxud İmamiyyə sözü keçir, yəni, 12 imamçılıq. Bu imamlar istər şiələrdə, istərsə də sünnilərdə müqəddəs qəbul edilirlər. Şah İsmayıl öz “Divan”ında bunu aydın göstərir. Özünün cəfəri məzhəbinə yaxın olduğunu vurğulamaqla, yolunun əhli-beyt yolu olduğunu qeyd edir. Bəyəm Türkiyədə əhli-beyti sevmirlər? Təəssüf etdim”.
Dilavər Əzimli qeyd edib ki, Azərbaycanda Osmanlı sultanlarını bir türk hakimiyyətinin daşıyıcıları kimi sevirlər: “Onlar bizə çox əzizdir. İkinci yerdə isə dini münasibətlər gəlir. Unutmasınlar ki, tarixə, xüsusilə orta əsrlərə dini münasibətdən yanaşma kökündən səhvdir və bu, iki qardaş dövlət arasında ziddiyyətlər yaratmağa xidmət edir.
Biz buna kəskin etiraz edirik və onlara tarixi reallığı əks etdirməyən bu cür verilişlər düzənləməkdən yan keçməyi tövsiyə edirik. Onu da unutmasınlar ki, Şah Xətai Azərbaycanda milli bir dövlətin və Böyük Azərbaycanın yaradıcısı və sufi şair kimi qəbul edilir, sevilir. Onun müqəddəslik simvollarından biridir. Bu cür yanlış verilişlər həm də bu insanlara qarşı hörmətsizlikdir”.