Bakı şəhər sakini Kəmalə Əsgərova 20 nömrəli məktəb-liseydə təhsil alan oğlunun və özünün təhqir edildiyini bildirir.
Bu barədə o, Teleqraf.com-a şikayət məktubunda qeyd edib.
Əslən bakılı olan Kəmalə Əsgərovanın sözlərinə görə, uzun müddət Avropada yaşayıb: “Belçikadan Bakıya təzə köçmüşük. Övladımı doğma vətəndə oxutmaq istəyirəm. Oğlum Bakı şəhəri 20 nömrəli məktəb-liseydə təhsil almağa başladı. Bir-iki ay bundan əvvəl bir qadın evə zəng etdi ki, siz özünüz həmişə valideynlər iclasında tərbiyədən danışırsız, amma siz və uşağınız tərbiyəsizdir.
Mənə kobud şəkildə bildirdi ki, “siz haradan çıxıb gəldiz bizim məktəbə”. Ondan özünü təqdim etməyini istədim, amma boyun qaçırdı. Oğlumun sinif rəhbərinə zəng vurdum. Məlum oldu ki, oğlum yanında oturduğu sinif yoldaşı olan qızın üstünə bilmədən qələm pastası töküb.
Təklif elədim ki, pasta hara, nəyə tökülübsə, ya yuduzdurum, ya da təzəsini alım, məsələ həll olunsun. Bunu uşağım eşitdi və ağlamağa başladı. Onu başa saldım ki, sən düz iş görməmisən, amma ağlama”.
Valideyn deyir ki, 20 nömrəli məktəb-liseyin Təlim-tərbiyə işləri üzrə direktor müavini Kainat İbrahimova ilə əlaqə saxlayıb: “O dedi ki, zəng edib məni təhqir edən Gülnar adlı xanım məktəbdəki uşaqların birinin valideynidir. Xahiş etdi ki, məsələni unudaq.
Amma valideynlər iclasında həmin qadınla üz-üzə gəldik. Məlum oldu ki, o, valideynlər komitəsinin sədridir. Mən uşaqların ekskursiya təklifini verəndə qayıtdı ki, demişəm və deyəcəm, sən və oğlun tərbiyəsizdir. Yenidən Kainat İbrahimovaya zəng etdim və bildirdim ki, 20 nəfərin içində xanım həmin cümləni işlədərək mənim şərəf və ləyaqətimi təhqir edib. Məsələ barədə ölçü götürün. Mən bu dəfə keçməyəcəm”.
Kəmalə Əsgərova deyir ki, məsələ barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın qəbuluna yazılıb: “Sədaqət xanım məni yüksək səviyyədə qəbul etdi. Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdim.
Həmin xanım məni təhqir etdiyi üçün hüquq-mühafizə orqanlarına da müraciət etmişəm. Mən istəyirəm ki, mənim və övladımız tərbiyəsizliyi sübut göstərilsin. Əks halda həmin qadın cəzalandırılsın”.
Məsələ barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Təhsil Nazirliyinə məktub göndərib.