1 İyun 2018 22:25
1 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin Azərbaycan hakimiyyətinə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş kütləvi vətənpərvərlik tədbirləri aylığının təntənəli açılış mərasimi olub.

Teleqraf.com xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Layihənin müəllifi, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçiriləcək hərbi vətənpərvərlik aylığının məqsədi, mahiyyəti və proqramı barədə ətraflı məlumat verərək bildirib ki, tədbirlərdə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında, eləcə də müstəqil Azərbaycan Respublikasının ordu quruculuğunda müstəsna xidmətləri bir daha xatırlanacaq, şəhər və rayonlardakı Heydər Əliyev mərkəzləri, muzey və abidələr, həmçinin Şəhidlər xiyabanları ziyarət ediləcək, Silahlı Qüvvələrimizin tarixinə nəzər salınacaq, görkəmli hərbçilərin xatirələri yad olunacaq, elm, ədəbiyyat, incəsənət xadimləri, Böyük Vətən müharibəsi, Əfqanıstan və Qarabağ müharibəsi veteranları ilə görüşlər keçiriləcək, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, Həzi Aslanov adına Mərkəzi və Gəncə Qarnizonu Zabitlər Evlərinin yaradıcı kollektivlərinin, incəsənət ustalarının cəbhə bölgələrinə səfərləri təşkil ediləcək, hərbi vətənpərvərlik mövzusunda çəkilmiş sənədli və bədii filmlər nümayiş olunacaqdır.

Nəzərə çatdırılıb ki, Müdafiə Nazirliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq teatrlaşdırılmış, kinolaşdırılmış kütləvi vətənpərvərlik bayramına on mindən çox rayon sakini, hərbi qulluqçu və qonaqların qatılacağı gözlənilir.

Şəmkir, Göygöl, Qusar, Xaçmaz, Salyan, Lerik və digər rayonlarda “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” adlı ədəbi-bədii gecələr, “Azərbaycan Xalq Cümhuriyyətinin Döyüş Bayrağına düzlən!” devizi altında bədii-təşviqat marafonu keçiriləcəkdir.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev mərasim iştirakçılarını Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayaraq qeyd edib ki, ölkəmizdə gənc nəslin Heydər Əliyev ideyaları əsasında, vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimizə, şanlı hərb tariximizə sədaqət istiqamətində tərbiyə edilməsi, formalaşdırılması günümüzün aktual mövzularındandır. Bu məsələyə dövlət rəhbərliyi səviyyəsində xüsusi önəm verilir və ardıcıl, məqsədyönlü iş aparılır.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, nəinki birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də yerli icra hakimiyyəti orqanları ilə birlikdə rayonlarda mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilir və hər bir vətəndaş, hər bir əsgər Ali Baş Komandanın əmrlərinə daima hazır olmağa istiqamətləndirilir.

General-mayor R.Əliyev əmin olduğunu bildirib ki, kütləvi vətənpərvərlik tədbirləri aylığı da Vətənə, dövlətə, xalqa, ordumuza, eləcə də Heydər Əliyev ideyalarına sədaqətin təntənəsinə çevriləcəkdir.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov ulu öndər Heydər Əliyevin xalqın tələbi və xahişi ilə 1993-cü ildə Azərbaycan hakimiyyətinə qayıdışını əsl vətənpərvərlik nümunəsi, xilaskarlıq missiyası kimi dəyərləndirib.

“Bu qayıdış təlatümlər qoynunda yelkənsiz qayıq kimi çırpınan doğma Azərbaycanımızı parçalanmaq təhlükəsindən, Vətənimizi vətəndaş müharibəsi, müstəqilliyini yenicə bərpa etmiş dövlətimizi isə çevriliş cəhdlərindən xilas etdi, ölkəmizin ordu quruculuğunda yeni bir mərhələnin bünövrəsini qoydu. Azərbaycan əsgəri öz Ali Baş Komandanını ön səngərdə gördü. O böyük dahidən, qətiyyətli sərkərdədən xeyir-dua alaraq üzərində “Heydər Əliyev uğrunda irəli!” sözləri yazılmış tanklarla, zirehli texnikalarla döyüş meydanlarına atıldı. Qarabağ müharibəsi tarixinə “Horadiz əməliyyatı” kimi düşmüş döyüş əməliyyatları zamanı Füzuli və Cəbrayıl rayonlarının 20-dən çox yaşayış məntəqəsi düşməndən azad edildi.

2016-cı ilin aprel ayında isə bu qələbə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə təkrarlandı. Bu gün xalqımız və ordumuz Ulu Öndərin hakimiyyətə qayıdışının 25-ci ildönümünü və Silahlı Qüvvələrin yaranmasının 100 illik yubileyini qazanılmış yeni-yeni uğur və nailiyyətlərə qarşılayır”, - millət vəkili Elman Nəsirov deyib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru, yazıçı-jurnalist Rəşad Məcid Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin tarixində müstəsna xidmətlərindən, Azərbaycan Ordusunun regionun ən güclü ordularından biri, həmçinin Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin yüksək səviyyədə olmasından qürurla söhbət açıb.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müduri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, filologiya elmlər doktoru, professor Asif Rüstəmli tez-tez hərbi hissələrdə olmasından, ordumuzun qüdrətindən, şəxsi heyətin hər an Ali Baş Komandanın əmrlərinə müntəzir olmasından iftixar hissi ilə danışıb.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin kafedra müdiri, hüquq elmləri doktoru, professor Məhəbbət Dəmirçiyeva ordu ilə xalqın indiki kimi heç vaxt belə sıx əlaqələrinin olmadığını deyib və Azərbaycan Ordusunda keçirilən “Açıq Qapı” günlərində, digər kütləvi tədbirlərdə iştirakını yada salaraq hərbi vətənpərvərlik aylığı çərçivəsində keçiriləcək tədbirlərin də yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, Qarabağ müharibəsinin iştirakçısı Mikayıl Zeynalov UNEC-in professor-müəllim və tələbə heyətinin də bu aksiyaya qoşulduğunu, rektor Ədalət Muradov başda olmaqla bir qrup professor, müəllim və tələbənin bu yaxınlarda cəbhə bölgələrinə səfər edəcəklərini nəzərə çatdırıb.

Sonda Azərbaycan Respublikasının Əməkdar Artistləri Nuriyyə Hüseynova, Aybəniz Haşımova və bülbüllərinin, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi yaradıcı heyətinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant xorunun iştirakı ilə “Milli Qurtuluşdan Zəfərə doğru” adlı ədəbi-musiqili-xoreoqrafik kompozisiya təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər