İslam Əməkdaşlıq Təşkilatlı (İƏT) Gənclər Forumu Ramazan ayı iftar mərasimi və təşkilatın fəaliyyətinin təqdimatı ilə bağlı dünən tədbir təşkil edib. Mərasimdə müsəlman ölkələrinin Bakıda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, Azərbaycanın dövlət və ictimai qurumları, təhsil və media nümayənləri iştirak etmişlər.
Teleqraf.com-un məlumatına görə, Gənclər Forumunun 57 İƏT ölkəsini əhatə edən beynəlxalq layihələri barədə tanıtım filminin nümayişindən sonra Forum sədri səfir Elşad İskəndərov rəhbərlik etdiyi təşkilatın son bir ildə gördüyü işlər haqda məlumat verib:
“Forumun əsas fəaliyyət istiqamətlərindən birinin həmrəylik olduğunu nəzərə alsaq, ilin ən mühüm hadisəsi bu ilin aprelində Bakıda Azərbaycan hökumətinin ev sahibliyi ilə keçirilən İƏT Gənclər və İdman Nazirlərnin 4-cü sessiyasını, eləcə də İƏT tarixində ilk dəfə qəbul edilən Gənclər Strategiyasını qeyd etməliyik.
Bu strategiyanın vacibliyi hər şeydən öncə onun əməli həmrəylik üçün fundament rol oynamasındadır. Nazirlərin Bakı görüşündə, eləcə də Ortaq Gənclər Fəaliyyət Planı sənədi qəbul edilib ki, bu sənəd İƏT məkanında konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur”.
Elşad İskəndərov çıxışında Forumun 2004-cü ildə Azərbaycan hökumətinin dəstəyi ilə Bakı şəhərində təsis assambleyası, 2006-cı İstanbulda Türkiyə və Azərbaycanın birgə dəstəyi ilə baş qərargahının təsis edilməsi, eləcə də 2010-cu ildə Azərbaycan hökumətinin təşəbbüsü ilə təşkilatın Bakıda diplomatik status verilməklə Avrasiya üzrə Regional Mərkəzinin yaradılmasından da söz açıb.
İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov çıxışında Forumun həyata keçirdiyi beynəlxalq layihələr - Sivilizasiyaların Alyansı uğrunda Qlobal Gənclər Hərəkatı, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası, İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası, İƏT Gənclər Paytaxtı, İƏT Start-up platforması, İƏT ölkələri üzrə ilk Gənclər Hesabatı, İƏT Gənclər Yay Düşərgələri, bu proqramlar çərçivəsində keçirilən mədəni və maarifləndirici tədbirlər barədə iştirakçıları məlumatlandırıb.
Tədbirin sonunda bu illər ərzində İƏT Gənclər Forumu ilə yaxından əməkdaşlıq etmiş diplomatik nümayəndəliklər və yerli qurumlar Forum tərəfindən xatirə hədiyyələri ilə təltif ediliblər.