3 yanvar 1919-cu ildə İstanbulda Azərbaycanın Parisə göndərdiyi nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşovla İsveçin İstanbuldakı səfiri K.Anxarşvörd ilə görüşü baş tutur.
Söhbət zamanı Əlimərdan bəy səfirə bildirir ki, bizim İsveçlə indi də əlaqələrimiz var və bu əlaqələri Bakı ilə ölkəniz arasında Nobel qardaşları qurub. Onların qeyrəti sayəsində Bakıda neft işi inkişaf edir və bizdə xeyli isveçli qulluq edir. Cavabında Anxarşvörd “bu əlaqələri möhkəmləndirmək gərəkdir” söyləyir.
Bu faktlar professor Ədalət Tahirzadə ilə bəndənizin “Azərbaycan Cümhuriyyəti. Qısa tarixi oçerk” kitabındandır. Kitabın yazılmasında məqsəd Azərbaycan Cümhuriyyətini isveçlilərə tanıtmaq idi.
Bir qədər geriyə gedək.
***
Ötən ilin sonlarında professor Ədalət Tahirzadə Azərbaycan Cümhuriyyəti haqqında qısa tarixi oçerk kitabının yazılması və bunun İsveç və Danimarka dillərinə tərcüməsi ilə bağlı təklif aldığını söylədi və bu layihəyə məni də cəlb etdiyini bildirdi. Professora bizə göstərdiyi bu dəyərə və etimada görə təşəkkür edib, layihədə böyük həvəslə işləyə biləcəyimi söylədim. Beləliklə, mövzular bölüşdürüldü və qısa bir vaxt ərzində kitab ərsəyə gəldi. Ardınca Səadət Kərimi kitabı İsveç dilinə, Güllü Cahangirova isə Danimarka dilinə tərcümə etdi. İsveç Azərbaycan Federasiyası isə kitabın çapını üzərinə götürdü.
Kitabın nəşrindən sonra yenə federasiya tərəfindən əsərin təqdimatı, eləcə də cümhuriyyətimizin yüz illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün İsveçin iki şəhərinə dəvət edildik.
Səfərimiz mayın 23-də İsveçin ikinci böyük şəhəri olan Göteburqla başladı.
***
Göteburq XVII əsrdən etibarən inkişaf etməyə başlayıb. Şəhər Skandinaviyada ən böyük limanlardan birinə sahibdir, 20 km-lik uzunluqdadır. Şəhər iki əsas meydandan ibarətdir: Mədəni mərkəz olan Götaplatsen və rəsmi və biznes binalarının olduğu Gustav Adolfs Torq. Bu iki mərkəzi birləşdirən küçə Kungsportsavenyn adlanır.
Şəhərdə ilk xoşumuza gələn havası oldu. Ciyərdolusu hava almaq Bakıda mümkün olmasa da, hər tərəfi ağaclıqla bürünmüş şəhərdə bunu hiss etmək təbii idi.
Səfərimizin birinci günü Göteburqda Azərbaycan Evi tərəfindən Cümhuriyyət tədbiri və kitabımızın imza günü oldu.
Birliyin sədri Eldar Qaradağlının çıxışından sonra Cümhuriyyətimizin tarixi ilə bağlı təqdimatımız oldu, ardınca iştirakçıların sualları cavablandırıldı.
***
Növbəti gün şəhərlə tanışlıq imkanımız oldu. Şəhərdə insan bir şeyə əmin olur: Ümumi harmoniya, mükəmməl sistem var, hər kəs buna əməl edir, kənara çıxmalar mümkün deyil. Əsla maşın siqnalı eşidilməz, çünki bu, vətəndaşa qarşı təhqir hesab edilir. Şəhərdə velosiped yolları xətlərlə ayrılıb, əsas ictimai nəqliyyat avtobus və tramvaydır. Metronun vəzifəsini tramvay həyata keçirir.
Şəhər Bakı kimi dəbdəbəli deyil. Paytaxta da eyni şeyi müşahidə etdik. İsveçlilər sadə düzənə önəm verir, bizə verilən məlumata görə bu sadəlik onlarda dəyər hesab edilir.
İsveçlilər rahatdır. Çünki dövlət onlara bu rahatlığı yaradıb. Elə bir sistem qurulub ki, vətəndaş doğulduğu andan ölənədək, başına gələ biləcək faciəli anlarda da tam dövlət qayğısı ilə əhatə olunub. Sistem kənardan buraya gələn qaçqınları da məcbur edir ki, ən qısa zamanda cəmiyyətə inteqrasiya olunsunlar, müəyyən peşəyə yiyələnsinlər. Ona görə də, obrazlı şəkildə deyirlər ki, bir İsveç gənci dövlətini valideynlərindən daha çox sevir.
İnsanlar küçədə də rahatdır. Günəşli günlər burada az olsa da, insanlar isti olanda rahatlıqla çəmənlikdə açıq bədənlərinə vitamin dolmasına cəhd edirlər.
İsveçin ən uzun asma körpüsü olan Alvsborgsbron da bu şəhərdədir. Şəhərdəki Poseydon çeşməsi də diqqət çəkən memarlıq nümunələrindəndir. Heykəltaraş Karl Milles tərəfindən hazırlanıb.
Göteburqun simgələrindən biri də danimarkalıların hücumlarına qarşı tikilmiş tarixi qaladır. Haga bölgəsində yerləşən bu qala 1697-ci ildə tikilib.
Avropanın ən böyük botanika bağlarından biri də bu şəhərdədir. 175 hektarlıq ərazidə 16 min müxtəlif bitki mühafizə edilir.
Turistlər üçün ən maraqlı yerlərdən biri də Liseber Luna parkıdır.
Göteburqun ən maraqlı bölgəsi isə Haga Nygatandır. Burada maraqlı kitab mağazaları, qalereyalar, sadə, amma bahalı kafelər yerləşir. Məşhur yazıçılar, sənət adamları asudə vaxtlarını burada keçirirlər. Bizə bu küçədən maraqlı fotolar çəkmək qaldı.
***
Bakıda olduğu kimi İsveçdəki həmvətənlərimiz də qonaqpərvərdirlər. İsveçə səfərimizə ən birinci gündən maraq göstərən, təşkilatçılardan olan Arif Rəhimoğlunun, uzun illərdir Güney Azərbaycan davasının öncüllərindən Eldar Qaradağlının müsafiri olduq. Xoş, maraqlı, yaddaqalan söhbətlər oldu.
Mayın 25-i erkəndən qatarla Stokholma doğru yola düşdük...