4 İyun 2018 12:21
2 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com yazıçı-publisist Bəxtiyar Qaraca ilə müsahibəni təqdim edir:

- Bu günlərdə Akif Aşırlı ilə həmmüəllifi olduğunuz “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabınızın təqdimatı oldu. Kitabın ideyası necə yarandı? Ölkə başçısının 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması barədə sərəncamından irəli gəldi, yoxsa çoxdan planlanan layihə idi?

- Prezident İlham Əliyevin verdiyi sərəncamla cəmiyyətdə tərpəniş oldu, Cümhuriyyətlə bağlı araşdırmalar, proqramlar, kitablar, məqalələr ortaya çıxdı. Azərbaycan Xalq Cümhuriyyəti mövzusu xeyli müddətdir mənim üçün çox maraqlıydı və bununla bağlı müxtəlif mətbuat orqanlarında bir çox məqalələrim çap olunub. Həmin yazılardan bəzilərini bu kitaba da salmışıq. Cümhuriyyət liderlərinin taleyi, onların fəaliyyəti, övladları barədə çox yazmışam. Ayrılıqda Əhməd bəy Ağaoğlu ilə bağlı film işləmişəm,Türkiyədə Tektaş bəylə görüşmüşəm, Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsarla Əli bəyin yubileyi ilə bağlı film işləyəndə bir araya gəlmişdik, hər iki yazı kitabda var. Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovla bağlı yazım var, onun taleyi mənim üçün çox maraqlıdır. Onun qəbrini də mən tapmışam. Elə bilirdilər qəbri Trabzondadır, ancaq İstanbulda aşkarladım, məlumatların hamısında yazırdılar ki, 1947-ci ildə Trabzonda ölüb, əslində isə 1943-cü ildə İstanbulda rəhmətə gedib, qəbri isə Feriköy məzarlığındadır. Ümumilikdə kim bu sahədə yeni iş görürsə, sevinirəm, maraqla oxuyuram. Bu insanların xatirəsinə, ruhuna layiq bir şey ortaya qoyulursa, bunu yüksək qiymətləndirirəm.

- Cümhuriyyətin ilk hərbi naziri Xosrov bəy Sultanovun məzarının tapılması ilə bağlı tarixçəni danışa bilərsiniz?

- Cümhuriyyət dövrünün ən böyük addımlarından biri o idi ki, 1919-cu ilin yanvarında Qarabağ general qubernatorluğu yaradıldı. Necə ki indi ermənilər Dağlıq Qarabağda baş qaldırıb, torpaqlarımızın müəyyən qismi işğal altındadır və separatçı rejimlə üzbəüzük, o vaxt da belə bir şey baş vermişdi. AXC parlamentinin ilk qərarlarından biri yerindəcə məsələləri həll etmək üçün müəyyən səlahiyyətləri olan general- qubernatorluğun yaradılması idi. General- qubernatorluğun başında Xosrov bəy Sultanov dayanırdı. Sultanovlar nəsli Qarabağda məşhur nəsildir, onun böyük qardaşı Sultan bəy Andraniklə döyüşdə fədakarlıqlar göstərib, ermənilərin Qarabağa soxulmağının, Zəngəzurda at oynatmağının qabağını almış bir insan olub. Xosrov bəy özü də ixtisasca həkim idi, Qarabağa təyin olunan kimi erməniləri tamamilə ram eləyib, hər kəsi yerində oturdub. 1920-ci ildə boşlevik hökuməti gələndə İrana, oradan Almaniyaya gedib, ömrünün son illəri Türkiyədə keçib. Trabzondamı, İstanbuldamı dəfn olunduğunu heç kəs bilmirdi. Xeyli qohum-əqrəbası, qardaşının nəticələri Bakıda yaşayır, onlar da mənimlə əlaqə saxladılar, sevindilər ki, qəbri tapılıb. Mən 2015-ci ildə məşhur Cümhuriyyət liderlərindən böyük mütəfəkkirimiz, “Difai” təşkilatının yaradıcısı, böyük turançı Əhməd bəy Ağaoğlunun taleyi ilə bağlı Türkiyəyə getdim. Çünki onun fəaliyyətinin böyük hissəsi Türkiyəyə bağlıdır, 1908-cu ildən sonra Əli bəy Hüseynzadə ilə bir yerdə Türkiyəyə gedib, 1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində Bakıya gəlib. Dünya tarixində nadir hadisədir ki, eyni vaxtda həm Osmanlı, həm də Azərbaycan parlamentində deputat idi. Onun böyük qızı Sürəyya Ağaoğlu Türkiyənin ilk qadın vəkilidir, qızı Tezer bir neçə dəfə Türkiyə Parlamentinin üzvü olub, o bir qızı Gültəkin ilk qadın professorlardandır, oğlu Səməd Ağaoğlu Menderes hakimiyyəti dövründə baş nazirin müavini idi. Əhməd bəylə bağlı çəkilişləri Türkiyədə aparanda onun nəvəsi Təktaş bəyin evində oldum, çəkilişlər etdik, söhbətlərimiz filmdə də istifadə olunub. Çəkilişlər üçün Feriköy məzarlığına baş çəkdik, qəbiristanlığı gəzirdim ki, baxım daha kimlər uyuyur burda, Xosrov bəy Sultanovun qəbrini görəndə sevindim. Mənim üçün də o tale çox maraqlı idi, çəkiliş də elədik, ayrıca film çəkmək planımız da var.

- Bəs bu kitab Akif Aşırlı ilə ilk işbirliyi idi?

- Bəli, ilk iş birliyi idi. Kitab yazmaq barədə mənə təklif olmuşdu, vaxt da çox məhdud idi, həm də o dövrü yaxşı bilən bir insana ehtiyac vardı. Akif Aşırlının araşdırmalarını izləyirdim, ona təklif elədim ki, kitab üzərində birgə işləyək. İki ayrı-ayrı müəllifin yazı toplusu kimi yox, həmmüəllif kitabı nəzərdə tutulmuşdu. Qısa zamanda gərgin çalışsaq da, xeyli iş gördük, ümumi dil tapa, yazılarda üslub yaxınlığını qura bildik. Yazıları ümumi sistemə saldıq ki, sabah əlinə kitabı götürən şəxs iki fərqli düşüncəsi olan insanın yazı toplusu ilə deyil, iki jurnalist-publisistin dövrə, tarixə sevgi dolu yazıları ilə tanış olsun. Kitabın ön söz müəlliflərinə - filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzetinin və Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona xanım Vəliyevaya, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova, “Veysəloğlu” şirkətlər qrupunun rəhbərliyinə, kitabın ideya müəllifi, istedadlı qələm sahibi İlham Məmmədova, “Zərdabi” nəşriyyatının direktoru Elman müəllimə, eləcə də bütün yaradıcı heyətə dostum Akif Aşırlının da adından bir daha təşəkkürümü bildirirəm. Tarixçilərimiz sağ olsunlar, o dövrü kifayət qədər araşdırıblar, yazıblar və yazmaqdadırlar, biz də jurnalist olaraq istədik ki, o hadisələrə öz baxışımızla, ağrı-acımızla yanaşaq, daha sadə, yüngül, obrazlı dildə oxucularımıza çatdıra bilək.

- Sizcə, Cümhuriyyət dövrünün hansı məqamları daha az araşdırılıb?

- Əbdürrəhman bəy Haqverdiyev haqda nə qədər məlumatlısınız?

- Orta məktəb və ali məktəbdə dərsdə öyrəndiklərimiz qədər.

- Aydındır, təsəvvür edin ki, bu şəxs 1905-ci il hadisələrindən sonra o vaxt Rusiya imperiyasında Dumaya keçirilən seçkilərdə ilk dəfə Azərbaycanı təmsil edən deputatlardan biridir. 1918-20-ci illərdə Cümhuriyyət dövründə o vaxt Ararat respublikasında və Dağıstanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri olub. Bunu nə orta, nə də ali məktəbdə tədris edirlər. Sağ olsunlar, Vilayət Quliyev başqa olmaqla ziyalılarımızın bir çoxu bunu araşdırıblar. Amma geniş auditoriyamız o dövrün Azərbaycan diplomatlarının fəaliyyəti və sonrakı taleyi barədə məlumatsızdırlar. Elitamız mürəkkəb vaxtda dövlət qurub onun ağırlığını daşıya biliblər. Parlamentin son saatları və cümhuriyyətçilərin taleyi, Nəsib bəy Yusifbəylinin harada, hansı şəraitdə öldürüldüyü, Behbud xan Cavanşir, Həsən bəy Ağayevin taleləri barədə məlumatımız varmı? Gəncə üsyanında nə qədər qırğınlar oldu? Ceyhun bəy Hacıbəyli Fransadan yazırdı ki, bizə burada deyirlər Cümhuriyyəti çətinliklə qazandınız, ancaq asanlıqla əldən verdiniz. O vaxt siyasi oyunlar qurulmuşdu, bolşeviklər belə fikir yaymışdılar ki, ordu Bakıya girmədən Anadoluda türklərə kömək etməyə gedir. Bolşeviklərin Bakıdan getməyəcəklərini, nə məqsədlə gəldiklərini bilən adamlar vardı, parlamentdə deyilirdi, Məhəmməd Əmin Rəsulzadənin, Üzeyir Hacıbəylinin yazılarında da bunlar öz əksini tapıb. Bolşeviklər gəldilər və Bakıda qaldılar. Yalamada, Xaçmazda döyüşlər oldu, oyun elə qurulmuşdu ki, Qarabağda yenidən ermənilər baş qaldırdı, Azərbaycan ordusunun böyük hissəsi ermənilərlə döyüşə getdi və onları yatırtsalar da, sərhədlərimiz boşaldı, təhlükə gələn tərfdən -şimaldan yollar açıldı və bolşeviklər Bakıya girə bildilər. Erməni və rusların fəaliyyəti sinxron şəkildə olub. İndinin özündə də bu siyasət davam edir. Gəncə hadisələri Ceyhun bəyin dediyi kimi millətin namus məsələsi idi, bolşeviklər çox çətinliklə o üsyanları yatırtdı, 12 min nəfər insan qırıldı, düzdür, bizimkilər də böyük müqavimət göstərdi, qarşı tərəfin də itkiləri az olmadı. Yəni millət öz azadlığından asanlıqla əl çəkməmişdi. Cavad xan 1805-ci ildə Gəncədə döyüşərək öldü, ondan təxminən 100 il sonra Gəncə döyüşü oldu. 1920-ci ildə döyüşüb həlak olan zabitlər arasında Cavad xanın nəslindən olan zabitlər də vardı. Sadaladığım məqamlar yetərincə araşdırılmayıb. Bolşevik yoluna keçmiş həmvətənlərimiz Həmid Sultanovdan tutmuş Qəzənfər Musabəyova, Çingiz İldırıma qədər onların taleyi və fəaliyyəti maraqlı və ibrətamizdir.

- Araşdırma zamanı hansı mənbələrlə işləmisiniz?

- Jurnalistin araşdırması gördüyü dövr, iştirak elədiyi hadisələr, tədqiq olunmuş materiallar əsasında olur. Araşdırılmış məlumatların içərisində kiminsə üstündən ötüb keçdiyi bir şey az əhəmiyyətli görünə bilər, amma sənin üçün daha cəlbedici ola və onu geniş araşdıra bilərsən. Mən öz gördüyümü yazıram, bəlkə başqası öz gördüyünü məndən daha maraqlı yazacaq. Mənim də, Akif Aşırlının da məqsədi o idi ki, iki jurnalistin ürəyindən keçənlər yazılsın, boşluqda bir dövlət yarana bilməzdi, çox qədim dövlətçilik ənənələrimiz var, XIX əsrin əvvəllərində rusların Qafqaza gəlişi ilə ayrı-ayrı xanlıqların istilası ilə faktiki olaraq şimaldakı müstəqilliyimiz əldən getdi və biz bunun ardınca başlanan maarifçilik hərakatına işıq saldıq. Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Məhəmməd ağa Şahtaxtlı, Əli bəy Hüseynzadə və çox sayda qeyri-adi ziyalılarımız, fikir sahiblərimiz vardı, məktəblərimiz açılmışdı. Təsəvvür edin, Üzeyir Hacıbəyli Hadrut kəndində dərs deyirdi, 1905-ci il hadisələri zamanı onu oradan güclə çıxardılar, ermənilər o vaxtda baş qaldırmışdılar. Ziyalıların xalqı maarifləndirmək cabaları qeyri-adi istəklə, yüksək ruhla aparılırdı. Hacı Zeynalabdin Tağıyev qızlar məktəbi açmışdı, ardınca qadınlarımız üçün ilk qəzet-jurnal olan “İşıq” çıxdı. Üz qabığında ananın uşağın əlindən tutub işığa tərəf aparması əks olunmuşdu. Düşünürdülər ki, savadlı adam özünün və millətinin haqqına sahib çıxacaq. Gözəl mətbuatımız vardı, Cümhuriyyət qurucularının hamısı qeyri-adi qələm sahibləri idi. İndi saytlar, televiziyalar var, o vaxt sadəcə, bir neçə qəzet vardı, “Əkinçi”nin ardınca xeyli qəzetlər çıxmağa başladı, o dövrün, millətin ruhunun güzgüsüydü. Teatrımız yarandı, Üzeyir bəy 22 yaşında “Leyli və “Məcnun” operasını ortaya qoydu. Fərhad Ağazadə 1918-ci ildə tamaşanın 10 illiyi ilə bağlı deyirdi ki, bu əsər bizim boz, sönük həyatımıza düşən ilahi işıq idi, Üzeyir bəyin qiymətini gələcək nəsillər verəcək.

- Bəs hansı qadın obrazı diqqətinizi çəkib və barəsində araşdırma aparmısınız?

- Cümhuriyyətimizin ən böyük addımlardan biri qadına seçki hüququnun verilməsi idi. Fransada, ABŞ-da 1960-70-ci illərdə bu barədə qərar qəbul olunub, bizim qadınlarımız 1918-ci ildə seçib-seçilə bilirdi. Hesab edirəm ki, ziyalı qadınlarımızın fəaliyyəti araşdırılmalıdır. Qızlar məktəbində təhsil almış xanımlarımız həm dərs deyirdilər, həm mətbuatda, həm də dövlət qurumlarında işləyirdilər. Nəsib bəy Yusifbəyli bir ara maarif naziri olmuşdu, 600-dən çox məktəb açılmışdı, bu məktəbləri müəllimlə təmin etmək asan məsələ deyildi, universitet yaratdılar. Araşdırmalı çox şeylər var. O vaxtkı qadınlardan “İşıq” qəzetinin redaktoru Xədicə xanım Əlibəyova çox istedadlı qadın idi, həyat yoldaşı Əhməd bəylə birgə bu qəzeti çıxardılar, həmin qəzetdə Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı Sona xanım məsul katib idi. O qəzetin ətrafında bu cür insanlar yığışmışdı. “İşığın düşmə bucağı” adlı film də çəkmişəm, 37-ci ildə Əhməd bəy tutuldu, heç onun qəbrinin harada olduğu məlum deyil, Xədicə xanımın taleyi faciəli olub. O nəslin istedadlı davamçıları Bakıdadırlar. Nəhəng ruh insanları idi, hamısının nəfəsi, hissləri, əməlləri də çox böyük idi.

- Cümhuriyyət qurucularımızın məzarlarının köçürülməsi məsələsi tez-tez gündəmə gəlir. Sizin yanaşmanız necədir?

- Məzarın köçürülməsini o qədər də əhəmiyyətli saymıram. Onların xatirəsinə, ruhuna göstərilən xidmətdən danışmalıyıq. Güclü, müstəqil, demokratik dövlət istəyirdilər, bütün bunlar indi var. Mirzə Fətəli Axundovdan ölüm ayağında soruşurlar ki, Mirzə, səni necə dəfn edək? Elə bilirdilər ki, dinləri qəbul eləmir. O da söyləyib ki, ölülərin əziyyətindən dirilərin necə xilas olmasının mənim üçün heç bir əhəmiyyəti yoxdur, sizə, yəni qalanlara necə rahatdırsa, elə dəfn edin. O adamların fəaliyyətini araşdırmaqla, layiqli qiymətlərini verməklə, tutduqları yeri göstərməklə xidmət edə bilərik. AXC-nin siyasi varisi olaraq Cümhuriyyət dövrünü öyrənməyimiz bugünkü dövlətçilik fəaliyyətimiz üçün lazımdır. Qarabağ məsələsi, erməni problemi indi də var, 100 il qabaq da vardı, dövlətimizə qarşı içimizdə və çölümüzdə olan təhlükələr indi də var, o vaxt da var idi. O vaxt Denikin gəlib Dərbənddə dayanmışdı və bizi təhdid edirdi, Üzeyir bəy onda yazırdı ki, o Denikin bizim üçün o qədər təhlükəli deyil, çünki bilirik haradadır, kimdir və nə istəyir, qorxulu olan içimizdəki Denikinlərdir. Dövlətin müdafiəsi nə vaxt güclü ola bilər? İçi də, çölü də bir-birini tamamlayanda...Mənə elə gəlir ki, o insanların xatirəsinə ən böyük ehtiramımız gözəl, güclü bir dövlətə sahib olmaq, Qarabağımızı qaytarmaq olardı.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər