7 İyun 2018 20:58
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Dövlət Sərhəd Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Vəndam qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyləri münasibətilə “Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalı keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, festivalda müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Akademik Milli Dram, Gənc Tamaşaçılar, Rus Dram, Şəki Dövlət Dram və Mingəçevir Dövlət Dram teatrlarının pəşəkar aktyorları və tələbələr tərəfindən tarixi faktlar əsasında hazırlanan tamaşa nümayiş olunub. Layihənin elmi rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, rejissoru Xalq artisti Vaqif Əsədov, ssenari müəllifi filologiya elmləri doktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmlidir.

Gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər ilk olaraq festival çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş xüsusi dekorasiyalı sərgi ilə tanış olublar. A.Rəhimov bildirib ki, hər tərəfi yaşıllıqlarla əhatə olunan sahədə demək olar ki, yeni bir şəhərcik tikilib. Nazir keçirilən layihənin mahiyyəti haqqında danışarkən diqqətə çatdırıb ki, əsas məqsəd zəngin tariximiz haqda faktları gənc nəslə ötürmək, onlarda vətənpərvərlik hissini daha da artırmaqdır.

Tamaşa 1918-ci ilin martında azərbaycanlıların Novruz bayramını qeyd edərkən qəflətən quldur ermənilərin hücumlarına məruz qalması və amansızlıqla qətlə yetirilməsi səhnələri ilə başlayıb. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bu yolda yaşanan çətinliklər, tarixi şəxsiyyətlər və onların fəaliyyəti o dövrün milli geyimlərini geyinmiş peşəkar aktyorlar və gənclər tərəfindən canlandırılıb.

1500-dən çox aktyor, xalq sənətkarı, gənclər və məktəblilərin iştirak etdikləri festivalda Azərbaycanın hərb tarixi, 1918-ci ilin mart soyqırımı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını və 23 aydan sonra süqut etməsi əyani olaraq müxtəlif səhnəciklərlə tamaşaçılara təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər