Dünyada beynəlxalq səviyyədə tanınmış 195 müstəqil dövlət var. 23 dövlət müharibə vəziyyətindədir. Onlardan biri də Azərbaycandır.
195 dövlətin, demək olar ki, hər birinin ordusu var, o cümlədən Azərbaycanın. Azərbaycan Milli Ordusu 26 iyun 1918-ci ildə yaradılıb. Gələn ay 100 yaşı tamam olacaq silahlı qüvvələrimizin tarixinə nəzər saldıqda, çox ağır, keşməkeşli uğurlu və uğursuz günlər insanın gözü qarşısında canlanır. Təqdim edəcəyimiz faktlar bəziləri üçün sadəcə statistika kimi görünsə də, hər bir rəqəmin arxasında insan faciələri durur, yüzlərlə, minlərlə canlı itki durur.
Son 100 ildə itirdiklərimiz
Beləliklə, son 100 il ərzində Azərbaycanın itirilmiş ərazilərinin sahəsini sizə təqdim edirik.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının qurulduğu ərazisinin sahəsi təxminən 114 min kv.km .
1920-ci ildə ADR-i işğal edən rus sovet imperiyasınn bölüşdürdüyü Azərbaycan əraziləri: Ermənistan SSR-nin qismən nəzarətinə verilən Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican və gürcülərin qismən nəzarətinə verilən (Gürcüstan SSR) Borçalı – birlikdə sahəsi: təxminən 27,4 min kv.km.
1920-1991-ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan SSR-nin ərazisi – 86,6 min kv.km.
Azərbaycanın 1988-1994-cü illərdə ermənilər tərəfindən işğal edilmiş əraziləri:
Keçmiş Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əskəran, Xocavənd, Ağdərə, Hadrut). İşğal tarixi – 1988-1994-cü illər.
Sahəsi: 4400 kv.km. Şərur rayonunun Kərki və Günnüt kəndləri (17 fevral 1990) – 19 kv.km. Laçın (17 may 1992-ci il)- 1835 kv.km. Ağdam (23 iyul 1993-cü il) – 1094 kv.km. Cəbrayıl (18 avqust 1993-cü il) – 1050 kv.km. Füzuli (23 avqust 1993-cü il) – 1386 kv.km. Qubadlı (31 avqust 1993-cü il) – 802 kv.km. Zəngilan (30 oktyabr 1993-cü il) – 707 kv.km. Qazax rayonun 7 kəndi: Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Qızıl Hacılı, Sofulu, Xeyrimli, Bağanis Ayrım. I Qarabağ savaşı dövründə Azərbaycanın 13300 kv.km ərazisi işğal olundu.
Hazırda Azərbaycan ordusu 73,3 min kv.km əraziyə nəzarət edir. Bu itkilər Azərbaycanın və onun ordusunun ötən əsrdə hansı məşəqqətlərdən keçdiyini, necə ağır itkilərlə üzləşdiyini göstərir.
Yuxarıda dünyada 195 müstəqil dövlətin mövcudluğunu və onların hər birinin ordusunun olduğunu təsadüfən qeyd etmədik. Necə deyərlər, sözümüzün canı var. Hər bir dövlətin ordusunun əsgəri nə üçün döyüşdüyünü, əlində silah tutduğunu bilməlidir. Məsələn, ABŞ əsgəri İraq, Kosovo, Əfqanıstan, Suriya və digər ölkələrdə nə üçün döyüşdüyü barədə düşünməlidir. Eyni zamanda Rusiya əsgəri Suriyadakı mövcudluğunun səbəblərini özü üçün aydınlaşdırmalıdır. Bu sual ən çox Ermənistan əsgərini düşündürməlidir. “Mən Qarabağda nə üçün varam” sualı hər bir erməni əsgərini, onların valideynlərini, qohumlarını narahat eməlidir.
İşğal olunmuş torpaqlarımızda Azərbaycana qarşı haqsız müharibə aparan erməni silahlıları Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün işğalçı ingilis ordusunun zabitinə göndərdiyi mesajı qulaqlarında sırğa etməlidirlər. Atatürkün işğalçı ordunun zabitinə verdiyi cavabı xatırlatmaqda fayda var.
Atatürk və İlham Əliyevdən işğalçılara eyni cavab
- Bir gün Atatürk restoranda yemək yediyi zaman bir ingilis zabitinin ona nifrətlə baxdığını görür. Mustafa Kamal əvvəlcə əhəmiyyət vermək istəmir. Lakin uzun, qəzəbli baxışlar onu narahat edir. Köməkçisini göndərir ki, bu baxışın səbəbini soruşsun.
Köməkçisi öyrənib geri qayıdır:
- Siz onun atasını Çanaqqalada öldürmüsünüz.
Atatürk:
- Get soruş gör, onun atasının Çanaqqalada nə işi vardı?
Eyni sualı Azərbaycan da Ermənistana verir. Məsələn, Ali baş komandan İlham Əliyevin torpaqlarımızda bizə qarşı döyüşən ermənilərlə bağlı fikirlərini xatırlayaq.
Ermənistan bizim torpaqlarımızı işğal edib, beynəlxalq hüquq normalarını pozub, Xocalı soyqırımını törədib, bizim tarixi və dini abidələrimizi məhv ediblər. Amma bütün günahları bizdə görürlər. Sual bundan ibarətdir ki, erməni əsgərinin işğal olunmuş ərazilərdə nə işi var? Erməni əsgəri Ağdamda nə unudub? Füzulidə nə işiniz var? Əgər erməni əsgər ölmək istəmirsə, Ağdama gəlməsin.
Bu gün Ermənistanda əsgər anaları haqlı olaraq öz hökumətləri qarşısında bu məsələni qaldırırlar. Xüsusilə də, övladlarını Qarabağda itirmiş erməni analar hökumətə açıq şəkildə “o torpaqlar bizim deyil, mənim balamın orada nə işi vardı” sualını ünvanlayırlar. Rəsmi İrəvan bu sual qarşısında hələ da acizlik nümayiş etdirir.
Azərbaycan əsgəri nə üçün döyüşdüyünü gözəl anlayır
Bu mənada Azərbaycan əsgərinin problem yoxdur. Azərbaycan əsgəri nə üçün döyüşdüyünü çox gözəl anlayır.
Əsgərin hərbi-vətənpərvərlik tərbiyəsi, vətənə, dövlətə, hərbi anda sədaqəti, hərbi dostluq, şücaət, igidlik və qəhrəmanlıq kimi dəyərlər “mən nə üçün döyüşməli, mübarizə aparmalıyam” sualından qaynaqlanır. Əgər əsgər bu sual haqqında düşünürsə, problemlər onu narahat edirsə, süni vətənpərvərlik tərbiyəsinə ehtiyac qalmır.
1994-cü ildə Qarabağda müharibənin dayandırılması haqda əldə olunmuş Atəşkəs sazişindən keçən 14 il ərzində bir gün belə cəbhədə silahlar susmayıb. Azərbaycan əsgərləri saysız-hesabsız fərdi qəhrəmanlıq nümunələri göstərərək düşmənin üzərinə atılıb, onları məhv edib özləri isə şəhid olublar.
Məsələn, 1997-ci il aprelin 7-də 8 nəfərdən ibarət Azərbaycan kəşfiyyatçıları - Elxan Ağayev, Vüqar Yarəhmədov, Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və Aqil Əhmədov cəhbənin Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak ediblər
Döyüşçülər erməni mühasirəsinə düşsə də, üç gün təslim olmayıblar. Aprelin 10-da isə kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. Bu zaman 8 nəfər heyətdən ibarət olan qrupun 7 üzvü şəhid olur. Həmin hərbçilərmizdən yalnız Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir götürülüb. Mərhum prezident Heydər Əliyevin səyi nəticəsinədə həmin şəhidlərimizin nəşini 6 aydan sonra ermənilərlə dəyişmək mümkün olub. 1997-ci il oktyabr ayının 16-da 7 hərbçimiz dəfn edilib.
Bu əməliyyatda sağ qalan Xüsusi Təyinatlı Kəşfiyyat Qrupunun üzvü Aqil Əhmədovun dediklərindən: Əməliyyatın sonuncu günü tapşırığı yerinə yetirib geri dönməyə hazırlaşırdıq. Kol topasının dibində gizlənib gecə yola düşməyi qərara aldı. Döyüşçülərdən Vüqar Yarəhmədov onlara sarı iki nəfər düşmənin gəldiyini söylədi. Açılan atəş nəticəsində bir erməni əsgəri öldü, digəri isə yaralanıb təpənin arxasına keçə bildi. Belə olan halda komandirin əmri ilə Kəşfiyyat Qrupu səngərin içinə doğru getdi. Bir müddət getdikdən sonra 50-60 nəfər erməni əsgərinin onlara sarı gəldiyini görən Kəşfiyyat Qrupu komandir Elxan Ağayevin tapşırığı ilə dağılmış kəndə tərəf üz tutduq. Uçub-dağılmış evlərin olduğu əraziyə çatdıq. Düşmən əsgərlər bizi atəşə tutmağa başladılar. Komandir döyüş əmrini verdi. Mən ağır yaralandım. Kəşfiyyat Qrupunun digər yeddi üzvü düşmən əsgərlərinin əlinə keçməmək üçün özlərini qranatla partlatmışdılar”.
On bir ay ölüm hökmü altında olan Aqil Əhmədov ona olunan işgəncələrdən danışarkən söyləyib ki, hər dəfə ayaq səsləri eşidəndə, qapı açılanda onu güllələməyə aparacaqlarını düşünüb. Uzun sürən danışıqlardan sonra məni erməni əsirlərlə dəyişdilər.
Göründüyü kimi, 8 Azərbaycan əsgəri nəinki hərbi anda sədaqətli oldular, hətta özlərini öldürməyi düşmənə əsir düşməkdən daha üstün tutdular. Aqil Əhmədov isə ona edilən işgəncələrə rağmən heç bir sirri düşmənə vermədi.
Bu cür qəhrəmanlıqları biz sonrakı illərdə Azərbaycan zabiti, "İgidliyə görə" medalı ilə təltif edilmiş Milli Qəhrəman Əhmədov Fərid Gülağa oğlu, Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı, 2010-cu ildə Azərbaycanda "ilin adamı" adına layiq görülmüş Mübariz Ağakərim oğlu İbrahimovun timsallarında bir daha şahidi olduq.
Fərid Əhmədov 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.
Prezidentin sərəncamı ilə 2010-cu il noyabrın 7-də baş leytenant Fərid Gülağa oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.
Mübariz İbrahimov isə 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib.. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Ermənistan Mübariz İbrahimovun cəsədini 141 gün özlərində saxladılar.
Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb. Onun şəninə şeirlər, hekayələr yazılıb. Qardaş Türkiyədə yayımlanan vətənpərvərlik filmlərində Mübariz İbrahimovun vətənpərvərliyindən bəhs edilib.
Hər iki qəhrəmanın adı Azərbaycanda əbədiləşdirilib.
2016-cı ilin Aprel döyüşlərində Azərbaycan oğulları xüsusi qəhrəmanlıq, misli-bərabəri olmayan şücaət göstərdilər. İşğal altında olan torpaqlarımızın bir qismini azad edən ordumuz 100-ə yaxın şəhid verdi. Həmin döyüşlərdə iştirak etmiş hər bir hərbçimiz yüksək peşəkarlıq, vətənpərvərlik nümayiş etdiriblər. Aprel döyüşlərində şəhid olmuş hər bir hərbçimizin qəhrəmanlıq şücaəti haqqında qəzet və saytlarda geniş yazılar yazıldı, televiziyalarda barələrində verilişlər hazırlandı. Yəqin ki, onların şücaəti bundan sonra da geniş şəkildə təbliğ olunacaq, gələcək nəsillərə çatdırılacaq.
Xarici təcrübə
Dünyada çox az sayda dövlət var ki, Azərbaycan qədər haqsızlığa, ikili standarta məruz qalmış olsun. Azərbaycanın 86,6 min kv.km ərazisi beynəlxalq təşkilatlar tərəfindən tanınıb. BMT Təhlükəsizlik Şurası erməni işğalçılarının Azərbaycan ərazisindən çıxması barədə 4 qətnamə qəbul edib. Amma münaqişənin həllilə bağlı aparılan danışıqlarda işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoyulmur. Gürcüstanın, Ukraynanın ərazilərinin işğal olunamsına birmənalı mövqe sərgiləyən Qərb təəssüf ki, eyni yanaşmanı Azərbaycana tətbiq etmir. Bunun səbəbləri bəllidir. İşğalçı dövlətin hansısa güclü dövlətin forpostu olması, xaricdəki lobbi qrupları, xristianlıq təəssübkeşliyi bu gün ölkəmizə qarşı bu cür ikili yanaşmanın sərgilənməsinə səbəb olub.
Belə olan halda yeganə ümidimiz Azərbaycan Silahlı Qüvvələrinədir. Qarabağın azadlığı ilk nöbbədə güclü ordu quruculuğundan keçir.
Ruslan Xəlilov
Yazı Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı müsabiqəyə təqdim edilir