Portuqaliyanın paytaxtı Lissabon şəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ) illik toplantısı keçirildi.
Teleqraf.com-un məlumatına görə, iyunun 5-6-da keçirilən və 40 ölkədən AFJ-yə üzv təşkilatların qatıldıqları toplantıda Azərbaycandan AFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı iştirak edib.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, toplantıda öncə Avropa qitəsində medianın durumu müzakirəyə çıxarılıb və AFJ prezidenti Moqan Bliçer Bjerreqardın bu yöndə məruzəsi dinlənilib. AFJ prezidenti öz məruzəsində Avropada media azadlığı kontekstində neqativ tendensiyaların çoxalmasından narahatlığını ifadə edib:
“Əvvəlcə, Moqan Bliçer bu kontekstdə Avropada ictimai yayımla bağlı yaranmış duruma toxundu və bildirdi ki, Polşada ictimai yayımla bağlı yaranan neqativ tendensiya, qanunlara ictimai yayım sektoruna hökumətin geniş müdaxiləsinə şərait yaradan maddələrin artırılması ilə başlanan proseslər sonradan digər ölkələrdə də önə çıxıb. Bu proses Macarıstanda təkrarlanıb, indi də Avstriyada ictimai yayım sektoru ciddi təhlükə ilə üzləşib.
İctimai yayım sektoru maliyyə problemi ilə rastlaşıb. Hökumət onlara bu durumdan çıxmaqda yardım etmək əvəzinə, yaranmış durumdan faydalanıb, ictimai yayım sektoruna hökumətin müdaxiləsi üçün şərait yaradan şərtlər hazırlayıb və bu şərtləri qəbul etdirmək istəyir. Yaranmış tendensiya genişlənməkdə, Avropa ölkələrində ard-arda yayılmaqdadır”.
Müşfiq Ələsgərli söyləyib ki, toplantı adından Avstriyanın Avropa Birliyi, İncəsənət, Mədəniyyət və Media işləri üzrə naziri Gernot Blümelə ünvanlanmış müraciət qəbul edilib: “Müraciətin mətnində Avstriya hökumətindən ictimai yayımla bağlı problemlərin dərhal aradan qaldırılması, ictimai yayım qanununa müdaxilənin dayandırılması istənilib.
Toplantıda daha sonra Avropa məkanında jurnalistlərin təhlükəsizliyi və əmək şəraitləri müzakirəyə çıxarılıb. AFJ prezidenti bildirib ki, əmək şərtləri və təhlükəsizlik baxımından da Avropa məkanında durum pisləşməkdə davam edir. O, Avropa məkanında “kollektiv sövdələşmələr” mövzusuna yenidən qayıdışın, jurnalist hüquqları mövzusunun aktuallaşdırılmasının zəruri olduğunu önə çəkib.
Bu sırada xüsusi olaraq Balkan ölkələrində media və əmək qanunvericiliyinə edilən neqativ dəyişikliklər medianın maliyyə sıxıntılarının artması, jurnalistlərin sosial durumlarının pisləşməsi kimi proseslərə yol açıb, bu tendensiya getdikcə genişlənir və digər ölkələrə də yayılır. Jurnalistlərə qarşı təhdidlərin, hədələrin, izləmələrin artması, həbslərin çoxalması ilə yanaşı ölüm hallarında da xüsusi artım qeydə alınıb.
Rusiya, Türkiyə ilə yanaşı Ukraynada da bu yöndə statistikanın artması, xüsusi narahatlıq yaradıb. Ən ciddi problem isə cəzasızlıqla bağlıdır. Jurnalist qətlləri, təhdidlər artmaqda, buna görə cəza alanların sayı isə azalmaqdadır. Jurnalistlərə qarşı törədilmiş cinayətlər açılmamış qalır, kimsə buna görə cəzalandırılmır”.
JuHİ sədri qeyd edib ki, toplantıda Avropa dövlət və hakimiyyət təmsilçilərinə müraciət qəbul edilib: “Müraciətdə bildirilirdi ki, medianın imkanları sıxışdıqca, o öz yerini daha çox “yalan xəbər” və “nifrət dolu çıxışlar”la zəngin olan sosial şəbəkələrə verir. Bu isə hər kəs üçün zərərlidir, təhlükəlidir. Medianın imkanlarının məhdudlaşdırılmasına yönəlik hər növ fəaliyyətlər dərhal dayandırılmalı, medianın imkanlarının artırılması üçün fəaliyyətlər başladılmalıdır”.