12 İyun 2018 10:21
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimin yetişmə mexanizmində problemlər, tərbiyəçinin dünyagörüşündə isə natamamlıq var.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

O, orta məktəb və bağçalarda baş verən neqativ hallardan danışıb:

“Uşaqlara əsasən kim aqressivlik göstərə bilər? Əlbəttə, savadına güvənməyən müəllim, dünyagörüşü məhdud tərbiyəçi... Müəllimin yetişmə mexanizmində problemlər, tərbiyəçinin dünyagörüşündə natamamlıqlar var. Milli Məclisdə bu mövzunu gündəmə gətirmişdim, normal bir ailə düzəninə sahib olmayan adamların bağçalara, məktəblərə rəhbərlik etməsinin hansı müsbət nəticələri ola bilər? Bu şəxslər başına hansı keyfiyyətdə adamları yığacaqlar? Təbii ki, öz xarakterlərinə yaxın kimsələri.

Uşağa intizam təlqin etmək normal bir davranışdır, lakin məlum videoda birbaşa vəhşilikdən söhbət gedir. Psixikası pozuq bir neçə qadının uşaqlar üzərində əsdirdiyi terrordan söhbət gedir. İctimai nəzarətin formal xarakter daşıdığı göz önündədir.

Bağça da, məktəb də ən güvənli məkanlar olmalıdır, buralarda təsadüfi, şəxsiyyəti müəmmalı, psixikası pozuq adamlar rəhbərliyə təyin olunmamalıdırlar. Uşaqla işləyən müəllimin və tərbiyəçinin savaddan da vacib mərhəmət duyğusuna sahib olması zəruridir. Məsələyə oldu-bitdi kimi yanaşıla bilməz, bu cür qəddarlıqların vüsət almasını vaxtında əngəlləmək lazımdır”.

Qeyd edək ki, iyunun 11-də Bakıda özəl bağçalardan birində tərbiyəçi qadının azyaşlı uşağı döyməsi ilə bağlı video-görüntü yayılıb. İnsanların məsələyə kəskin etirazından sonra tərbiyəçi işdən qovulub, bağça bağlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu