Əvvəli burada
http://teleqraf.com/news/toplum/175764.html
...Göteburqdan Stokholma qatarla cəmi 4-5 saatlıq yoldur. Bizi vağzalda həmyerlimiz Teymur bəy qarşıladı. Hotelə yerləşib bir az istirahət etdikdən sonra imza mərasimimizin və Cümhuriyyət tədbirimizin baş tutacağı kültür mərkəzinə (ABF-Huset) getdik.
İsveç Azərbaycan Federasiyası tərəfindən baş tutan Cümhuriyyət tədbirinin özəl qonaqları arasında Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, professor Nəsiman Yaqublu da vardı. Gürcüstanın İsveçdəki səfiri Malkhaz Kakabadze, eləcə də İsveçdə yaşayan həmyerlilərimiz tədbirə qatılmışdılar.
Tədbiri İsveç Azərbaycan Federasiyasının sədri Səttar Sevgin açdı. O, Cümhuriyyət haqqında danışdı, sonra sözü qonaqlara verdi. Professor Ədalət Tahirzadənin, Nəsiman Yaqublunun, Rəis Rəsulzadənin və bəndənizin Azərbaycan Cümhuriyyətinin tarixi haqqında çıxışları oldu.
Tədbirdə kitabımızın imza mərasimi baş tutdu, həmçinin Cümhuriyyət sərgisi keçirildi. 100 illiyin şərəfinə hazırlanan tortu Rəis Rəsulzadə kəsdi.
Stokholmdakı bu tədbir, həmçinin İsveç dilində olan kitabımız Azərbaycan-İsveç münasibətləri tarixində bir ilkə çevrildi. İlk dəfə Azərbaycan Cümhuriyyəti geniş şəkildə İsveç cəmiyyətinə tanıdıldı.
***
Növbəti gün Stokholmu gəzmək imkanı qazandıq. İlk baxışdan sadə şəhərə bənzəyən Stokholm Göteburqla müqayisədə daha qələbəlik idi. (Bizə verilən məlumata görə, türklərin “kalabalık” sözü İsveç dilinə də keçib...)
Əvvəlcə ev sahibini ziyarət etmək adəti olduğu üçün kralın sarayını görməyə getdik. Kralı kasıb gördüm, çünki sarayın ətrafını mərmərlə döşənmiş təsəvvür etdiyim halda, kiçik daş, çınqılla dolu idi. Əhali sarayın yanından etinasız şəkildə keçir, kralı demək olar ki, saya saymırdılar.
Saray isə kralın adına layiq şəkildə tikilib. Sarayın önündə dayanan mühafizlərdən biri onunla foto çəkdirməyimizə icazə verdi. Amma nəzərdə tutulan xətti keçdiyimiz üçün bir az hirslənmiş kimi də oldu. Kral kasıb olsa da, mühafizi qürurlu idi.
Osmanlıya sığınan kral
İsveç krallarından biri haqqında maraqlı hadisə danışdılar bizə.
XII Karl 1707-ci ildə Rusiyaya müharibə elan edir. 1709-cu ildə Poltava qalasını almaq istəyən İsveç ordusu Dəli Pyotrun komandanlıq etdiyi rus ordusu qarşısında ağır məğlubiyyətə uğrayır. XII Karl 2 min əsgəriylə birlikdə Osmanlı torpaqlarına sığınmaq məcburiyyətində qalır. Bender şəhərində 5 il qalan kralın bütün xərclərini Osmanlı dövləti çəkir.
Kral bunun müqabilində çəkilən xərcləri qarşılayacağına dair sənəd imzalayır. Daha sonra ölkəsinə qayıtmağa qərar verən kralla borcunu qaytarmaq üçün bir qrup Osmanlı əsgəri də yola düşür. Lakin şərait elə gətirir ki, Osmanlı əsgərləri geri dönə bilmir, Örebro şəhəri yaxınlığındakı Askersund qəsəbəsinə məskunlaşırlar, orada yaşayırlar.
Kral Osmanlıda yaşadığı müddətdə türk qəhvəsi və dolmanı çox xoşlayır. Onun bu zövqünə görə, yuxarıda qeyd etdiyimiz “kalabalık” sözü ilə yanaşı İsveç dilinə türkcədən “köşk”, “yoğurt” və “dolma” sözləri də keçib.
Nobelin bir addımlığında
Məşhur Nobel mükafatının verildiyi Stokholm bələdiyyə sarayının qarşısındayam. Hələ ki binaya uzaqdan baxıb köks ötürürəm. Ortada Nobellik əsərim olmadığına görə saraya əliboş getməyi özümə sığışdıra bilməsəm də, sarayın ətrafını görmək üçün səbirsizlənirəm. Nəhayət, çox uzaq olan gələcəkdə bu binada nitq söyləməyi düşündüyüm üçün indidən tanımaq arzusuna düşürəm.
Məni bir az da mükafata doğru həvəsləndirən tanınmış publisist, yazıçı Vahid Qazi olur.
Bu saray 1911-1923-cü illər aralığında tikilib. Memarı Ragnar Östberg olub. Binanın bir kənarında memarın büstü qoyulub.
Bələdiyyə sarayının içərisində yeni evlənən cütlük fotosessiya edirdi. Gənclərə bir yastıqda qocalmağı arzu etdikdən sonra heyran-heyran binanı izləməyə başlayıram. İlahi, Nobelə gedən yol nə qədər çətin imiş...
Yazılana görə 1901-ci ildən bu yana hər il oktyabrın ayının ikinci həftəsindən etibarən mükafatlar açıqlanır. Elm və ədəbiyyat mükafatları burada, sülh mükafatı isə Norveçdə verilir.
Möhtəşəm törən 10 dekabrda Alfred Nobelin ölüm günündə Stokholmda baş tutur.
Stokholmda sonuncu gün Cümhuriyyət konsertində iştirak etdik. Avropadakı həmvətənlərimizlə birlikdə 28 May istiqlal gününü təntənə ilə qeyd elədik. Aşıq Nargilə Mehdiyeva və digər sənətçilərimizin ifasını dinlədik.
Uzaqdakı həmvətənlərimizdən ayrılarkən kədərlənsək də, 28 may tarixini Ankarada Məhəmməd Əmin Rəsulzadənin məzarı önündə keçirəcəyimiz üçün qürurlu idik.
Beləliklə, növbəti dayanacağımız Ankara oldu...