13 İyun 11:46
2 653

Unudulmaqda olan retro mahnılarını peşəkarcasına yeni tərzdə aranjeman edib, repertuar tərtib edəcəyəm. Təbii ki, həmin mahnıların ruhuna toxunulmayacaq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında meyxana ustası Nicat Mənalı deyib. Onun sözlərinə görə, qarşıdakı aylarda gətirdiyi yeniliklər yalnız ifalarına deyil, üslubuna da təsir edəcək. O, ilk olaraq çəkdirdiyi “Məmləkətim” adlı klipi ilə izləyənlərin marağına səbəb olub:

“Sözləri və musiqisi özümə məxsus olan yeni “Məmləkətim” mahnsını ifa etmişəm və bu mahnıya klip çəkdirmişəm. Mahnı üslub və janr baxımından seçilir. Altı-səkkizlik ölçüsündə səslənən mahnı hip-hop üslubuna yaxındır. Nəfəs alətlərinin ifaçısı Samir Nadiroğlunun müşayiətiylə yanaşı rəqqasələrin xaotik rəqsləri ilə klipə rəngarənglik qatmışıq.”

N.Mənalı qeyd edib ki, klipi ərsəyə gətirməkdə məqsədi Azərbaycanın gözəl və füsunkar təbiətini nümayiş etdirmək olub:

“Azərbaycan turizm ölkələrindən birinə çevrilib. Bu mənada milli turizmə dəstək məqsədiylə çalışmışıq. Klip Bakı, Abşeron yarımadasında və ölkəmizin bir çox rayonlarında çəkilib. Gördüyünüz bütün kadrlar məxsusi olaraq klip üçün çəkilib. Yeni görüntülərdir və bu görüntülər heç yerdə yayımlanmayıb.”

Klipin rejissoru və operatoru Sənan Hüseynov, montaj və mahnının aranjeman müəllifi Həsən Ağayev (DJ Vebo), aranjeman asistenti Fariz Əliyev, koordinatoru Rüfət Behbudov, dron çəkilişləri üzrə operator Vahid Həsənov və yaradıcı işin piar meneceri Orxan Abbasovdur.

Qeyd edək ki, Nicat Mənalı meyxanaları ilə Rusiya Federasiyasında populyar ifaçılardan biri hesab olunur. Belə ki, onun müəllifi olduğu rus dilində “Krasaviça moya” (“Gözəlim mənim”) adlı mahnı Rusiyanın “TNT” telekanalında yayımlanan məşhur “İzmeni” teleserialının bir neçə seriyasında səslənib. O, bununla bağlı “TNT” telekanalı ilə müqavilə imzalayaraq, razılığa gəlib.


Müəllif: Cabbar
Загрузка...