Günel Aşırova adlı Azərbaycan vətəndaşı sosial şəbəkədə Dövlət Miqrasiya Xidmətini və onun rəisi Vüsal Hüseynovu tənqid edib.
Teleqraf.com xəbər verir ki, o, məlum paylaşımında Azərbaycanda DYİ (Daimi Yaşamaq İcazəsi) kartını yeniləmək istərkən problemlə üzləşdiyini bildirib.
Günel Aşırova yazıb:
“Ey Harvard məzunu, cənab rəis, may ayındakı 4 saatlıq görüş günündə neçə əcnəbi qəbul etdiniz? Azərbaycanda DYİ kartımın vaxtı bitir deyə yenidən uzatmaq üçün müraciət etməliyəm. Adı DYİ olsa da, 5 illik müddəti var. İlkin müraciət və uzatma üçün eyni prosedurdur. Mənim üçün heç bir güzəşt yoxdur.
Sayta daxil oldum, boşluqlar və səhvlərlə dolur. 5 ildə təkfə növbə promlemini tənzimləyiblər. Əvvəl səhər 10:00-da gedib növbədə 194-cü adam olurdum. İndi onlayn növbə götürə bilirsən. Saytda yazıldığına görə, bizim Azərbaycan haqqındakı dil, hüquq və tarixi biliyimiz müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır”.
Vətəndaş qeyd edir ki, yazılan məktubu ciddiyə almırlar deyə, xidmət rəisinin qəbulun getmək barədə qərar verib: “Rəsmi saytlarında yazılana görə, qəbul hər ayın sonuncu həftəsinin şənbə günü saat 09:00-13:00 arasında keçirilir. Hər 2 müavinin də ayda 1 dəfə, 4 saatlıq, 3-cü müavininsə saat 14:00-da cəmi 1 nəfərlik qəbul günü var. Qəbullarına da, 1 gün öncədən yazılmaq olur. Reallıqda isə görüşə yazılmaq, görüşmək real deyil”.
Məsələnin maraqlı tərəfi budur ki, Günel Aşırovanın ittihamına Vüsal Hüseynovun özü elə sosial şəbəkədə cavab verib:
“Qeydləriniz üçün təşəkkür edirəm. Vətəndaş qəbulu ilə bağlı 2 dəfə qəbul keçirmişəm: 28 aprel və 29 may tarixlərdə. Birincidə 73, ikincidə 92 vətəndaş qəbul etmişik. 4 may tarixində qəbul olmayıb. Qeyd etdiyiniz digər məqamlarla bağlı bu gün sizinlə əlaqə saxlayacaqlar”.
Vüsal Hüseynovun bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilib.