Azərbaycan Tibb Universitetinin mütəxəssisləri növbəti dəfə mürəkkəb hamiləliyin uğurla sonlandırılmasına nail olublar. Hamilə qadının bətnindəki körpəyə qan köçürülməsi sayəsində sağlam körpə dünyaya gəlib.
Universitetdən Teleqraf.com-a verilən məlumata görə əməliyyat Tədris Cərrahiyyə Klinikasında icra edilib.
Bu prosedur Avropada 1997-ci ildən, Türkiyədə 2009-cu ildən etibarən tətbiq edilir. Azərbaycanda isə yalnız ATU-nun Tədris Cərrahiyyə Klinikasında icra olunur.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sözlərinə görə, xəstə mart ayında klinikaya müraciət edib: “Xəstə müraciət edərkən döldə bütün orqanlara maye yığılmışdı. Qarın boşluğu, döş qəfəsi maye ilə dolu idi. Hətta maye o qədər çox idi ki, ürək çatışmazlığından dolayı, dəri altında da ödəm əmələ gəlmişdi. Analizlər və ultra səs müayinəsindən sonra uşaqda qan azlığı əlamətlərinin mövcudluğunu gördük. Məlum oldu ki, bu, xanımın 6-cı hamiləliyidir. Bunun müqabilində isə qadının yalnız bir övadı var. Ana mənfi, ata müsbət qan qrupuna malik olduğuna görə, digər körpələrini itiriblərmiş”.
T.Canbaxışov bildirir ki, mövcud riskləri nəzərə alaraq, ana bətnində dölə təcili qan köçürülüb: “İlk dəfə martın 19-da hamiləyə qanköçürmə aparıldı. Ümumi məlumat üçün deyim ki, normalda qan dəyəri 100-dən yuxarı olmalıdır. Amma dölün hemoqlobin dəyəri 17 idi. Qan köçürmədən sonra qan dəyəri 134 oldu, yəni təxminən 9 dəfə artmış oldu. Bu da onu göstərir ki, qan köçürmə əməliyyatımız müvəffəqiyyətlə icra olunub”.
Əməliyyat ultrasəs müayinəsi altında həyata keçirilib, ana bətnindəki dölün ciyəsinə kateterizasiya edilərək, dölə qan köçürülüb. Qan köçürlmə dölün çəkisinə uyğun olaraq tənzimlənib. Həkim bildirir ki, qan köçürülməsi mürəkkəb əməliyyatdır və özündə bir sıra risklər daşıyır.
“Qan köçürülməsi zamanı döldə reaksiyalar ola bilərdi, göbək ciyəsində tromb yarana bilərdi, sonradan döl qanı qəbul etməyə bilərdi. Lakin Qan Bankının operativliyi və laboratoriyanın dəqiqliyi nəticəsində qanköçürmə əməliyyatı uğurla nəticələnib.
ATU-da bu xəstənin bətnindəki dölə ümumilikdə 3 dəfə qan köçürülüb. Birinci dəfə prosedur hamiləliyin 23-cü həftəsində, ikincisi 26-cı həftədə, sonuncusu isə 30-cu həftədə icra edilib. Hər dəfə də dölün çəkisi artdığına görə, müxtəlif miqdarda qan köçürülüb.
Doğuş uğurla nəticələnib və iyunun 4-də sağlam körpə dünyaya göz açıb. Doğuşdan sonra körpə yeni doğulmuşlar reanimasiyası şöbəsinin müdiri Səadət Yaqubovanın nəzarəti altında olub. Artıq ana və körpəsi evə buraxılıb.
Ümumilikdə, bu, son 2 il ərzində ATU-da qan köçürülməsinin köməyilə doğulan 5-ci körpədir. Bu əməliyyata ata və ananın zidd rezuslu qan qrupuna malik olduğu hallarda ehtiyac yaranır. Risklərin qarşısını almaq üçün bu cür evliliklərdə ilk hamiləlik zamanı profilaktika məqsədilə iynə vurulmalıdır. Nadir hallarda həmin iynənin təsiri olmur və o zaman qanköçürmə əməliyyatını aparmağa ehtiyac yaranır. Onu da qeyd edək ki, respublikamızda bu proseduru həyata keçirən yeganə mərkəz ATU-nun Tədris Cərrahiyyə Klinikasıdır.