13 İyun 2018 22:39
5 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

1918-ci ilin mayın 28-də Azərbaycan Cümhuriyyəti elan edilərkən qarşıda iki hədəf vardı: Müstəqilliyin qorunması, müstəqilliyin tanınması.

Cümhuriyyət liderləri tək ümid bəslədikləri dövlət olan Osmanlıdan hərbi dəstək aldıqları müddətdə də bu vəziyyətin müstəqilliyə xələl gətirməməsinə çalışdılar. Hələ müstəqillikdən öncə Gəncədə bir Osmanlı zabiti ilə görüşən gələcək baş nazir Nəsib bəy Yusifbəyli ona belə demişdi: “Azərbaycana bir türk ordusu gələ bilər və lazımdır da. Ancaq qorxduğumuz bir nöqtə var. Türklər bizi İstanbuldan idarə etməyə cəhd göstərməsinlər. Biz xalqın hər sinif və təbəqəsinin bərabərliyinə əsaslanan bir hökumət qurmaq fikrindəyik... Halbuki, Osmanlı padşahlığının idarəçiliyi də rejim etibarilə Çar Rusiyasından fərqsizdir. Əlbəttə, Osmanlı türkləri bizim böyük qardaşımızdır, amma Bakı İstanbuldan idarə edilə bilməz”.

Buna görədir ki, Azərbaycan Cümhuriyyəti hökuməti istiqlaliyyət əldə edildiyi gündən etibarən dövlətin tanınması üçün bütün gərəkli addımları atdı. Ən önəmli addım isə Paris Sülh Konfransına nümayəndə heyətinin göndərilməsi idi.

Versal – Dünyanın taleyinin həll edildiyi saray

Yüz il bundan öncə I Dünya müharibəsi bitdiyi zaman qaliblər məğlubların taleyini müəyyənləşdirmək üçün Parisdə konfrans keçirməyə qərar verdilər. ABŞ, İngiltərə, Fransa, İtaliya və Yaponiya bu tarixi konfransın təşkilatçısı oldu. Konfransın əsas məqsədi qalib gələn Antanta dövlətləri ilə məğlub olan Almaniya bloku arasında saziş bağlamaq, eləcə də, parçalanmış Rusiya imperiyasının gələcəyi ilə bağlı qərar vermək idi. XX əsrin siyasi xəritəsinin müəyyənləşdiriləcəyi bu tədbirdə Cənubi Qafqazda müstəqilliklərini elan etmiş üç ölkə mütləq şəkildə iştirak etməli, mövcudluqlarını tanıtmalı idilər. Bu məqsədlə Azərbaycan Cümhuriyyəti hökuməti 1918-ci ilin dekabrında Parisə göndəriləcək nümayəndə heyətinin tərkibini bu şəkildə müəyyənləşdirdi:

Sədr: Əlimərdan bəy Topçubaşov (Azərbaycan Cümhuriyyəti parlamentinin sədri)
Sədrin müavini: Məhəmmədhəsən Hacınski (Hökumət üzvü)
Heyətin üzvləri: Əhməd bəy Ağayev, Əkbər ağa Şeyxülislamov (Parlament üzvləri)
Məsləhətçilər: Miryaqub Mehdiyev (Parlament üzvü), Məhəmməd Məhərrəmov, Ceyhun bəy Hacıbəyli (rəsmi dövlət qəzeti “Azərbaycan”ın redaktoru)

Heyət yola düşür

1919-cu il yanvar ayının 6-da nümayəndə heyətinin üzvlərinə hökumət tərəfindən şəhadətnamələr, yanvar ayının 7-də isə heyətin sədri Əlimərdan bəy Topçubaşova xarici işlər naziri Fətəli xan Xoyski tərəfindən diplomatik pasport verildi. Hökumət rəhbəri tərəfindən heyətə verilən etimadnaməyə görə, heyət Versal Sülh Konfransında Azərbaycan Cümhuriyyətini təmsil etmək, eləcə də, dövlət adından hər cür siyasi, iqtisadi, maliyyə xarakterli müqavilələr imzalamaq səlahiyyətinə malikdi.
Heyətin sədri Əlimərdan bəy Topçubaşov həmin vaxt İstanbulda fövqəladə səlahiyyətli səfir kimi fəaliyyət göstərdiyi üçün nümayəndə heyəti 1919-cu il yanvar ayının 9-da müavin M.Hacınskinin rəhbərliyi ilə yola düşdü, ayın 14-də Batuma çatdılar. Heyət yanvarın 18-də Gürcüstan və Şimali Qafqaz nümayəndələri ilə birgə Batumdan İstanbula doğru yola düşdülər,

Yanvar ayının 20-də nümayəndə heyəti İstanbula çatdı, ayın 22-də Topçubaşovun sədrliyi ilə heyətin ilk iclası keçirildi. Əlimərdan bəy nümayəndə heyətinin qarşısında çıxışı zamanı heyətin əsas vəzifəsini konkret olaraq bu şəkildə izah etdi: “Bizim vəzifəmiz Azərbaycanın əldə olunmuş istiqlaliyyətini və müstəqilliyini möhkəmləndirməyə xidmət etməkdir... Biz bəlli ərazilərimizdə azad və müstəqil olmaq istəyirik”.

Viza problemi

1919-cu il yanvar ayının 18-də Versal sarayında Paris Sülh Konfransı öz işinə başladı. Fransanın Baş naziri Jorj Klemanso konfransın prezidenti seçildi. Robert Lansinq (ABŞ), Devid Lloyd Corc (Böyük Britaniya), Orlando (İtaliya) və Sayandzi (Yaponiya) konfransın vitse-prezidentləri seçildilər və Jorj Klemanso, Devid Lloyd Corc və Vudro Vilsondan ibarət “böyük üçlük” yaradıldı.
Azərbaycan nümayəndə heyəti Fransadakı ermənilərin törətdiyi təxribatlar nəticəsində Parisə vizanı çox gec, aprel ayının 15-də ala bildilər. Ermənilər nümayəndə heyətinin üzvü Əhməd bəy Ağayevi ittihadçıların lideri, müttəfiq dövlətlərin əleyhdarı kimi qələmə verdikləri üçün onun və bəzi üzvlərin Parisə getmək imkanı olmadı.

Nəhayət, heyət aprel ayının 22-də İstanbuldan Parisə doğru yola düşdü, mayın 7-də Parisə yetişdilər.

Vilsonun 14 maddəsi

1918-ci ilin yanvarın 8-də ABŞ prezidenti V.Vilson müharibədən sonra dünyanın ədalətli bölgüsünü təmin etmək üçün “14 maddəlik” sülh proqramı ilə çıxış etdi. Bu maddələrdə diplomatiyanın açıqlığı, dənizlərdə gəmilərin üzməsinin sərbəstliyi, müstəmləkələrin tələblərinin ədalətli həlli, ümumi tərksilah, ticarətdə süni maneələrin ləğvi, millətlər cəmiyyətinin təşkili və digər təkliflər öz əksini tapdı.

Hələ nümayəndə heyəti yola düşməmişdən öncə Azərbaycan hökuməti Türkiyə ilə qalib dövlətlər arasında bağlanan Mudros müqaviləsindən (30 oktyabr, 1918) sonra noyabrın 10-da ABŞ prezidentinə teleqram göndərmişdilər. Belə ki, baş nazir Fətəli xan Xoyski və xarici işlər naziri vəzifəsini icra edən Adil xan Ziyadxanov Vudro Vilsona teleqramla müraciət etdilər. Teleqramda Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına Vilsonun kömək etməsi xahiş edilirdi: “Avropanın böyük dövlətlərinə müraciət etməzdən əvvəl, Azərbaycan xalqı və hökuməti əzilən kiçik xalqların müdafiəçisi kimi sizin humanist şəxsiyyətinizə müraciət edib yardım almağa və tanınmağa ümid bəsləyir”.

Vilsonla görüş

Nümayəndə heyəti Parisə çatan kimi aktiv fəaliyyətə başladı. Mayın 28-də heyət Azərbaycan Cümhuriyyətinin istiqlalının birinci ildönümündə konfransın əsas lideri ABŞ prezidenti Vudro Vilsonla görüşdülər.
May ayının 28-də günün birinci yarısında Ə.Topçubaşovu ABŞ nümayəndə heyətinin üzvü, Amerika diplomatı Henri Morqentau qəbul etdi. H.Morqentau Amerika kapitalının Azərbaycana istiqamətləndirilməsinin və Azərbaycan hökumətinə maliyyə yardımı göstərilməsinin mümkünlüyünü qeyd etdi. Danışıqlar zamanı günün ikinci yarısı keçiriləcək prezident V.Vilsonla Azərbaycan nümayəndələrinin görüşünün bir sıra mühüm məqamları müzakirə edildi.
May ayının 28-də günün ikinci yarısı Azərbaycan nümayəndə heyəti prezident V.Vilson tərəfindən qəbul edildi. Topçubaşov ABŞ prezidentinə açıq şəkildə hökuməti adından bunları dedi: “Sizi əmin edirik ki, müstəqil yaşamaq üçün bizdə hər şey vardır... Biz Azərbaycan üçün yalnız öz parlamentimizi və öz hökumətimizi tanıyırıq və tanıyacağıq”.
Görüşdə Azərbaycanın aşağıdakı tələbləri Vilsona təqdim edildi:
1. Azərbaycanın müstəqilliyi tanınsın;
2. Vilsonun prinsipləri Azərbaycana da şamil edilsin;
3. Azərbaycan nümayəndələri Sülh konfransına buraxılsın;
4. Azərbaycan Millətlər Cəmiyyətinin üzvlüyünə qəbul edilsin;
5. ABŞ-ın hərbi departamentliyi Azərbaycana hərbi yardım göstərsin;
6.ABŞ-la Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılsın.
Bu tələblərin qarşısında isə Vilson bunları təklif etdi:
1. Amerika dünyanı kiçik hissələrə bölmək istəmir;
2. Əgər Azərbaycan Qafqaz Federasiyası yaratmaq fikrinə qoşulsa, bu, onun üçün yaxşı olar;
3. Bu Konfederasiya Millətlər Cəmiyyətinin təklifi ilə hər hansısa bir dövlətin köməyinə arxalana bilər,
4. Azərbaycan məsələsi rus məsələsindən əvvəl həll edilə bilməz.

Ceyhun Hacıbəylinin xatirəsi

Nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəyli sonralar ABŞ prezidenti Vudro Vilsonla görüşlə bağlı xatirəsini yazıb. Xatirəsində Ceyhun bəy qeyd edir: “Tarix 28 may, 1919-cu il. Parisdə gözəl, günəşli bir gün vardı. Bu gün Azərbaycan xalqının öz müqəddaratına hakim olduğunun və istiqlaliyyətini elan etməsinin ildönümü idi. Qədərin təsadüfünə bax ki, bu müqəddəs gündə qardaş Şimali Qafqazın nümayəndə heyətinin rəhbəri mərhum Əbdülməcid bəy Çermo bizə xəbər verdi ki, bu gün Prezident Vilson Azərbaycan və Şimali Qafqaz nümayəndələrini qəbul edəcəkdir. Bu təsadüf bizə simvolik görünməklə qəlbimizdə çox böyük ümidlər oyandırdı.

Günortadan sonra saat 3 radələri idi. Hər iki qardaş dövlətin nümayəndə heyəti üzvləri Prezident Vilsonla görüşmək üçün o zaman Place des Etats Unis meydanında yerləşən Amerika səfirliyinə getdik. Pilləkanın kənarına düzülmüş və bizi salamlayan şərəf heyətinin önündən keçdikdən sonra məiyyətindəki bir çox şəxslə bərabər bizi gözləyən Prezident Vilsona yaxınlaşaraq onu hörmətlə salamladıq.

Milli Azərbaycan Cümhuriyyəti mürəxxəs heyətinin sədri Əlimərdan bəy Topçubaşı tərcüməçi vasitəsilə hər iki qardaş millətin Amerika ilə siyasi münasibətlər təsis etmək arzusunda olduğunu izah etdi”.

Vilson qolundakı saata baxır

Ceyhun bəy xatirəsində söhbət əsnasında Vilsonun qolundakı saata baxdığını qeyd edir. Yəni prezident bununla vaxtının azlığına işarə edib: “Əlimərdan bəy Topçubaşı müfəssəl çıxışında Prezident Vilsonun 14 maddəlik proqramından bəhs edərkən, xüsusilə, böyük və kiçik millətlərin öz müqəddəratlarının özləri tərəfindən təyin edilməsi məsələsi üzərində əsaslı şəkildə dayandı. Əlimərdan bəyin danışığı əsnasında prezidentin bir ara qolundakı saatına baxması nəzərimizdən qaçmadı. Dünya vəziyyəti haqqında cavab olaraq qısaca izahat verdikdən sonra belə dedi: “Biz millətlərin haqq və hüququnu tanımaq və öz müqəddəratının təyinini öz iqtidarlarına verməklə bərabər, indiki siyasi vəziyyətdən dolayı birləşdirmək niyyəti və təşəbbüsündəyik”.

Vilsonla görüşü kim təşkil etmişdi?

Ceyhun Hacıbəylinin xatirəsindən bu tarixi görüşün kimin təşkil etməsini də öyrənirik: “Prezident Vilsonla görüşümüz rəsmi deyil, şəxsi təşəbbüslər nəticəsində əldə edilmişdi. Parisdə müttəfiqlərin rəsmi dairələri bizi tanımaq istəmədiyi bir məqamda Əbdülməcid bəy Çermonun tanıdığı məşhur neft krallarının vasitəsilə bu görüş təşkil edilmişdi. O zaman Bakı və Qroznı neft mədənləri bir çox kapitalistləri maraqlandırırdı”.

Qaliblər səhvlərini başa düşür

Vilsonun Azərbaycanı tanımamasının səbəbini T.Svyatoçevski belə izah edir: “Versaldakı güclər ayrılmaq istəyən hökumətləri tanıyaraq gələcəyin Rusiyasına qarşı sərbəst hərəkət etmələrini itirməmək üçün tələsmirdilər”.

Amma qaliblərin Cənubi Qafqaz məsələsinə biganə yanaşmaları Rusiyada qüvvələr balansının dəyişməsindən sonra fərqli məcraya yönəldi. Müttəfiqlərin dəstəklədiyi general Denikinin ard-arda məğlubiyyəti, bolşeviklərin faktiki gücə çevrilməsi qarşısında Cənubi Qafqaz dövlətlərinə olan münasibəti dəyişdirdi. Böyük Britaniyanın Baş naziri Lloyd Corc 1919-cu ilin noyabr ayının 17-də İngiltərə Parlamentinin İcma palatasındakı çıxışında iki dəfə Azərbaycan və Gürcüstanın adını çəkdi. Müttəfiqlər başa düşürdülər ki, bolşeviklərin Qafqazda qalib gəlməsi bolşevizmin İran, Türkiyə, Orta Asiyaya yayılması deməkdir.

Buna görə də Böyük Britaniyanın təşəbbüsü ilə 1920-ci il yanvar ayının 10-da Paris Sülh konfransı Ali Şurasının sessiyası çağırıldı. Sessiyada bildirildi ki, Cənubi Qafqazda üç mühüm hadisə baş verir: Birincisi, bolşevik Rusiyasının qoşunları cənub istiqamətində hərəkət edir, ikincisi, geri çəkilən Denikin ordusu bu respublikalara soxula bilər, üçüncüsü, kamalçılar Rusiya ilə razılıq əsasında bu respublikalara müdaxilə edə bilər. Ona görə də Azərbaycan və Gürcüstan de-fakto tanınmalıdır. Yanvarın 11-də Müttəfiqlərin Ali Şurası İngiltərənin xarici işlər naziri Lord Kerzonun təklifi üzrə bu məzmunda bir qərar qəbul etdi: “Müttəfiq və birlik ölkələri Аzərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar”.

Yanvar ayının 15-də Fransa xarici işlər nazirliyinin Baş katibi Jül Kambon Ali Şuranın üzvləri və müttəfiq ölkələr tərəfindən Azərbaycanın de-fakto tanınması barədə Paris Sülh konfransının rəsmi qərarını Ə.M.Topçubaşova təqdim etdi.

Bu tarixi hadisənin iştirakçılarından Miryaqub Mehdiyev sonralar yazırdı: “Bu iki ölkənin nümayəndəsi xarici işlər nazirliyinə dəvət olundu. Orada müsyö Kambon Konfrans admdan hörmət əlaməti olaraq onlara öz minnətdarlığını bildirdi. Müsyö Kambon bəyan etdi ki, Azərbaycan və Gürcüstan respublikaları beynəlxalq hüquq normalarına uyğun şəkildə rəsmi olaraq müstəqil dövlətlər kimi tanınmışlar. Bu andan başlayaraq hər iki ölkə rəsmi surətdə Ali Şura ilə əlaqəyə girə bilər, öz ehtiyaclarını, qeydiyyata alınmalarını, konfransın iclaslarında qanuni haqlarını, bərabərhüquqlu üzv olmalarını tələb edə bilərlər. Bundan başqa, Kombon bildirdi ki, bu dövlətlərin hökumətlərinin tanınması aktı, eyni zamanda onların Rusiyadan ayrılmalarının tanınması ilə müşaiyət olunmalıdır. Buradan çıxış edərək demək olar ki, Azərbaycan və Gürcüstan respublikaları bu gündən etibarən suveren dövlətlər hesab ediləcək”.

Beləliklə, Azərbaycanın müstəqilliyi 1920-ci ilin yanvar ayının 11-də de-fakto olaraq Paris Sülh konfransı tərəfindən tanındı.

Yanvarın 14-də isə Azərbaycan Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli vətəndaşlara müraciət edərək tanınma haqqında məlumat verdi. 14 yanvar Azərbaycanda qeyri-iş günü elan edildi.

Vilsona qarşı böyük güc

Vudro Vilson Versal müqaviləsinə qol çəksə də, ABŞ konqresi bu müqaviləni ratifikasiya etmədi. Bu dövrdə ABŞ-ın hakim dairələri içərisində xarici siyasətdə iki meyl yarandı. Bunlardan biri təcridçilik, ikincisi isə beynəlmiləlçilik idi. Birinci meylə respublikaçıların ən nüfuzlu nümayəndəsi Lodc başçılıq edirdi. O, göstərirdi ki, biz ilk prezidentimiz Corc Vaşinqtonun vəsiyyətinə əməl etməli və narahat Avropadan kifayət qədər kənarda dayanmalıyıq. Beynəlmiləlçilər isə belə fikir irəli sürdülər ki, ABŞ dünyanın tərkib hissələrindən biridir. O, ancaq dünya ölkələri ilə əlaqədə öz inkişafını təmin edə bilər.
Beləliklə, 1920-ci ilin martın 19-da Versal müqaviləsinin qəbul edilməsindən imtina edən qətnamə qəbul edildi.

Vilsonun ölümündən sonra


ABŞ-ın 28-ci prezidenti (1913-1921) Vudro Vilson 3 fevral 1924-cü ildə vəfat etdi. Parisdə Azərbaycan Cümhuriyyətinin tanınmasına qarşı çıxsa da, nümayəndə heyətimizi qəbul etməsi Azərbaycan üçün mühüm şans idi. Azərbaycan-Amerika diplomatik münasibətləri məhz Cümhuriyyətin bir yaşında baş tutmuş tarixi görüşlə başlayır.

1924-cü ildə Vilson vəfat etdiyi zaman Əlimərdan bəy Topçubaşov Parisdə, Məhəmmədəmin Rəsulzadə isə İstanbulda idi. Vilsonun ölüm xəbərini eşidən Rəsulzadə İstanbulda nəşr etdirdiyi “Yeni Kafkasya” jurnalının 10-cu sayında “Rəis Vilsonun vəfatı münasibətilə” adlı yazı dərc etdirdi. Rəsulzadə Parisdə Vilsonun oynadığı rolu çox mükəmməl şəkildə belə izah edib: “Vilson siyasi bir Məsih rolu oynamaq istəyərkən İuda vəzifəsini həyata keçirmiş oldu!... Amerika “İsa”lıq şöhrətini öz rəisi ilə bölüşmək istəsə də, “İuda”lıq sifətində özünü şərik görmək istəmədi: Versal müqaviləsini rədd etdi... Vilson prinsipləri mərhum Amerika prezidentinin adına yazılsa da, əslində, bu prinsiplər onun məhsulu deyildi. Bunlar zamanın əfkari-ümumiyyəsinə hakim olan fikirlərin xülasəsi idi”.
Rəsulzadə 1923-cü ildə Stalinə yazdığı tarixi məktubunda da Azərbaycanın Vilsona böyük ümid bəslədiyini yazırdı: “Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər. Bu məqsədlə də onlar özlərini əsir edən qüvvələrə qarşı mücadilə edirlər və bu mücadilələrində onlara yardım edə biləcək müttəfiqlər axtarırlar. Bir zaman onlar Vilsonun prinsiplərinə inandılar; sizin şüarlarınız isə onlara daha cəlbedici göründü. Fəqət, heyhat, Vilson prinsipləri Versal, Trianon və Sevr müqavilələrinə müncər oldusa, sizin şüarlarınızla Ukrayna, Türküstan və Qafqazın yenidən istilası ilə nəticələndi. Buna görə də vətənim Azərbaycanın sizin işğal və əsarətinizə qarşı mücadiləyə qəhrəman Türkiyənin Antantaya qarşı icra etdiyi mücadilə qədər müqəddəs bir haqqı vardır”.

72 il sonra

ABŞ Paris Sülh Konfransında Azərbaycanı tanımasa da, 9 il sonra bu ölkədə maraqlı bir addım atıldı. 1929-cu ildə Amerika Birləşmiş Ştatları konqresinin xarici əlaqələr komitəsindən mister Kopeland tərəfindən Qafqaz dövlətlərinin tanınması ilə bağlı layihə təqdim edildi. Təklifdə əsasən Gürcüstandakı vəziyyətdən bəhs edilir, daha sonra Azərbaycan və Şimali Qafqaz dövlətlərində də eyni halın baş verdiyi bildirilirdi. Qanun layihəsinin sonunda qeyd olunurdu ki, prezidentin münasib bildiyi bir vaxtda Gürcüstan, Azərbaycan və Şimali Qafqaza ABŞ-ın diplomatik nümayəndəsinin təyin edilməsi məsələsi konqresə təklif olunur.

Lakin ABŞ-ın SSRİ-ni tanımasından sonra bu kimi cəhdlərin real nəticəsi olmasa da, Azərbaycan nümayəndə heyətinin Parisdəki fəaliyyəti illər sonra nəticəsini verdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ABŞ müstəqil Azərbaycanı tanımalı oldu. 25 dekabr 1991-ci ildə ABŞ Azərbaycanı tanıdı, 28 fevral 1992-ci ildə isə diplomatik münasibətlər quruldu. 1992-ci ilin martında ABŞ-ın Azərbaycanda səfirliyi, 1992-ci ilin noyabr ayında isə Azərbaycanın ABŞ-da səfirliyi açıldı.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər