14 İyun 2018 10:09
1 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı sürücüləri çaş-baş salan şaiyələr yayılıb. Bildirilir ki, guya avtomobilin üzərində qərarsız cərimələr olduqda texniki baxışdan keçirilə bilər.

“Yol hərəkəti haqqında” qanuna edilən son dəyişikliklərdən birində bu məsələyə tam olaraq aydınlıq gətirilib və qərarsız cərimələri olan sürücülərin avtomobili texniki baxışa təqdim edərkən qərarsız cərimələrə görə nə ilə üzləşə biləcəyi tam aydın şəkildə yazılıb.

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzindən Avtosfer-ə bildirilib ki, son günlər yayılan şaiyələr sürücüləri çaşdırmasın. Qanunvericiyilin tələbinə uyğun olaraq texniki baxışa təqdim olunan nəqliyyat vasitəsinin üzərində olan və qanuni qüvvəyə minmiş cərimələr ödənilməyibsə texniki baxış zamanı həmin cərimələrin ödənilməsi tələb olunur. Əks halda, avtomobilin texniki baxışdan keçirilməsindən imtina edilir.

Eyni zamanda, qərarsız cərimələr texniki baxış zamanı çap olunaraq sürücüyə rəsmən təqdim edilir ki, bu da 10 gündən sonra sürücüyə həmin cərimələri ödəmək imkanının yaradılması deməkdir. Hər iki hal qanunla tənzimlənir və bununla razılaşmayan sürücünün avtomobili texniki baxışdan keçirilmir. Qərarsız cərimələrin bildirişi sürücüyə təqdim edilmədən ona hər hansı texniki baxış talonu verilə bilməz.

Müayinə Mərkəzindən onu da bildirdilər ki, sürücülər cərimələri ödədikdən sonra avtomobili istənilən vaxt texniki baxışa təqdim edə bilərlər. Çünki texniki baxış məntəqələri həftənin şənbə-bazar günləri, eləcə də bayram günlərində də səhər saat 9-dan axşam saat 18.00-a kimi öz işini davam etdirir.


Müəllif: Teleqraf.com