Şəmkirin Çardaxlı kəndində 1993-cü ildən sonra Qocalar evi bağlanıb. Oranın bağlanmasına səbəb müraciət edənlərin olmaması olub.
O vaxta qədər isə həmin qocalar evində yer tapmaq olmurdu. Kənd sakinlərinin bildirdiklərinə görə, bu vaxta qədər həmin qocalar evi ağzına qədər yaşlı insanlarla dolu olub. Buna səbəb isə kənddə olan ermənilərin və rusların ora atılması idi. Sakinlər bunu Azərbaycan mentalitetilə əsaslandırırdılar.
Lakin son illər bu amillər tamam tarımar olub. Hazırda istər qocalar evlərində, istərsə də, uşaq evlərində vəziyyət acınacaqlıdır. Vəziyyət o qədər ağırlaşıb ki, hazırda qocalar evinə kimisə yerləşdirmək çox çətin prosedura çevrilib. Səbəb isə həmin müəssisələrdə yer olmamasıdır.
Statistikaya nəzər salanda görərik ki, 2013-cü ildə il Azərbaycanda 961 uşaq övladlığa verilib. Onlardan 204-ü 1 yaşadək, 429-u 1-5 yaşlı, 183-ü 6-10 yaşlı, 145-i 11-17 yaşlı uşaqlar olub. Bir o qədər də, 757 uşaq internat məktəblərində, kimsəsilər evindədir. Bu ilin son 6 ayına görə isə hazırda yetimxanalarda olan uşaqların sayı 685-dir.
Sovet dövrünə diqqət yetirdikdə görərik ki, iqtisadi vəziyyətin ağırlığına baxmayaraq, övladını küçəyə atan ailəyə çox nadir halda rast gəlinirdi. İndi isə belə sürətli dəyişikliyin əsas səbəbi cəmiyyətdə maddi dəyərlərin əsas götürülməsidir. Ekspertlərin fikrincə məhz bu səbəbdən də, küçəyə atılan yaşlıların və tərk edilən körpələrin sayı artır.
Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, bu gün Azərbaycanda insanların bir-birinə münasibəti arzu olunmayan istiqamətdə dəyişib. Onun sözlərinə görə, əvvəllər ailəyə, valideynə və övlada münasibətdə insanlar özlərini daha məsuliyyətli hesab edirdilər.
“Daha çox mənəvi dəyişmələr hesabına ailə münasibətlərdə soyuqluq artır. Kimlərsə bunu kasıblıqla bağlayır. Amma bu belə deyil. Çünki müharibə dövründə Azərbaycanın vəziyyəti indikindən daha pis olub. O vaxt belə deyildi. İnsanlar, ələlxsus gənclər ailə üzvlərinə daha çox qayğıkeş münasibətdə olurdu. Bu vəziyyətlə bərabər qocalar evi arzu edilən şəkildə deyil”, - deyə Əhməd Qəşəmoğlu vurğulayıb.
Ekspert deyir ki, Azərbaycan ailəsində heç zaman indiki kimi gərginlik yaşanmayıb: “Əvvəllər ailədə gəlin indiki kimi qaynataya, qaynanaya pis münasibətdə olmayıb. Həmişə gəlinlər evin böyüyünə xoş münasibət göstərməyi üstün tuturdularsa, indiki gənc gəlinlər evin yaşlılısından tez yaxa qurtarmasını arzulayırlar. Bu psixoloji dəyişikliklər gərgin vəziyyət yaradıb”.
Əhməd Qəşəmoğlu deyir ki, bütün dünyada, o cümlədən Azərbaycanda mənəvi dəyərlərdən çox maddi dəyərlər qabağa keçir. Bundan əlavə, sosial şəbəkələr, internet və s. vəziyyətin pisləşməsinə yalnız vasitəçidir. Ekspert çıxış yolu kimi əsas təbliğat aparılmağı vacib bilir.
“Sovet dövründə mənəvi dəyərlərə üstünlük verilirdi. Bu da ailəni köklü şəkildə formalaşdırırdı. İnsanlar daha çox bir-birindən maddiyyət umurlar. İndi elə etmək lazımdır ki, mənəvi dəyərlərə daha çox üstünlük verilsin. Burada təbliğat əsas rol oynayır. Burada elmi əsaslı proqramlar hazırlanmalıdır. Tədqiqatlar aparılmalıdır”, - deyə Əhməd Qəşəmoğlu əlavə edib.
Qeyd edək ki, ötən gün Bakının Qaradağ rayonunda orta yaşlı kişi küçənin ortasına atılmışdı. Nizami Qurbanov adlı kişi xəstə olduğu üçün işləməyə taqəti yoxdur. Bu səbəbdən də onu küçəyə atıblar. Onu müvəqqəti sığınacaqla təmin etsələr də, onun ailə üzvləri ilə əlaqə yaratmaq mümkün olmadı. İndi Nizami Qurbanov kimi bir çoxları bu vəziyyət düşüblər. Ekspertlər isə əsas problemi cəmiyyətdə inkişafla bərabər insanların real həyatla bağlılığı itirmələrilə əlaqələndirirlər. Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev bildirib ki, indiki gənclər həyatlarını virtual aləmdə qurublar.
“Çox təəssüf ki, Azərbaycanda mənəvi dəyərlər alt-üst olub. Əgər bu gün ailədə valideynə baxmamaq normal sayılırsa, bu cəmiyyətin bədbəxtliyidir. İndiki gənclər qəhrəmanlıq dalınca qaçırlar. Bu zaman da öz vəzifələrini və borclarını unudurlar. İnsanlar unudurlar ki, vətən, valideyn, övlad qarşısında borcludurlar”, - deyə Dəyanət Rzayev bildirib.
Ekspertin fikrincə əsas problem insan beyinlərinin virtual aləmə bağlanmasıdır. Bunun da qarşısını almaq üçün insanlar arasında təbliğat aparmaqdır: “Çalışıb insanları real həyata qaytarmaq lazımdır. İnsanlar arasında canlı ünsiyyəti bərpa etmək gərəkir. Bu da sosioloqların, psixoloqların və QHT cəmiyyətlərinin funksiyasıdır”.
/anspress/