20 İyun 2018 09:53
2 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il mayın 28-də Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərdə iştirak edərkən Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Kültür Dərnəyini də ziyarət etdim.

Dərnəyin sədri Cəmil Ünalla söhbət zamanı otağın divarındakı bir çərçivə diqqətimi çəkdi. Çərçivədə üzərində adlar siyahısı olan iki köhnə dəftər vərəqi vardı. Vərəqlərin yanında isə siyahının mahiyyətini açıqlayan qeyd yazılmışdı:

“Çox dəyərli Cəmil bəy.

Bu əski sənədi Sizə təqdim etməyi özümə borc bildim. Sənəd atam – yazıçı-jurnalist, əski müsavatçı Məmməd Əkbərin şəxsi arxivində sovet dönəminin ən ağır totalitar repressiya zamanlarından sevə-sevə qorunub saxlanılıb. 1998-ci ildə sevimli anam – Səyyarə xanım sənədi mənə verib, onu qorumağımı tövsiyə etdi. Bu kağız parçasının çox önəmli olmasının səbəbi budur.

20-ci illərin sonu, 30-cu illərin əvvəllərində Müsavat Partiyasının Bakıda gizli fəaliyyət göstərən üzvlərinin siyahısıdır. Burada adları keçən insanların bir qismi Sibir çöllərində sürgün həyatı yaşamış, bir qismi repressiya maşınının qurbanı olmuş, bir qismi isə ürəklərində Müsavat sevgisi ilə yana-yana yaşamışlar.

Bu kağız parçasını Azərbaycan Kültür Dərnəyinə təqdim etməyi atamın ruhu qarşısında mənəvi borcum olduğunu söyləməkdən qürur duyuram.

Sevgi və sayğılarımla Səidə Qocamanlı. Bakı şəhəri, 09.10.2011”.

Göründüyü kimi bu tarixi sənədi dərnəyə hüquq müdafiəçisi Səidə Qocamanlı hədiyyə edib.

Məmməd Əkbər kimdir?

Məmməd Əkbər 1909-cu il mayın 5-də Ordubad şəhərində ipəkçi ailəsində doğulub. 1924-cü ildə “Ordubad klubunun halı” adlı ilk məqaləsi “Yeni fikir” qəzetində çap olunub. 1925-ci ildə ibtidai təhsilini başa vurub, ardınca 2 il dövlət hesabına Ordubadda açılan kəndli gənclər məktəbində təhsil alıb. Bu məktəbin direktoru Vəli Məmmədov 1927-ci ildə onu əlaçı məzun kimi təhsilini davam etdirmək üçün Naxçıvan pedaqoji texnikumuna göndərib.

Təhsil illərində o, “Şərq qapısı”, “Kommunist”, “Yeni yol”, “Kəndli” qəzetləri, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edib.

Məmməd Əkbər 1928-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirib. “Kommunist” qəzetində oçerkist, şöbə müdiri vəzifələrində çalışıb. 1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsilini qiyabi davam etdirib.

Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin təklifi ilə Məmməd Əkbər 1943-cü ildən “Ədəbiyyat qəzeti”nin məsul katibi vəzifəsinə dəvət olunub və ömrünün sonunadək həmin qəzetdə müxtəlif vaxtlarda məsul katib, tənqid şöbəsinin müdiri, xüsusi müxbir vəzifələrində çalışıb.

Məmməd Əkbər 1948-1952-ci illərdə Bakı şəhər sovetinin deputatı olub. 1974-cü il dekabrın 10-da 65 yaşında Bakı şəhərində vəfat edib.

Siyahıda kimlər var?

Məmməd Əkbərin arxivində olan siyahının həqiqətə nə qədər uyğun olub-olmaması geniş tədqiqatın mövzusudur. Bizim gördüyümüz sənəddə Məmməd Əkbərin özü də daxil olmaqla aşağıdakı bəzi məşhur şəxslər gizli Müsavatın üzvü kimi göstərilir:

Seyid Hüseyn

Məhəmməd Səid Ordubadi

Cəfər Cabbarlı

Səməd Mənsur

Hacı İbrahim Qasımov

Abbas Mirzə Şərifzadə

Mirzəağa Əliyev

Hüseyn Sarabski

Seyid Şuşinski

Həsən Səbri

Əziz Şərif

Əhməd Cavad

Üzeyir Hacıbəyov

Hüseyn Cavid.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər