21 İyun 2018 12:46
3 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Ermənistanın gündəmində olan məsələlərdən ən önəmlisi, heç şübhəsiz, təcavüzkar ölkədə həyata keçirilən həbslərdir. Söhbət təbii ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkənin müdafiə nazirinin sabiq müavini (2000-2008), Respublika Partiyasının deputat fraksiyasının üzvü, “Qarabağın qəhrəmanı”, “Yerkpar” Könüllülər İttifaqının rəhbəri, “Tuşenka Manvel” ləqəbli ehtiyatda olan general-leytenant Manvel Qriqoryanın və “Don Pipo” ləqəbli kriminal avtoritet Artur Asatryanın həbsindən gedir.

M.Qriqoryanla bağlı baş verənlər Azərbaycanda da maraqla izlənilir. Bu da səbəbsiz deyil. Məsələ ondadır ki, o, Qarabağda hərbi əməliyyatlar zamanı xüsusi qəddarlıqlar törətməsi ilə məşhurdur. M.Qriqoryan Xocalı soyqırımının törədilməsi, Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncə verilməsi, onların kütləvi şəkildə qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib. Özü də M.Qriqoryan heç vaxt bunu gizlətməyib. O, 2014-cü ilin noyabrında “Azadlıq” radiosunun erməni bürosuna müsahibəsində bir sıra etiraflar edib.

Teleqraf.com həmin müsahibənin azərbaycanlı əsirlərlə bağlı hissəsini təqdim edir.

M.Qriqoryan qeyd edir ki, döyüşlərdən sonra Ermənistana yüzlərlə əsirlə dönüb:

“Bəli. Niyə tutmurdum, tuturdum. Özü də yüzlərlə. Mən Simon adlı əsiri evimdə saxladım. 4 il saxladım: 2 il Mardakertdə (Ağdərə - S.Həmid), 2 il Ermənistanda. Sonra onu “Qırmızı Xaç”a verdim. Onu apardılar və təhvil verdilər. Ona görə ki, onun anası, bacısı, nişanlısı vardı. O, qayıtmağı çox istəyirdi və mən onu buraxdım”.

Radionun əməkdaşı şərti olaraq Simon adlandırılan şəxsin 15-16 yaşının olduğunu irad bildirdikdə, M.Qriqoryan bu irada etiraz edir:

“O xüsusi təyinatlı, təlim keçmiş döyüşçü idi. Hə, 15 yaşı vardı. Ancaq, xüsusi təlim keçmiş dəstədən idi. Onu əsir götürmək bizə bir az çətin başa gəldi”.

Əsirə Simon adının general tərəfindən verilib-verilmədiyini, əgər belədirsə, nə üçün məhz Simon adının verildiyini dəqiqləşdirmək istəyən jurnalistə M.Qriqoryanın cavabı belə olub:

“Hə, Simonyan Simon. Bəs hansı adı verməli idik?”

Qeyd edək ki, bu etirafına görə hətta erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunan və bu kimi əməlləri ilə Cenevə konvensiyalarının pozulmasında ittiham olunan M.Qriqoryan həqarətlə Cenevrə konvensiyası-filan tanımadığını bəyan etmiş, erməni olması ilə fəxr etdiyini demişdi. Həmin şəxs bu kimi açıqlamalarından sonra da Ermənistanın Respublika Partiyasının imtiyazlı üzvü kimi fəaliyyətini davam etdirmişdi.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər