21 İyun 2018 15:21
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyata atılmaq fərqli insanları tanımaq mənim üçün çox önəmli keçiddir. Müxtəlif situasiyalar yaşayırsan, başqa ölkə ilə tanış olursan, yeni insanlar tanıyırsan... Norveçdə tanış olacağım tələbə yoldaşlarıma Azərbaycan dilini öyrətməyi düşünürəm.

Bu sözləri Norveçin BI Norveç Biznes Məktəbinə qəbul olan 17 yaşlı Yusif Əlizadə Teleqraf.com-a müsahibəsində deyib.

- Yusif, özün haqda məlumat ver, oxucularımız səni tanısın.

- 2001-ci ildə Bakı şəhərində anadan olmuşam. Bu il Avropa-Azərbaycan məktəbini bitirdim. Avropanin ən böyuk biznes məktəblərindən BI Norveç Biznes Məktəbinə bakalvr təhsili üzrə qəbul oldum. Biznesin idarə edilməsi ixtisası üzrə 3 il təhsilimi davam etdirəcəm.

2016-cı ildə Gürcüstanda keçirilən “şagirdin peroyekt konfransında” iştirak etdim və 3-cü yeri qazandım. 2015-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının kiçik formada şagirdlər üçün hazırlanmış layihəsinə qatılaraq ölkədə ən yuxarı nəticə göstərdim.

Antalyada fənn olimpiadalrında 2-ci, 3-cü yerlərə layiq görülmüşəm. Bir sıra layihələrin iştirakçısı olmuşam.

- Niyə məhz Norveçdə təhsil almaq qərarına gəldin?

- Uşaqlıqdan xaricdə təhsil almaq arzusundaydım. Xaricdə təhsil almağın özəlliyi mənə həmişə maraqlı görünüb. Böyüdükcə araşdırdım və analdım ki, xaricdə təhsil həyatda fərqlilik yaradır. Müxtəlif situasiyalar yaşayırsan, başqa ölkə ilə tanış olursan, yeni insanlar tanıyırsan. Bunlar həyatda öyrənilməsi lazım olan təcrübədir.

İlk vaxtlar Norveçdə təhsil almaq ağlıma gəlmirdi. Ölkələr üzrə araşdırma apardıqda bu məktəbi apdım, daha sonra Norveç haqqında məlumat topladım. Norveç insanların ən çox xoşbəxt olduğu ölkələrdəndir. Həm oxumaq, həm də yaşamaq üçün əlverişli ölkə olduğuna məndə əminlik yarandıqda orada təhsilimi davam etdirmək qərarına gəldim.

- Norveçdəki təhsil haqda necə məlumata sahib oldun?

- Norveçdə təhsil alan tələbələr video vasitəsi ilə oradakı təhsilin səviyyəsi və keyfiyyəti, eləcə də bu təhsilin onların karyeralarına təsiri ilə bağlı düşüncələrini paylaşırdılar. Bu cür araşdırmalarımdan sonra belə qənaətə gəldim ki, Norveçdə təhsil həm magistr, həm də karyeram üçün xüsusi əhəmiyyətə malikdir.

Feysbukda 2018-2019 Norveç məzunları qrupunda bəzi azərbaycanlıları da tapdım. “ANA” - Azərbaycan-Norveç Assosiasiyası ilə tanışlıq da seçiminə müsbət təsir göstərdi.

- Seçimindən razısanmı?

- Qəbul olduğum universitetdən razıyam, 3 illik təqaüd almışam. Avropanin ən böyuk biznes məktəblərindən biridir, prestijli və nüfuzludur. Bütün dünya universitetləri hər bir məzundan öz təcrübələri haqda esse tələb edirlər. Bununla da onların düşüncəsini anlamağa çalışırlar. Mən yetərincə maraqlı yazmışdım...

- Təhsilini tamamladıqdan sonra harada yaşamağı və karyeranı harada davam etdirməyi planlaşdırırsan?

- Bakalavr təhsilimi bitirdikdən sonra Amerikada magistr pilləsi üzrə Harvard və digər universitetlərdə təhsilimi davam etdirmək istəyirəm. Alınmasa Norveçdə qalıb karyeramı orada davam etdirmək istəyirəm. Beynəlxalq biznes adminstrasiyası ixtisası üzrə təhsil alacağımdan investisiya şirkətləri ilə işləmək istəyərəm.

Öz vətənimdə və təhsil alacağım ölkədə bu sektor üzrə maraqlanıram ki, gələcəkdə mənim üçün necə perspektiv yarada bilər.

- Norveçdə rastlaşacağın çətinliklərə görə yəqin narahat olursan…

- 17 yaşım var və həyata yeni atılıram. Bir-iki həftə ailədən uzaq qalmaq belə, bəzən məni darıxdırır. Amma yoluma davam etməliyəm. Düşünürəm ki, bu, gələcəyim üçün önəmli bir keçid yoludur. Buna görə də, hislərimi sakitləşdirib təhsilimi başa vurmağa çalışacam.

- Norveçdə daha çox nədən ötrü darıxacağını düşünürsən?

- Xaricdə təhsil alanların yaşadıqlarına əsasən deyə bilərəm ki, yad ölkənin küçəsində gəzərkən dogma dildə danışıq üçün darıxırlar. Deyirlər ki, azərbaycanlıları görmək xoşbəxtlik hissi verir. Əcnəbi ölkədə Azərbaycanı simvolizə edən hər şey üçün darıxacam. Ən çox dilimiz üçün darıxacam. Çünki orda əsasən ingilis və norveç dilində danışılır.

Orada dostluq edəcəyim tələbə yoldaşlarıma dilimizi öyrətməyi düşünürəm.

- Norveçdə təhsil alarkən ölkəmizi necə təmsil edəcəksən?

- Xarici univeristet və məktəblərdə bəzən debat klubları, parlamentlər, təşkilatlar ali təhsil müəssisəsinin idarəediciləri olur. Həmin klublarda iştirak etmək üçün bizneslə yanaşı siyasi bacarıqların olması da önəmlidir. Mənə bu cür təşkilatlar maraqlıdır. Orada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram. Azərbaycan haqqında onların təfəkküründə təəssürat müsbət yaratmağa çalışacam. Norveçdəki Azərbaycan səfirliyi ilə ölkəmizin tanınması, bayramlarımızın orada birlikdə qeyd olunması istiqamətində işlər görməyi də nəzərdə tuturam.

- Qəbul olduğun təhsil müəssisələrinin adlarını sadalaya bilərsənmi?

- Kanadanın Toronto Universitetinə, Niderlendın Amsterdam, Hollandiyanın Maastricht, Utrecht, Rotterdam, Finlandiyanın Aalto, Norveçin BI Norveç Biznes Məktəbinə, Türkiyənin Özyegin, TED universitetinə, Kings College London - London Kral Kollecinə, Cass buisnes school – Cass biznes məktəbi və İngiltərənin Uorvik universitetinə qəbul oldum.

Böyük Britaniyaya daxil olduğum təhsil müəssisələrinin təqaüd vermək prinsipi olmadığı üçün oradan cəmi 10 faiz təqaüd ala bildim. BI Norveç Biznes Məktəbindən 3 illik 100 faiz təqaüd aldım. Finlandiyanın Aaolto Universitetindən 5 illik 100 faiz, Türkiyənin Özyegin Universitetindən 50 faiz, TED universitetindən isə 70 faiz təqaüd aldım. Mən Norveçi seçdim…


Müəllif: Elxan Süleymanov

Oxşar xəbərlər