22 İyun 2018 00:28
2 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram tətilini fürsət bilib Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkiyə üz tutduq. Şəki deyərkən ilk ağla gələn Xan sarayı və onun yaxınlığında yerləşən tarix-diyarşünaslıq muzeyi olduğu üçün biz də yolumuzu ilk oradan saldıq.

Şəkidəki tarix muzeyi ilk baxışdan keçmiş rus kazarmalarını xatırladır. Bələdçinin verdiyi məlumatdan öyrəndik ki, bura həqiqətən kazarma olub.

Belə ki, 1895-ci ildə kazarma məqsədi ilə tikilmiş bu tarixi abidəyə muzey 1980-ci ildən köçürülüb.
Muzeyin özü isə 1925-ci ilin sentyabr ayında Maarif Komissarlığının əmri ilə yaradılıb.
Muzeyin ümumi sahəsi 924 m2-dir.

Bunun 724 m2-də ekspozisiya zalları yerləşir.

Muzeydə 5000-ə yaxın tariximizi və mədəniyyətimizi əks etdirən maddi və mədəni abidələr toplanıb. Bunlardan 3000-ə yaxını ekspozisiya zallarında nümayiş etdirilir.

Muzeydə bu şöbələr fəaliyyət göstərir: Təbiət; Qədim dövr; Etnoqrafiya; Cümhuriyyət; Elm, mədəniyyət, maarif və səhiyyə; Döyüş şöhrəti; İpəkçilik; Kənd təsərrüfatı; Şəkinin süfrə və mətbəxt mədəniyyəti; H. Əliyevin həyat fəaliyyətini, o cümlədən Şəkiyə səfərini əks etdirən şöbə.
Muzeyin eksponatları Madaqaskar, Efiopiya, Pakistan və başqa xarici ölkələrdə nümayiş etdirilib.

***
Muzeyin girişində maraqlı bir lüğətlə qarşılaşırıq. Azərbaycanca-Şəkicə adlanan bu lüğət 1983-cü ildə hazırlanıb və maraqlı bir xatirə kimi muzeyə hədiyyə edilib. Lüğətdə Azərbaycan ədəbi dili ilə Şəkidə danışılan məişət dili xoş bir zarafat məqsədilə lüğət şəklində təqdim edilib.

Cümhuriyyət ili olduğu üçün muzeydə məni ən çox maraqlandıran Cümhuriyyətlə bağlı şöbə idi. Amma təəssüf ki, həmin şöbədə Rəsulzadənin 110 illiyi münasibətilə hazırlanmış plakatdan, Xoyskinin portretindən və iki kitabdan başqa heç nə yox idi. Əslində, bunu təbii də qarşılamaq mümkündür. Çünki Cümhuriyyət arxivi daha çox Bakı və Gəncədə toplanılıb.

Nərimanovu güldürən kişi

Cümhuriyyət şöbəsinin yanında köhnə bir fayton sərgilənir. Üzərindəki qeyddən anlaşılır ki, Azərbaycan SSR-nin rəhbərlərindən Nəriman Nərimanov 1920-ci ilin oktyabrında Yevlaxdan Şəkiyə bu faytonla gəlib. Faytonçu vəfat etdikdən sonra ailə faytonu muzeyə bağışlayıb. Nərimanov Şəkiyə çatdıqdan sonra deyibmiş ki, faytonçu o qədər məzəli, maraqlı söhbətlər etdi ki, uzun yol mənə qısa gəldi.

***
Muzeydə tarixi fotoların olduğu şöbə diqqətçəkici idi. Şəkinin təhsil və mədəniyyət tarixinə aid orijinal fotoşəkillər tarixin canlı şahidləri kimi idi. 1909-cu ildə Nəşri-Maarif Cəmiyyətinin açdığı məktəbin 1911-ci ilə aid fotoşəklində müəllim və şagirdlər əks olunublar. Nuxa fabrik-zavod məktəbinin, Nümunə-zəhmət məktəbinin ilk buraxılışının məzuniyyət fotosu, görkəmli ziyalı, ədəbiyyatşünas Salman Mümtaza aid guşə, Bəxtiyar Vahabzadənin, Əhmədiyyə Cəbrayılovun təsvirlərinin toxunduğu xalçalar çox maraqlı idi.

Tarix muzeyindən sonra Şəki xan sarayını, VII əsrə aid məbədi və Kiş kəndində yerləşən alban kilsəsini ziyarət etdik…

(Davamı var)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər