20 İyun 2018 20:00
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Mingəçevirdə qadınlar üçün növbəti məlumatlandırma sessiyası təşkil edib. “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı qadınlar arasında ictimai məlumatlandırma sessiyalarının keçirilməsi” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Mingəçevir şəhərindən olan 35 nəfər qadın iştirak edib.

Layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edildiyini vurğulayan təşkilat sədri Sevil Allahverdiyeva qeyd edib ki, layihənin məqsədi respublikamızda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə illik hesabat məlumatlarının region sakinlərinə çatdırılmasıdır: “Layihənin icrasında, həmçinin, Hasilat Sənayesində Şəffaflıq təşəbbüsünün mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün əhalinin maarifləndirilməsi və HSŞ-nin tətbiqi sahəsində vətəndaş cəmiyyəti iştirakçılığının gücləndirilməsi qarşıya məqsəd qoyulub. Bu gün keçirilən tədbirdə sizlərə respublikamızda Hasilat Sənayesində Şəffaflıq prinsipinin mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün ictimai nəzarətin artırılmasının əhəmiyyəti, 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq Hesabatı ilə bağlı məlumat veriləcək”.

Daha sonra tədbirdə məruzə ilə çıxış edən iqtisadçı Azər Mehtiyev təbii sərvətlərdən səmərəsiz istifadənin insanları yoxsulluğa sürüklədiyini qeyd edib: “Əksər ölkələr “resursların lənəti” sindromu ilə üzləşməmək üçün mədən hasilatından əldə olunan gəlirlər üzərində şəffaflığın təmin edilməsinə çalışır. Təbii resurs gəlirlərində şəffaflıq ictimaiyyətin və ümumiyyətlə hər bir vətəndaşın məlumatlılığının, neft gəlirlərinin əldə olunması və onların istifadəsi proseslərinə ictimai nəzarətin təmin edilməsindən asılıdır. Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulan ilk ölkələrdən biridir. Ölkəmiz 2005-ci ildə MHŞT sahəsində ilk hesabatını açıqlayıb. 2013-cü ildə isə MHŞT sahəsində yeni standart qəbul edildi. 2015-ci ildə statusu aşağı salınsa da, yeni standartın tələbinə uyğun hazırlanan MHŞT hesabatını ictimaiyyətə açıqlayan ilk ölkə də Azərbaycan olub. 2017-ci ildə Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunandan sonra, hökumət ölkənin MHŞT-ni tərk etdiyini bəyan etdi. Amma Azərbaycan MHŞT prinsiplərinə sadiq qalacağını elan etdi. Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli fərmanı əsasında Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradıldı. Bu gün Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini beynəlxalq prinsiplər əsasında davam etdirir”.

Ekspert daha sonra iştirakçılara Azərbaycanın 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq Hesabatı barədə məlumat verib: “2016-cı il üzrə Hesabatın ilkin layihəsi hazır olandan sonra HSŞ Komissiyası 3 tərəfin iştirakı ilə İşçi Qrupu yaratdı ki, Hesabat təkmilləşdirilsin. Hesabat Komissiyada təsdiq olunandan və ictimaiyyətə açıqlanandan sonra vətəndaş cəmiyyətinin üzvləri ona 2 rəy verib. Rəyin birini Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması, digərini isə müstəqil ekspertlər hazırlayıb. Hər 2 rəydə əks olunan irad və tövsiyələr HSŞ Komissiyasının iclasında müzakirə edilib və növbəti hesabatda nəzərə alınması tövsiyə olunub. Hər 2 rəy dərc olunan Hesabata əlavə edilib”.

“Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı qadınların məlumatlı olmasının əhəmiyyətinə toxunan A.Mehtiyev sonda mövzu ilə bağlı iştirakçıların suallarını cavablandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər