22 İyun 2018 15:14
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlının müəllifi olduğu “Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış(1918-1920)” kitabının təqdimat mərasimi baş tutub.

Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkili Musa Qasımlı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov və başqaları iştirak edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən Akif Aşırlı tədbir iştirakçılarını salamlayıb və çağırış, səfərbərlik xidmətinin tarixindən söz açıb:

“Biz general-leytenant Arzu Rəhimovun təklifi ilə belə bir kitab ərsəyə gətirdik. Çünki AXC dövründə ordu quruculuğu ilə bağlı lazımı qədər faktlar yox idi. Bu barədə ayrı-ayrı kitablarda çox az məlumatlar vardı.

Hərb sahəsi çox spesifikdir. Müdafiə Nazirliyinə aid fondlarda saxlanılan sənədlərdə və digər mənbələrdə əksini tapan məqalələrdə çox ciddi dəlillər var. Çalışdım ki, qısa zamanda milli maraqlarımıza və İlham Əliyevin apardığı ordu quruculuğu siyasətinə uyğun bir iş ərsəyə gətirim. Kitabda səfərbərliklə bağlı xeyli sayda sənədlər və faktlar toplanıb”.

General-leytenant Arzu Rəhimov səfərbərliklə bağlı kitabın təqdimat mərasiminin keçirilməsinin tarixi hadisə olduğunu deyib:

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış sahəsində aparılan işlər kitablarda çox geniş şəkildə əks olunmayıb. Bu, daha çox bizim xidmətin fəaliyyətinin, eləcə də dövlət təhlükəsizliyi ilə bağlı məlumatların məxfiliyi ilə bağlıdır. 2017-ci ildə biz bu barədə müzakirələr zamanı düşündük ki, araşdırma apararaq, bu sahədə görülən işləri kitab halına salmaq lazımdır. Özüm bu materiallarla tanış olduqca doğrudan da nə qədər maraqlı olduğunu gördüm. Kitabın hazırlanmasındakı xidmətlərinə görə ilk növbədə Akif Aşırlıya minnətdarlığımı bildirirəm. Arxiv işi doğrudan da çətindir”.

Vüqar Əliyev təqdimatı keçirilən kitabın nümunəvi elmi əsər kimi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olacağını deyib:

“Hamınızı dövrümüz və cəmiyyətimiz üçün lazımlı kitabın çapına görə təbrik edirəm. Son dövrlərdə Azərbaycan mühüm beynəlxalq və yerli tədbirlər baxımından böyük təcrübə qazanıb. Bu, Azərbaycanda ictimai-siyasi proseslərin qanunauyğun tənzimlənməsi ilə əlaqədardır”.

Kitabın elmi rəyçisi, tarix elmləri doktoru, millət vəkili Musa Qasımlı Silahlı Qüvvələr günü münasibətilə hər kəsi təbrik edib:

“Azərbaycan işğal olunduqdan sonra Çar Rusiyası azərbaycanlıları türk-müsəlman olduqlarına görə hərbi xidmətə çağırmırdı. Belə olan halda xalqın əli silaha öyrənmirdi. Digər tərəfdən, əhali hərbi xidmətə getmədiyinə görə vergi ödəyirdi. Bu siyasətin nəticəsində millət özünü müdafiə edə bilmirdi. Şimali Azərbaycan tarixində səfərbərlik ilk dəfə Cümhuriyyət dövrünə olub”.

Tədbirin sonunda Akif Aşırlıya və ədəbiyyatşünas Seyfəddin Hüseynliyə xidmətin fəxri diplomu təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər