23 İyun 2018 09:08
2 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının əsas məqsədi xalqın tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadr və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.

Teleqraf.com-un məlumatına görə, bu sözləri ölkədə fəaliyyət göstərən ilahiyyatçı alim, tədqiqatçı və mütəxəssislərlə görüşdə institutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib.

Ceyhun Məmmədov müasir dövrdə Harvard, Oksford və Kembric kimi dünyanın bir çox aparıcı universitetlərində dünya dinlərinin akademik səviyyədə öyrənildiyini və tədqiq edildiyini diqqətə çatdıraraq, ölkəmizin təhsil müəssisələrində və dövlət qurumlarında da dərin dini və dünyəvi biliklərə malik kadrlara böyük ehtiyac olduğunu bildirib.

O, yeni yaradılmış institutda təkcə Quran, hədis, təfsir, fiqh, kəlam və bu kimi İslam dininin tədrisinə dair ənənəvi fənlərin deyil, eyni zamanda, dinləri sosioloji, psixoloji, fəlsəfi və tarixi aspektlərdən tədqiq edən fənlərin də tədris olunacağını qeyd edib. Rektorun sözlərinə görə, ölkədə mövcud olan digər aparıcı dinlər - xristianlıq və yəhudiliklə bağlı fənlərin, həmçinin başda ərəb və ingilis dili olmaqla müxtəlif dillərin də tədrisi nəzərdə tutulub.

Ceyhun Məmmədov institutun fəaliyyətində müxtəlif dünya ölkələrində mövcud olan aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanacaqlarını bildirib.

Rektor görüş iştirakçılarından institutun fəaliyyətinə dair təkliflərini onlara təqdim etmələrini xahiş edərək, bu təkliflərin dəyərləndiriləcyini qeyd edib. O, institutda bir çox sahədə fəaliyyət göstərən alimlərin iştirakı ilə mütəmadi olaraq konfrans, seminar və dəyirmi masalarının təşkil olunacağını vurğulayıb.

Ceyhun Məmmədov həmçinin, hazırda institutda ilahiyyatla bağlı araşdırma aparan mütəxəssislərin elektron bazasının yaradıldığını bildirərək görüş iştirakçılarından öz CV-lərini elektron qaydada instituta təqdim etmələrini xahiş edib.

Rektor 2018-2019-cu tədris ili üçün Azərbaycan İlahiyyat İnstituna ilk dəfə tələbə qəbulunun Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə-islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə həyata keçiriləcəyini qeyd edib. İlk tədris ili üçün ödənişsiz əsaslarla islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla ümumilikdə 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub. İslamşünaslıq ixtisası üzrə minimum keçid balı 200 bal müəyyən edilib.

Ceyhun Məmmədov Dinşünaslıq ixtisası üzrə məzun olanların işlə təmin olunmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ölkədə fəaliyyət göstərən elmi-pedaqoji müəssisələrin, İslamşünaslıq ixtisası üzrə məzun olanların isə Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına veriləcəyini bildirib.

Daha sonra görüşdə iştirak edən Mehman İsmayılov, Mirniyaz Mürsəlov, Mail Yaqub, Aygün Kərimova, Əsədulla Qurbanov, Fuad Quliyev, Səbinə Mirzəyeva, Ağa Hacıbəyli kimi dinşünas mütəxəssislər, eyni zamanda Qurban Yaquboğlu, Kənan Rövşənoğlu, Natiq Rəhimov, Rəsul Mirhəşimli və Gülnarə İnanc kimi dini mövzularda yazan jurnalistlər çıxış edərək İnstitutun fəaliyyəti ilə bağlı öz fikir və təkliflərini bildiriblər.

Qərara alınıb ki, belə görüşlər mütəmadi olaraq təşkil olunsun və hər görüşdə müəyyən bir məsələ ətrafında müzakirələr aparılsın.


Müəllif: Teleqraf.com