Təşkilat Komitəsinin üzvü idim, amma yazıların qiymətləndirilməsi prosesində vaxt məhdudiyyətinə görə iştirak edə bilmədim. Nə şəkildə qiymətləndirmə aparıldığından, işin mahiyyətindən, müzakirələrdən xəbərsizəm. Feysbukda söz-söhbəti görürəm, fikirləşirəm ki, bu, necə baş verib? Orada mötəbər adamlar təmsil olunur, yazı-pozudan başı çıxan adamlardır, nə əcəb belə hadisə yaşanıb? Bütün hallarda etiraz edənlərin də haqqı var.
Bu sözləri Teleqraf.com-a açıqlamasında yazıçı-publisist Mehriban Vəzir mərhum Prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibətilə təşkil olunan yazı müsabiqəsinin nəticələri ətrafında yaranan müzakirələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Təşkilat Komitəsinə yaxşı yazıların daxil olması təbii olsa da, mənəvi haqq məsələsi daha önəmlidir: “Elçibəyin sağlığında onun əleyhinə olan bir cəbhəni təmsil edib, şər-böhtan atmaqla, qərəzli yazılarla pul qazanıb indi Elçibəyin xeyrinə yazmaqla yenə də pul qazanan insanlar haqda etirazların olması təbiidir. Ola bilər yazılar yaxşı olsun. Təkcə yazının yaxşı olması ilə deyil ki. Bir mənəvi haqq da olmalıdır. Necə olur, o vaxt da, indi də qazanc sənin olsun?! Hər vəziyyətdə dönüb dəyişməyi, uyğunlaşmağı ictimaiyyət götürməyəcək axı. Elçibəy kimi bir insanın əleyhinə qələm işlədə bilmiş insanlar artıq heç nəyə mənəviyyat çərçivəsindən baxa bilmirlər. Elçibəy bu xalqa kimlik tarixini öyrətmişdi, Milli Azadlıq Hərəkatının başında durmuş, xalqın bir qara qəpiyinə əl vurmadan bütün ömrünü, gününü, həyatını bu Vətənə həsr eləmişdi. Sonunda müstəilliyi bərpa edib, respublikaya bu qədər töhfələr verib dünyasını dəyişib gedib. Bu qədər müqəddəs, xalq yolunda həyatını vermiş bir insanın əleyhinə qələm çalan insanlar bu gün "Quran"dan don geyinsə belə, onların peşmançılığına inana bilmərəm. Çünki sabah zaman dəyişər, yenə də onun əleyhinə yaza bilərlər. Bilmirəm, mənim üçün çətindir. Ürəyi o insanları bağışlaya bilmir. Çünki onlar həqiqətən Elçibəyi çürütdülər, çərlətdilər, öldürdülər, üstünə böhtanlar yağdırdılar, indi də utanmadan etiraf edirlər”.
Mehriban Vəzirin fikrincə, buna ictimai təpki olmalıdır: “Söz deyənlər çox haqlıdırlar, bu hadisə dünənin hadisəsidir, hər kəsin gözünüü qarşısında olub”.
O, mükafat fondundan xəbərsiz olduğunu söyləyib: “Maliyyə tərəfi barədə məlumatsızam. Təşkilat Komitəsinin planlaşdırdığı proseslər həyata keçirildi. Bu işləri Oktay Qasımov təşkil edirdi. Etibarlı, inandığım adam olduğuna görə detalları soruşmadım. O, elə adamdır ki, cibindən sonuncu vəsaiti də çıxarıb bu işə qoya bilər”.
Mehrıban Vəzir birinci yerin qalibi jurnalist Ləman Ələşrəfqızı barədə də danışıb: “Ləman xanım inciməsin, əzizimizdir, amma dünən sən Elçibəyin əleyhinə yazıb qazanacaqsan, sonra günahını “o qəzetin” üstünə qalaqlayacaqsan, hələ üstəlik “nə olsun səhv etmişəm, Elçibəyin də səhvi vardı” deyə arada bərabərlik işarəsi qoyacaqsan, bu gün etiraf yazısı yazıb yenə qazanacaqsansa, ictimaiyyət haqlı olaraq səni qınayacaq. Bu, o zaman etiraf ola bilərdi ki, işə para bulaşmamış olsun. Belə halda isə bu, etiraf deyil, hər fürsətdən yararlanmaq bacarığıdır. Heç yazısı da yaxşı yazı deyildi, ona görə ki, o etirafın içində özünə haqq qazandırmaq var idi. Özünü deyil “qəzeti” günühkar saymaq vardı və sonda bərabərlik işarəsi qoyub "o da səhv etmişdi" demək vardı. Jüriyə heyrət edirəm”.