İki il əvvəl aprel ayında Azərbaycanla döyüş başa çatdıqdan sonra bir mayorun rəhbərlik etdiyi qrup bizi naməlum yerə apardı. Qrupda 13 nəfər idik. İki gizir, bir baş çavuş, mayor və 11 əsgərdən ibarət kiçik qrup idi. Bizə dedilər ki, burada müşahidə aparacağıq. Nə baş verdiyi məlum deyildi. Gizirlər və mayor öz aralarında danışıb gülür, bizi ələ salırdılar.
Teleqraf.com xəbər verir ki, 2016-cı ilin aprel ayında Ermənistan və Azərbaycan arasında baş vermiş 4 günlük savaşdan sonra erməni zabiti bir qrup əsgəri girov götürüb.
Öz komandiri tərəfindən girov saxlanılan 11erməni əsgərindən biri orada başına gətirilmiş hadisə barədə erməni mətbuatına danışıb:
“Əsgər yoldaşlarımızdan ikisi ayaqlarından yaralanmışdı. Birinin vəziyyəti yüngül olsa da, digərinin vəziyyəti ağır idi, qanaxmanı saxlaya bilmirdik. Həkim müdaxiləsi lazım idi. Amma bu, komandir və gizirləri maraqlandırmırdı. Vəziyyəti getdikcə ağırlaşırdı. Müharibə vaxtı dağılmış bir kəndə gəldik, burada köhnə, yarıuçuq bir türk evində yerləşdik. Digər əsgərlər və mən hər gün evin qarşısında növbədə durub müşahidə aparırdıq. Yaralı yoldaşımızın vəziyyəti ağırlaşırdı, pambıqla su verirdik. Bir gün isə o yoxa çıxdı. Biz onun hara aparıldığını soruşanda mayor bizi söyüb təhqir etdi və dedi ki, “ananızın yanına gedib”.
Qorxurduq, bu haqda bir də soruşmadıq. Deyəsən, öldürmüşdülər. Mayor həftədə 2-3 dəfə köhnə “UAZ”-la harasa gedirdi, qayıdanda da yanında 3 qadın, çoxlu spirtli içki gətirirdi. Səhərədək qadınlarla əylənirdilər, bizi isə soyuqda çöldə yatmağa məcbur edirdilər”.
Girov saxlanılmış erməni əsgər komandirin sərbəst buraxılmaları üçün hər əsgərdən 7 min dollar tələb etdiyini iddia edib:
“Mobil telefonunu stolun üstünə qoydu və dedi ki, evə zəng edə bilərik. İki ildən sonra ilk dəfə idi ki, ailəmizlə əlaqə saxlayırdıq. Zəng edəndə yanımızda dayanırdı ki, artıq-əskik söz danışmayaq. Evdən pul istədik, 10 gün içində cəmi 6 əsgərə və mənə istədiyimiz pul gəldi. Mayor pulu aldı, amma bizi buraxmadı. Dedi ki, o biri əsgərlərə də pul gələnədək heç kəsi buraxmayacaqlar. Lakin bir gün necə oldusa, nə düşündüsə, bizi Qarabağa gətirdi və buradan Ermənistana yola saldı.
Bizi hədələdi ki, bu haqda heç kəsə heç nə deməyək”.
Əsgər bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurn Ovannisyana məlumat verdiklərini bildirib: “Onunla danışdım, məlumat verdim, bu haqda tədbir görüləcəyini dedi, hətta, məni Müdafiə Nazirliyinə də dəvət etdilər. Ətraflı danışdım. Növbəti dəfə zəng edəndə mənə bildirdilər ki, bu haqda tədbir görülüb. Lakin yaxın tanışlar vasitəsilə öyrədim ki, həmin mayor hələ də Qarabağdakı hərbi hissədədir”.
Qeyd edək ki, bundan əvvəl də aprel döyüşlərinin iştirakçısı olmuş başqa bir erməni əsgəri öz komandiri tərəfindən girov saxlanılması barədə Ermənistan KİV-ə məlumat vermişdi.