Bakı Nəqliyyat Agentliyi “Koroğlu” metrosundan Şüvəlan istiqamətində hərəkət edən 136 nömrəli marşrut avtobusunun sürət həddini aşması ilə bağlı daşıyıcıya sürücü barədə tədbir görmək göstərişi verib.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, sürət həddini aşan və sərnişinlərin həyatını təhlükəyə atan sürücülərlə bağlı məlumat daxil olduqda daşıyıcı BNA-ya çağırılır: “İlk növbədə məsələ araşdırılır. Fakt təsdiqini tapırsa sürücünün əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara məlumat çatdırılır. Eyni zamanda sürücünü işə götürən daşıyıcıdan tənbeh tədbiri görməsi tələb edilir”.
Mais Ağayev əlavə edib ki, bir marşrut xətti üzrə dəfələrlə belə hallar baş verərsə, daşıyıcının marşrut şəbəkəsindən kənarlaşdırılması gündəmə gəlir: “Deməli, daşıyıcı öz işinə məsuliyyətli yanaşmayıb ki, belə hallar təkrarlanıb. Marşrut xətləri ilə bağlı hazırda müsabiqələr keçirilir. Belə müsabiqələrdən biri 20 və 94 nömrəli xətlərlə bağlıdır.
Bu xətlər üzrə daşıyıcılara sürücülərin dəfələrlə qayda pozuntuları, sərnişinlərlə kobud rəftarları barədə məlumat verilsə, xəbərdarlıq edilsə də, nəticə yox idi. Sonda hər iki xətt müsabiqəyə çıxarıldı”.
Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, 136 nömrəli avtobusun sürət həddini aşması barədə rəhbərliyə əruzə ediblər: “Araşdırma başlanıb, həmin sürücü aşkarlanaraq məsuliyyətə cəlb ediləcək. Sərnişindaşıma ilə məşğul olan sürücünün sürət həddini aşaraq sərnişinlərin həyatını təhlükəyə atması ağırlaşdırıcı haldır.
Marşrut avtobusunu saatda 120 km sürətlə idarə edən sürücü mütləq cəzalandırılmalıdır”.
Qeyd edək ki, “Koroğlu” metrosundan Şüvəlan istiqaməti istiqamətində hərəkət edən 136 nömrəli marşrut avtobusunun hərəkəti ilə bağlı video yayılıb. Həmin marşrutun sürücüsü yol hərəkəti qaydalaranı pozaraq sürət həddini aşıb, avtobusu saatda 120 km sürətlə idarə edib. O, hətta döngələrdə də sürətini azaltmayıb.
Qaydalara görə, marşrut avtobuslarının sürəti 90 km/saatdan çox ola bilməz.