15 Avqust 2014 13:08
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı avqustun 5-dən keçirilən müsahibələrin nəticəsi açıqlanıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, müsahibələrdə iştirak edən uşaqların 980 nəfəri I sinfə qəbul olunub, 741 nəfər isə müsahibədən keçə bilməyib. Qeydiyyatdan keçən 72 nəfər müsahibədə iştirak etməyib.

Hazırda 3215 nəfər qeydiyyatdan keçib. Qeydiyyat avqustun 20-dək, müsahibələr isə sentyabrın 10-dək davam edəcək.

BŞTİ bəyan edir ki, valideynlər “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən müsahibədən uğurla keçən uşaqların nəticələrini (bakuedu.az) çap edərək məktəbə təqdim etməlidir.

BŞTİ-nin əməkdaşı Tural Mirzəliyevin bildirdiyinə görə, xüsusi istedad malik uşaqlar arasında əsas götürülən kriteriyalar nitq bacarığı, riyazi hesablama, məntiq və dünya görüşüdür. O bildirib ki, hazırda müsabiqədə iştirak edən uşaqlar arasında aparılan müsahibələrdən belə məlum olur ki, valideynlər övladlarına daha çox konkret məsələləri öyrədirlər: “Məsələn, bayrağımızın neçə rəngi var və rəmzi nədir? Əlbəttə, buna düzgün cavab vermək yaxşı hal olsa da, uşaqların dünyagörüşünü konkret məfhumlarla məhdudlaşdırmaq düzgün deyil”.

Tural Mirzəliyev bildirib ki, komissiya artıq 10 gündür fəaliyyət göstərir. O bu müddət ərzində bəzi valideynlər uşaqlarını imtahana təzyiqlə gətirməsinin şahidi olub: “Valideyn müsahibədən əvvəl uşağı danlayır, hədələyir. Müsahibə vaxtı belə uşaqların davranışı ciddi şəkildə fərqlənir. Valideyn qayğısını görənlər daha sərbəst olurlar. Bizdə komissiyanın tərkibində psixoloqlar da fəaliyyət göstərir. Onlar uşaqla yox, valideynlə işləyir. Ona görə qərar gəlmişik ki, azyaşlı uşaqların valideynləri üçün kurslar təşkil edək”.

BŞTİ əməkdaşı daha bir məqama da diqqət çəkib. Bildirib ki, valideynlər övladlarının 1 il irəli düşməsi xatirinə onları müəllim hazırlığına da qoyurlar, belə uşaqlar isə I sinifdə artıq oxumağa həvəs göstərmirlər: “Valideyn bilməlidir ki, biz uşağın oxuma-yazma bacarığını ölçmürük. Uşaq uşaqlığını yaşamadan oxumamalıdır”.

Tural Mirzəliyev 4 kriteriyadan üstün vunderkind uşaqların qeydə alındığını da vurğulayıb: “Artıq 24 belə uşaq qeydə almışıq. Hətta eləsi olub ki, kosmosa, coğrafiyaya aid suallarımıza da məntiqli cavab verib. Halbuki bu suallar qiymətləndirməyə daxil deyil”.

SEVİL


Müəllif:

Oxşar xəbərlər