Sosial və İqtisadi Rifaha Yardım İctimai Birliyi “Regionda kənd turizminin inkişafı istiqamətində tədbirlərin təşkili” adlı layihə həyata keçirir.
Teleqraf.com xəbər verir ki, layihənin məqsədi Göygöl və Daşkəsən rayonlarında kənd turizmi imkanlarını öyrənmək, yerli əhali arasında kənd turizminə maraq yaratmaqla ekoloji mühitin qorunmasına töhfə verməkdən ibarətdir. Həmçinin, əhalinin maddi rifahının yüksəldilməsinə dəstək göstərmək, ixtisaslı bələdçilərin hazırlanması, turistlərə xidmət göstərəcək sakinlərə müxtəlif istiqamətlərdə təlimlər keçmək, regionda fəaliyyət göstərən turizm şirkətlərinin diqqətini kənd turizminə yönəltməklə ölkənin inkişaf edən turizm sahəsinə töhfə vermək də layihənin məqsədləri sırasındadır.
Layihə çərçivəsində müstəqil ekspert və təlimçilərlə Göygöl və Daşkəsən rayonlarının hərəsindən kənd turizmi xidmət sektorunda iştirak edən müxtəlif fərdlərdən ibarət 50 nəfərə təlimlər keçiləcək, sözügedən rayonların turist marşrutunda müəyyən ərazilərdə iməcilik tədbirləri təşkil olunacaq, ağaclar əkiləcək.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə həyata keçirilən layihənin 3 ay ərzində icra olunması nəzərdə tutulub.