2 İyul 2018 08:45
1 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dili İran dili kimi uydurma addır və reallığı əks etdirmir. Dünyada az-az millətlər var ki, belə bir tale ilə üzləşiblər.

Teleqraf.com xəbər verir ki, bunu tarixçi-alim Dilavər Əzimli deyib.

O qeyd edib ki, Güney Azərbaycanda yaşayan 40 milyona yaxın toplum iranlı, Quzeydə yaşayanlar da azərbaycanlı adlandırılır, hər ikisi coğrafi anlam kəsb edir:

“Coğrafi anlam millətin adını ehtiva etmir, orada yaşayan bütün insanlara şamil edilir. Bunu Azərbaycan Xalq Cümhuriyyəti çox yaxşı anlayırdı. O zaman sənədlərdə türk dili yazılırdı, amma azərbaycançılıq əsas qayə idi. Bunu da səbəbləri vardı. Çünki Qafqazda ən çox saylı xalq türklər idi. Onların dili Qafqazda yaşayan bütün xalqlar arasında ünsiyyət vasitəsi idi. O zaman Qafqaza sürgün olunan dekabristlər də yazırdılar ki, Qafqazda türk dilini bilsən, bütün xalqlarla danışa bilərsən. Çarizm Qafqazı işğal edəndən sonra 1860-ci illərə qədər dəftərxanalarında əsas işlək dil türk dili idi. 1920-ci illərdə Qafqazdan Moskvaya gedən bir avar, bir ləzgi, bir dargin ziyalısı öz aralarında türk dilində danışmışdılar”.

Tarixçi-alim hesab edir ki, ilk növbədə millətin adı özünə qaytarılmalı, digər etnik qrupları öz adı ilə adlandırmalıdır:

“Onlara türklüyü sevdirməyi bacarmalıyıq. Necə ki, Azərbaycan Cümhuriyyəti zamanında bunu bacardı. Biz onların varisləriyiksə, bunu etməliyik. Biz, bu Vətən coğrafiyasında yaşayanlarla birgə Bütöv Azərbaycanı qurmalıyıq. Necə ki, Böyük Xətai onlarla birgə Bütöv Azərbaycanı özünün tarixi coğrafiyasında birləşdirdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər