3 İyul 2018 14:28
4 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə il öncə Teleqraf.com-da Rəsulzadənin dəfni ilə bağlı məqalə yazmış, şəxsi kolleksiyamda olan fotolardan istifadə etmişdim.

Ötən il yazımda paylaşdığım fotolar sürətli şəkildə Türkiyədə sosial şəbəkələrdə paylaşıldı, məşhur türkçülər Nihal Atsızla, Alparslan Türkeşin dəfndə iştirak etməsi bildirildi. Bu səhv iddia o qədər geniş şəkildə paylaşıldı ki, hətta Milliyyətçi Hərəkat Partiyasında təmsil olunan vəzifəli şəxslər də buna inandılar və onlar da paylaşandan sonra yalan artıq ayaq tutub yeriməyə başladı. Ardınca Azərbaycanda da sosial şəbəkədə gənclər tərəfindən bu xəbər tirajlanmağa və fəxrlə paylaşılmağa başlandı.

Bu iddialara imkan olduqca cavab verməyə, yanlışın düzəldilməsinə çalışdım. Amma dəfələrlə müxtəlif paylaşımlara “tag” edilməyim nəticəsində bu yazını yazıb, birdəfəlik iddialara son qoymağa qərar verdim.

Bu yanlışlığın baş verməsində, əslində, insanları qınamaq olmaz. Çünki həqiqətən də, fotodakı iki şəxs Nihal Atsız və Alparslan Türkeşə bənzəyir. Amma həqiqət budur ki, Nihal Atsıza bənzədilən şəxs türküstanlı mühacirlərdən Tahir Çağatay, Türkeşə bənzədilən şəxs isə dəfni müşayiət edən Qarsdan gələn polis heyətinin bir üzvü və ya o heyətin başçısıdır.

Şəxsi kolleksiyamızda Rəsulzadənin dəfni ilə bağlı 36 fotoşəkil var. Həmin fotoşəkillərdə Atsız və Türkeş hesab edilən şəxslərin başqa görüntüləri də var. O görüntülərdən də aydın olur ki, onlar həmin şəxslər deyillər. Ən əsası Rəsulzadənin əsasını qoyduğu “Azərbaycan” jurnalının 1955-ci ilin mart sayı bu dəfnə həsr olunub. Həmin sayda dəfndə iştirak edən, məzar başında çıxış edən, dəfndən sonra keçirilən anım mərasimində danışan hər kəsin adı və nitqinin mətni verilib. Hətta başsağlığı teleqramlarının da mətnləri təqdim edilib.

1955-ci ildə Nihal Atsız Türkiyədə türkçülük hərəkatının böyük liderlərindən, mühüm jurnalların baş redaktoru, bir neçə kitabın müəllifi kimi geniş auditoriyası olan bir şəxsiyyət idi. Əgər o dəfnə gəlsəydi, mütləq ki, “Azərbaycan” jurnalı bu barədə yazardı. Amma həqiqət odur ki, “Azərbaycan” jurnalında Nihal Atsıza bənzədilən şəxsin məzar başında çıxış edərkən, çəkilən fotosu verilib və altında Tahir Çağatay yazılıb. Türküstanlı mühacirin o dönəmki fotolarına da baxanda Nihal Atsızla həddindən artıq oxşarlığı olduğunu görürük. Digər tərəfdən, Nihal Atsızın Rəsulzadəylə hər hansı bir münasibəti ilə bağlı məlumat yoxdur. Atsızın azərbaycanlı mühacirlərdən, Cümhuriyyət deputatı Məhəmmədsadıq Aranla yaxın dostluğu olub, hətta onun ölümü ilə bağlı “Ötükən” jurnalında geniş bir xatirə yazısı da yazıb. Aranla yanaşı Atsızın mühacirlərdən Əhməd Cəfəroğlu ilə də sıx münasibəti olub. Adı çəkilən hər iki mühacirin də Rəsulzadə ilə münasibətləri həddindən artıq pis olub. Üstəlik Atsızın dünyagörüşü ilə Rəsulzadənin dünyagörüşü arasında da kəskin fərqlər olub.

Rəsulzadənin dəfni ilə bağlı azərbaycan əsilli Aküzüm ailəsi polis heyəti göndərib. Dəfn fotolarında həmin heyət də təsvir olunub. Tabutun başında Türkeşə bənzədilən şəxs də o heyətdən idi. Türkeş həmin illərdə Amerikada idi və ya yeni qayıtmışdı. Gənc zabit idi, iştirakı da mümkünsüz idi. Ən azından belə bir hal olsaydı, sonralar mütləq bu barədə danışar və ya yazardı.

Beləliklə, paylaşılan fotoşəkillərin orijinallarına sahib olan, əlində Azərbaycan mühacirətinə aid yüzlərlə foto, sənəd, jurnal, kitab olan bir tədqiqatçı olaraq, Türkiyə və Azərbaycan ictimaiyyətinə tam dəqiqliklə bəyan edirəm ki, Alparslan Türkeş və Nihal Atsız Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin dəfn mərasiminə qatılmayıblar.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər