Azyaşlı qızların zorla ərə verilməsi halları bir müddət sabitləşsə və belə hadisələrin tez-tez başvermə göstəricisi aşağı düşsə də son zamanlar yeni informasiyaların yayılması problemin hələ də aktuallığını sübut edir. Deməli, əlavə tədbirlərə əl atmaq lazımdır.
Bu fikirləri Teleqraf.com-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, 14 yaşlı qızın zorla ərə verilməsi məsələsi gündəmə gələndə bildirdilər ki, şadlıq sarayı gəlinin yaşı ilə bağlı yoxlama aparıb: “Lakin məlum oldu ki, yoxlama aparılmayıb, sadəcə fakt ictimailəşəndə dərhal bu cür açıqlama ilə məsuliyyətdən boyun qaçırmağa çalışdılar. Bu, biznesdir, həmin səbəbdən şadlıq sarayları bu cür məsələlərə göz yumur. Onlar üçün önəmlisi gəlir götürməkdir”.
Mehriban Zeynalova hesab edir ki, yalnız maarifləndirmə və cəzalandırma sistemi problemin kökündən həllinə gətirib çıxarmır: “Bu məsələdə kəbin kəsən din xadimi, valideynlər, şadlıq sarayları da məsuliyyətə cəlb olunmalıdır. Övladının erkən yaşda ərə verilməsinə şərait yaradanlarr valideynlik hüququndan məhrum edilməlidir”.
Mehriban Zeynalova deyib ki, ölkədə kiminsə azyaşlı uşağı zorla ərə verildikdə bundan xəbəri olanlar aidiyyəti qurumlara məlumat verməkdən çəkinirlər: “Xaricdə insanlar dost olsa belə, yalan ifadə verməkdən imtina edirlər. Bizdə isə köhnə qaydaları, adətləri qoruyub saxlamaq üçün bir insanın taleyini məhv edirlər. Sahibkar olsa da azyaşlının toy mərasiminin keçirildiyi şadlıq saraylarının rəhbərləri ölkə qanunvericiliyinə tabe olmalıdır. Qanunvericilik erkən nikahlara yol vermirsə, şadlıq sarayları bu məsələdə iştirakçı olduqlarına görə məsuliyyətə cəlb olunmalıdırlar.
Azyaşlının toyunda vasitəçi rolunda çıxış edən şadlıq sarayı ən azı 10 min manat məbləğində dövlətə cərimə ödəsə, bu yola getməz. Bu məsələ ilə bağlı yüksək məbləğli cərimələr tətbiq edilməlidir”.
Deputat Fazil Mustafa isə bildirib ki, şadlıq sarayları azyaşlıların erkən nikaha girməsinə müdaxilə edə bilməz: “Müvafiq dövlət qurumlarının məsələyə kifayət qədər müdaxilə etmək səlahiyyətləri var. Şadlıq sarayları biznes fəaliyyəti ilə məşğul olur. Hansısa bir sənədi araşdırmaq onların səlahiyyətində deyil. Müvafiq icra qurumları bu məsələnin istənilən şəkildə rəsmiləşməsinə mane ola bilər.
Vətəndaş ödənişi həyata keçirib toy edir. Müqavilə çərçivəsində şadlıq sarayında toy təşkil olunur. Sadəcə, müvafiq qurumlar belə bir nikahın baş tutmasıına imkan verməli deyillər. Şadlıq evinə təsir göstərmək lazım deyil”.
Bəs şadlıq sarayları toy zamanı bəy və gəlindən tələb edirmi?
“İmperial” şadlıq sarayından verilən məlumata görə, fəaliyyəti ərzində şadlıq sarayında azyaşlı qız və oğlanın toyu olmayıb: “Bəy və gəlinin yaşının yoxlanılması ilə bağlı qərar çıxarılsa, biz onlardan şəxsiyyət vəsiqələrinin göstərmələrini tələb edə bilərik. Hazırda belə bir qərar yoxdur. Vətəndaşların bəziləri bunu normal, bəziləri aqressiv şəkildə qəbul edə bilər. Şübhəli hadisə olsa, həmin toyu təxirə salarıq”.
“Sahil” şadlıq sarayından bildirilib ki, gəlin və bəyin yaşı haqqında onlara məlumat verilmir: “Toy sahibi ilə şadlıq sarayı toy qiymətlərini müzakirə edir. Bizdə azyaşlı bəy və gəlinin toyu olmayıb. Ailə quran cütlüyün yaşının yoxlanılmasına aidiyyəti qurumlar nəzarət edir. Bizim vəzifəmiz toy və menyu haqqında müzakirə aparmaqdır”.
“Su sonası” şadlıq sarayından verilən məlumatda adı çəkilən şadlıq sarayına azyaşlı bəy və gəlinin toyu ilə bağlı müraciət daxil olmadığı qeyd edilib.
“Ay işığı” şadlıq sarayında da analoji cavab verilib: “Bizim şadlıq sarayında belə hallara yol verilməyib”.