Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri obyektiv şəkildə işıqlandıran xarici media orqanlarının sayı ildən ilə artmaqdadır. Ermənilərin uzun illər yaratdıqları “əzabkeş xalq” mifi bu obyektivlik qarşısında dağılır.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.
Qeyd edək ki, Bolqarıstan mediasında Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı müfəssəl veriliş yayımlanıb. Verilişdə təmas xəttindəki mövcud vəziyyət, erməni vəhşiliyi, Xocalı faciəsi və sair məqamlar, o cümlədən münaqişə ilə bağlı ölkəmizin ədalətli mövqeyi obyektiv şəkildə əks olunub. Bolqarıstanda yaşayan ermənilər bu verilişə görə jurnalistə və televiziyaya hücuma keçiblər. Onlar jurnalisti və televiziyanı təhdid edirlər.
A.Mirzəzadə deyib ki, ayrı-ayrı ölkələrdə, o cümlədən Bolqarıstan mediasında Azərbaycanın ağrılı problemi ilə bağlı obyektiv informasiyanın verilməsi tamamilə təbiidir:
“Jurnalist düzgünlüyünə inandığı məlumatı yayıb. Ancaq iş ondadır ki, daim özünü sivil xalq kimi qələmə verən xaricdəki erməni icmaları bu obyektivliyə hazır deyil. Belə olan halda erməni icmasının iç üzü açılır, onlar aqressiv hərəkətlər edir, qeyri-qanuni addımlar atırlar. Qorxutmağa, həqiqəti çatdıran jurnalisti geri çəkilməyə məcbur etmək istəyirlər. Hesab edirəm ki, bu məsələ ilə ilk növbədə Bolqarıstanın hüquq-mühafizə orqanları ciddi məşğul olmalıdır”.
Deputat əlavə edib ki, digər tərəfdən Azərbaycan həmin media orqanına göstərdiyi obyektivliyə görə öz təşəkkürünü bildirir:
“Bu reportaj Bolqarıstanla Azərbaycan arasında dostluq əlaqələrinin hər zaman olduğunu ortaya qoyur. Bu gün nə Ermənistan dövləti, nə də xaricdəki erməni icmaları sivil dünyaya hər hansı real inkişaf modeli təqdim edə bilmirlər. Onlar dünyadan yararlandıqları halda dünyanın inkişafına hər hansı töhfə vermirlər. Son hərəkət də bunu bir daha sübut edir. Mən həmin bolqar jurnalistə cəsarətinə, obyektivliyinə görə təşəkkürümü bildirirəm. Azərbaycan mətbuatı və ziyalıları onunla həmrəydir. Düzdür, biz Bolqarıstanın daxili işlərinə qarışa bilmərik. Ancaq inanmaq istəyirik ki, Bolqarıstan hakimiyyəti bu məsələni heç də azğınlaşmış erməni radikallarının ixtiyarına buraxmayacaq”.