6 İyul 2018 14:46
2 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə baş verən bütün zorakılıq hallarının əleyhinəyəm. Dövlət qulluqçusuna qarşı bu hərəkəti də pisləyirəm.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilmiş sui-qəsdlə bağlı Teleqraf.com-a açıqlama verən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) sədri Rauf Qurbanov belə deyib.

Partiya rəhbəri qeyd edib ki, ölkənun ali qanunvericiliyi var və hər bir məsələ bu qanunlarla tənzimlənir:

“Əlbəttə, bunun fonunda belə hərəkətlər cəmiyyət daxilində xaos yarada bilər. Buna görə də Azərbaycan Kommunist Partiyasının rəhbəri olaraq, bu əməli pisləyirəm.

Cəmiyyətdə insanların hamısı biri-birlərindən razı ola bilməz. Əgər narazılıq varsa, bunları həll etmək üçün müvafiq qurumlar da var. Biz hansı əsrdə yaşayırıq ki, məsələni güc nümayiş etdirməklə həll etməyə çalışırıq? Azərbaycan inkişaf edən, demokratik dövlətdir, bu ölkədə problemlər qanunlarla həll edilir. Artıq hüquq-mühafizə orqanları baş vermiş hadisəni araşdırırlar”.

Rauf Qurbanov hesab edir ki, zorakılıq demokratik bir ölkədə problemin həlli yolu ola bilməz: “Mən Elmar Vəliyevi şəxsən tanımıram, amma bir vətəndaş kimi dövlət qulluqçusuna qarşı belə bir addımı qəbul etmirəm. Ölkədə xaos yaratmaq olmaz. Məsələləri belə həll etməyə cəhd etsək, sabah küçəyə də çıxa bilməyəcəyik. Ən xırda məsələnin həllində də silaha yox, qanuna müraciət edilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər