10 İyul 2018 12:19
8 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məni ən çox sevindirən Qurani-Kərimdə “Azərbaycan” sözünün olmasıdır”

Teleqraf.com “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovla müsahibəni təqdim edir:

- Seymur bəy, söhbətimizə Misirə səfərinizlə başlayaq. Necə oldu bu ölkəyə getdiniz?

- 1995-ci ildə Bakıda İslam Universitetində oxuyanda Misirdən təhsilimizi davam etdirmək üçün dəvət gəldi. Çalışqan, istedadlı tələbələr Əl-Əzhər Universitetinə göndərildi.

- Əl-Əzhər Universitetinin təşəbbüsü ilə?

- Bəli. Əl-Əzhər Universiteti dünyanın ən qədim və böyük universitetidir. Hazırda dünyanın 115 ölkəsindən 500 mindən çox tələbə orada təhsil alır. Sadə dildə desək, Əl-Əzhər İslam dünyasının Vatikanı sayılır. Çünki rektor Şeyxül-Əzhərin statusu baş nazirin statusu ilə eynidir. Hətta Konstitusiyaya uyğun olaraq prezidentin onu vəzifədən azad etmək hüququ yoxdur.

- Azərbaycandan sizdən başqa neçə nəfər Misirə göndərildi?

- Ümumilikdə 36 tələbə getdik. Təhsilin aşağı mərhələsindən başladıq, elə qismət oldu ki, 36 tələbə arasında ilk olaraq universiteti bitirmək mənə qismət oldu. İslamşünaslıq və ərəb dili fakültəsini qurtardım. 43 dərsi birləşdirib 15 imtahan götürürdülər. Həftədə 6-7 fənndən imtahan verirdik. Bu fakültə xarici tələbələrin, eləcə də misirlilərin çox da sevmədiyi fakültədir. O biri fakültələrdə 30-40 min tələbə oxuduğu halda, bizim fakültədə 3-4 min tələbə təhsil alırdı. Vətənimiz üçün ən münasib fakültəni seçdik. Bu fakültə keçmiş Əzhəri təmsil edir. Qədimdə İslam alimlərinin tibb, fəlsəfə elmində də böyük nailiyyətləri olub. Azərbaycan alimləri var ki, “Fiqhin əsasları” fənnində olduqları kimi tibb elmində də məşhurdurlar. Təhsilimi daha sonra yenə bu ixtisaslar üzrə davam etdirdim. Keçmiş SSRİ ölkələri içərisində dünya müsəlmanlarına fətva vermək üçün ilk fətva icazəsini aldım. 4 il çox çətin mərhələni keçdik, iki min tələbə arasında sonda 11 tələbə icazə ala bildi. Eyni zamanda ərəb dili və ədəbiyyatı ixtisası üzrə Açıq Amerika Universitetində magistr təhsili aldım. Ondan əvvəl isə Misirdə hazırlıq mərhələ deyilən təmhid üzrə oxudum. 8 ilə magistr adını almışam, 14 imtahandan keçəndən sonra dissertasiya mövzusu təsdiqlənməlidir. Əsas hədəfim Azərbaycanla bağlı mövzunun təsdiqlənməsi idi, ölkəmizi tanımırdılar, ərəblər “Azərbaycan” sözünü belə tələffüz edə bilmirdilər. Azərbaycanın nailiyyətləri olsa da, SSRİ-nin adı ilə tanınırdı. Rəhmətlik Vəfa Quluzadə dövlət müşaviri, Misirin inkişafında SSRİ-nin rolundan söz açmışdı, müharibə dönəmindəki xatirələrindən danışırdı. Əfsuslar olsun ki, Azərbaycanı tanımırdılar.

- Bəs 36 nəfərin hamısı Əl-Əzhəri bitirə bildi?

- Təəssüf ki, çox az qismi oxuya bildi. Davamlı olaraq tələbələr gəlirdi, amma 90 faizdən çoxu yola salındı.

- Yəqin proses daha davam eləməz.

- Misirdəki çevrilişdən sonra tələbə sayı lap azaldı. Əsas hədəfim nəyin bahasına olur-olsun, Vətənimizi tanıtmaq idi. Maddi və mənəvi problemlər heç vaxt məni sarsıtmadı. Ərəb mənbələrində Azərbaycanla bağlı araşdırmalara başlamaq həyatımda fərqli bir yola addım atmaq idi. Düşünmürdüm ki, Azərbaycanla bağlı bu qədər böyük və zəngin məlumatlar olar.

- Araşdırmaları Əl-Əzhər universitetinin kitabxanası və arxivində apardınız?

- Bütün ərəb mənbələrinə baş vurdum. Əl-Əzhər universiteti sadəcə, başlanğıc idi, universitetin 14 mərtəbədən ibarət böyük kitabxanası var, ən azı 20 min əlyazma saxlanılır. Bilirsiniz ki, dünyanın ən böyük kitabxanaları Misirdədir, təkcə Qahirə kitabxanasında araşdırma aparmaq üçün onlarla Seymura ehtiyac var. Bu kitabxanada ən azı 65 min əlyazma mövcuddur.

- Kitabxanalardakı kitablar əsasən ərəbcədir, yoxsa başqa dillərdə də var?

- Kitabların 90 faizi ərəbcədir. Başqa mənbələri araşdırmağa vaxtım da yoxdur. O qədər böyük xəzinə var ki, nəinki illər, bir ömür yetməz.

- Hansı maraqlı faktları aşkarladınız?

- Azərbaycan alimlərinin əlyazmaları geniş miqyasdadır. Baba Nemətullah Naxçıvaninin təfsir kitabı var, Quranı başdan sona qədər şərh edib.

- Təsəvvüfi şərhdir?

- Bəli. Nadir təfsirlərdən sayılır, o, hər surəyə uyğun olaraq “Bismillah”ı şərh edir. Alimlər deyir ki, o, Qurani-Kərimi təfsir edəndə heç bir başqa kitabdan istifadə etməyib. Onun kitabı “Naxçıvaninin təfsiri” adı ilə məşhurdur. Həmin kitabın iki nüsxəsini əldə edə bilmişəm, Osmanlı dönəmində daş yazısı ilə çap olunub. Bir dəfə Misirin baş müftisi ilə görüşəndə soruşdum ki, Naxçıvani kimdir? Dedi, hər halda babasının adı Naxçı olub, o qədər təfsirdən danışdı, mədh elədi, amma Naxçıvan haradır bilmədi, bu, məni çox üzdü. Müfti dedi ki, mən nə bilim, o haralıdır, bunu siz eləməlisiniz. Mən bütün kitablarımın ön hissəsində 30 səhifədən çox ancaq ərəb mənbələrinə istinad edərək Azərbaycanın tarixi, coğrafiyası barədə yazıram, qeyd edirəm ki, Dərbənddən tutmuş Zəncana qədər ərazilər Azərbaycan torpaqlarıdır. Azərbaycan mənbələri ilə çıxış eləsəm düşünə bilərlər ki, hamı özününküləşdirir, ancaq ərəblərə deyirəm ki, sizin əcdadlarınız haqqımızda belə yazıb. Fikrimcə, bu əsərlər yenidən çap olunmalı və kimliyi barədə geniş qeydlər yazılmalıdır ki, Azərbaycan tanınsın. Naxçıvani kimi İbn əl-Həcib əd-Duvini ən mötəbər kitabların müəllifidir. O, Azərbaycanın şimalında yerləşən Duvin şəhərindəndir. Onun kitabları bu gün də Əl-Əzhərdə dərslik kimi istifadə olunur.

- Duvin şəhəri təxminən hansı ərazidir?

- Səhv etmirəmsə, Göyçə mahalında olub. Bütün ərəb mənbələrində qeyd olunur ki, Azərbaycan torpağıdır. Misirdə məndən soruşanda ki, siz nə ilə məşhursunuz, deyirəm, Səlahəddin Əyyubini tanıyırsınız? Cavabında söyləyirlər, əlbəttə, tanıyırıq. Onu o qədər sevirlər ki. Elə bir ərəb ölkəsi yoxdur ki, Səlahəddinin adına şəhərlər, böyük məktəblər, universitetlər olmasın. Onun qədər sevilən ikinci sərkərdə görməmişəm. Səlahəddin Əyyubi Tunisdən Yəmənə qədər əraziləri işğaldan azad edib. Bütün ərəb mənbələrində yazılıb ki, o, əslən azərbaycanlıdır. Ən gülməlisi odur ki, Vikipediyanın ərəb bölməsində onun erməni olduğu deyilir. Halbuki istinad olunan mənbələrdə yekdilliklə Əyyubinin azərbaycanlı olduğunu qeyd edilib. Mən İbn Xalikanı araşdırmışam, o yazıb ki, bütün tarixçilər Əyyubilərin Azərbaycanın şimalında yerləşən Duvin şəhərindən olduğuna ittifaq edirlər, Səlahəddin də Əyyubiləri birləşdirən şəxsiyyətdir. Bizim bədnam qonşular harada uğurumuz varsa, oğurlayıb öz adlarına çıxarırlar. Tarixi mənbələrdə Əyyubilər haqda danışanda bildirilir ki, ermənilər düşmən qüvvələrlə birləşib Misiri işğaldan azad etmək üçün gələn Səlahəddin Əyyubiyə qarşı döyüşüblər. Səlahəddin Əyyubi də erməniləri darmadağın edərək Qahirədən Misirin cənubuna sürgün edib.
Əgər Əyyubi ermənidirsə, niyə ermənilər düşmən qüvvəsilə birləşib ona qarşı vuruşub? Nədən Səlahəddin erməniləri sürgün edib?

- Bayaq vurğuladınız ki, elmi işinizi Azərbaycanla bağlı seçmisiniz, dissertasiyanızın adı nə olub?

- “Hicri tarixi ilə I-X əsrlərdə Azərbaycanda ədəbi cərəyanlar” mövzusu üzərində dayandıq. Professor məndən soruşdu ki, niyə belə uzun və qəliz mövzu seçmisiniz, bir neçə dəfə rədd elədi. Məqsədim Azərbaycanla bağlı bütün məlumatları ərəb mənbələrində ortaya çıxarmaq idi. 100 alim və ədib haqqında yazdım. Hətta mənə etiraz elədilər ki, magistraturada bir alimin çıxışını yazmalısınız, dəfələrlə müraciət elədim ki, vaxtı bir il uzatsınlar, çox geniş araşdırma idi, şükürlər olsun vaxtında bitirdik.

- Magistr pilləsini başa vurandan sonra Bakıya qayıtmadınız?

- Xeyr, 23 ildir Misirdəyəm, tədqiqatlarımı davam etdirməyi qərara aldım.

- Tədqiqatlarınızda ictimaiyyətə açıqlamağı lazım bildiyiniz hansı məqamlar var?

- Mənim üçün ən əsası Qurani-Kərimdə Azərbaycanla bağlı məlumatlardır. Azərbaycanlıların çoxu bu barədə məlumatlı deyil. Qəribə sualla müraciət edirlər ki, məgər peyğəmbərin dönəmində “Azərbaycan” sözü vardı?

- Ərəb mənbələrində Azərbaycanın adı necə göstərilir? Bizdə belə fikir yayılıb ki, Azərbaycan adı XIX əsrdə meydana gəlib.

- Bəli, dəfələrlə yazıb etiraz edirlər ki, XIX əsrdən qabaq Azərbaycan adı vardı? Ona görə təklif edirəm ki, ərəb mənbələri yenidən araşdırılmalıdır. Qeyd olunur ki, Azərbaycan valisi peyğəmbərə ipək göndərdi. Peyğəmbər də Həzrəti Əliyə deyib ki, bu ipəyi Fatimələr arasında bölün.

- Fatimələr?

- Öz qızı Fatimə, Həzrəti Əlinin anası, Həzrəti Həmzənin qızı Fatimə. Rəvayət edən müəllif yazır ki, dördüncüsünü unutdum. Hətta Quranın kitab şəklinə salınmasına əsas səbəb Azərbaycan olub. Quranı o vaxt ən çox 7 üslubda oxuyurdular, yeni İslama daxil olanlar gördülər ki, bir səhabə bir başqa cür oxuyur, digəri başqa şəkildə. Dinləyənlər isə çaş-baş qalırdı. İxtilaf yaranmaması üçün xəlifə Osmana müraciət olundu, o da Qurani-Kərimi bir kitab şəklinə saldı, 4 nüsxə yazdı, qalanlarını yandırdı. Hədislərdə yazılır ki, Azərbaycanda yaranan elmi mübahisə səbəbindən kitab şəklinə salınıb. Peyğəmbərdən sonra Xilafət dönəmində həmin o nəsildə Azərbaycan adı vardı. Başqa rəvayətdə deyilir ki, Həzrəti Əbubəkr özündən sonra Öməri xəlifəliyə təklif edir, bəziləri tərəddüd edirmiş, cavabında qeyd edir: o qədər yaxşı yaşayacaqsınız ki, Azərbaycan yunu üzərində beliniz ağrıyar. Bütün alimlər şərhdə deyirlər ki, “Azərbaycan” sözü üç kəlmədən ibarətdir: “Azər”, “bay”, “can”. Ərəb dilində “əzəri”, “əzribi”, “əzərbəycani” şəklində demək olar. Azərbaycan yunu - “əs-sufu əl-əzribi” ifadəsi peyğəmbərin dönəmində çox məşhur idi, qədim klassik kitablarda da Azərbaycan yununun yumşaqlığı barədə bəhs edilir. Bir nəsil sonra tabilərin dövründə İbn Quteybənin kitabında qeyd olunur ki, Mədinə şəhərində qeyri-ərəblər arasında bütün şairlər azərbaycanlıdır. Musa Şəhavəd adlı tanınmış şair ərəblərə qənd gətirirmiş. Ərəblərdə “qənd” sözü yoxdur, Misirdə hamı şəkər tozunu çaya qarışdırıb içir. Dissertasiya işimdə “qənd” sözünün şərhini vermişdim, yazmışdım ki, bir növ kub halına gətirilmiş şəkərdir.

- Ərəb mənbələrində haqqında söz açılan Azərbaycanın bu coğrafiya olduğunu sübut edən hansısa dəlillər varmı?

- Azərbaycan deyəndə Tiflisdən Zəncana qədər olan ərazi nəzərdə tutulur. İbn əl-Fəqih Bərdə, Gəncə kimi şəhərlərin də adını çəkir, düzdür, bəzi qədim adlar dar var. Məsələn, Külsöhrə adı qeyd edilir. Ərəblərdə bizdə olan bəzi hərflər yoxdur. “G” hərfi olmadığı üçün yaxın tələffüzdə “c” və ya “k” səsi ilə əvəzləyirlər. Tiflis şəhərinin Azərbaycana mənsub olduğu yazılır. Məni ən çox sevindirən Qurani-Kərimdə “Azərbaycan” sözünün olmasıdır.

- Haradadır?

- “Ğaşiyə” surəsinin 16-cı ayəsində Allah-təala cənnətdən söhbət açarkən deyir ki, oranın örtükləri zərabiydir. İslam dünyasının ən mötəbər tunisli alimi İbn Aşur “Əl-Təhrir və əl-Tənvir” adlı təfsir kitabında qeyd edir ki, “zərabiy” əslində “zərbiyə”nin cəmidir. “Zərbiyə” də “əzribiyədir”. “Əzribiyə” isə Azərbaycandır. Deyir ki, bu ölkə xalçaçılıq sənəti ilə çox məşhurdur. Onu da qeyd edim ki, bu alimlə eyni əqidədə olmayanlar belə onun təfsirini qəbul edirlər. Vətənimin adının Qurani-Kərimdə olduğunu görəndə elə sevinmişdim ki. Bizim bədnam qonşularımız hər yerdə deyirdilər ki, Azərbaycan sözü olmayıb.

- Dilimizə tərcüməsi necədir?

- Qurani-Kərimin üslubu belədir ki, cənnətin mənası insana yaxınlaşsın deyə bu dünya dərk olunan, gözlə görünən ən gözəl nemətlərə bənzədilir. Deyirlər cənnətdəki içəcəklərin şirinliyi bal kimidir. Biz təsəvvür edə bilək deyə deyilir ki, Azərbaycan xalıları gözəllərin gözəlidir. Konfransların birində çıxışımda söylədim ki, Azərbaycan xalçaları dünyanın bir nömrəli xalılarıdır. Dedilər ki, haradan bilək, belədir. Qayıtdım ki, hər halda Qurana inanırsınız, önümdə oturanların hamısı müsəlman idi, dedim sizə Qurandan dəlil gətirirəm. Artıq heç birində tərəddüd qalmadı, yekdilliklə dedilər ki, ən gözəl xalılar Azərbaycandadır. Qurani-Kərimdə bir neçə yerdə Azərbaycanla bağlı məlumatlar var, ikinci ən maraqlısı Bakı nefti ilə bağlıdır. İbn Aşur həmin mötəbər əsərində “Kəfh” surəsinin 86-cı ayəsində Zulqarninin səfərindən danışır. Deyir o, elə bir yerə gəldi ki, günəşin batacağı yerdə qara palçığa bürünmüş saf olmayan çeşmələr vardı. Bu gün kimin yanına gedib soruşsanız ki, palçığa bürünmüş saf olmayan çeşmə nədir, hamı deyəcək ki, neftdir. İbn Aşur deyir ki, Zulqarninin olduğu yer Bakı şəhəridir. Çünki bu bölgədə əsrlərdən bəri çox məşhur neft quyuları var. Bu da açıq-aşkar Zulqarninin paytaxtımıza gəldiyini və bu çeşmələrin Bakı nefti olduğunu aydın göstərir.

- Qədimdə alim hər şeydən bilirdi, təsnifat yox idi, ərəb mənbələrində üzə çıxan alimlər daha çox hansı sahə üzrə məşhur idi?

- Misirdə minə yaxın məşhur azərbaycanlı alim olub. 250 alim haqda yazmışam. Onlar elə şəxsiyyətlər idi ki, ud çalmağı biləni, xəttatlıq fənnini öyrədəni olub. İraqda Nizamiyyə mədrəsəsində dərs deyən alim də var. Misirin baş həkimi Fətullah İbni Nəfis azərbaycanlı olub. Azərbaycanlılar daha çox qazilər olub, söhbət bugünkü hakimlərdən gedir. Misirin Ali Məhkəməsinin sədri azərbaycanlı idi. Biz o alimlərin qəbirlərini tapmaq niyyətindəyik. Misirin ən böyük muğam ustası əslən azərbaycanlı imiş. Bu, məni çox sevindirir. Gecə-gündüz azan Seyyid əl-Nəqşibəndinin ifası ilə verilir. Onun nəvəsi müsahibə zamanı jurnalistə demişdi ki, babam Azərbaycandan Misirə Əl-Əzhər universitetində təhsil almağa gəlib. Seyyid əl-Nəqşibəndinin səsi elə məlahətlidir ki, Misirdə hamı onu çox sevir.

- Diaspor fəaliyyətiniz də var, Diaspor Təşkilatları Birliyinin sədri kimi nə işlər görürsünüz?

- Bayaq qeyd etdiyim kimi Misirə qədəm qoyduğum ilk gündən əsas hədəfimiz Vətənimizi tanıtdırmaq idi. Biz Misirdəki səfirliyimizlə əl-ələ verib vətənimizi layiqincə təmsin etməyə çalışırıq. Başda cənab səfir Tural Rzayev olmaqla səfirliyimizin bütün əməkdaşları ilə yüksək səviyyədə əlaqələrimiz var. Demək olar ki, bütün tədbirləri birgə keçiririk. Qəzetlərdə çoxlu sayda elmi məqalələrimiz çap olundu, televiziyada çıxışlar, sosial fəaliyyətlərlə yola başladıq. Bəzi tələbələr deyir ki, məqalələrinizi oxuyandan sonra Azərbaycan məni cəlb etdi və bu ölkə ilə bağlı dissertasiya işi götürmək istəyirəm. 8 il əvvəl mənə diaspor sədri ilə bağlı təklif olanda gecə-gündüz kitabxanalardaydıq, elmi rəhbərim də deyirdi ki, ən geci 6 ay müddətində elmi iş bitməlidir, yoxsa mövzu ləğv edilə bilərdi. Azərbaycanla bağlı həqiqətləri ortaya çıxarmağı hədəf qoymuşduq. 2017-ci ildə diaspor sədri seçiləndən sonra işlərimiz intensiv şəkildə davam etməyə başladı. Cənab prezident sağ olsun, işlərimizi dəyərləndirib, ötən ilin dekabrında xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərə görə “Tərəqqi” medalı ilə təltif elədi. Ən böyük nailiyyətlərimizdən biri Azərbaycan dilinin tədrisi ilə bağlıdır. Misirin ən mötəbər universitetləri olan Qahirə, Ayn-Şəms, Əl-Əzhər ali məktəblərində, eləcə də diaspor mərkəzində 638 misirliyə Azərbaycan dilini öyrətdik. Dillə yanaşı həm də mədəniyyətimizi, incəsənətimizi, ən önəmlisi həqiqətləri çatdırırıq.

- Azərbaycan dili universitetlərdə kurs kimi keçirilir, yoxsa rəsmi şəkildə kafedra nəzdində tədris edilir?

- Azərbaycan dili əsasən Şərq dilləri bölümündə Türk dilləri qrupunda rəsmi fənn kimi keçilir. Bizim imtahanı verə bilməyən kursda qalır. Azərbaycan dili Misir təhsil nazirinin imzası ilə rəsmi fənn kimi tədris prosesinə daxil olub. Hətta Ayn-Şəms universitetində müəllim çatışmazlığına görə fəaliyyət dayanmaq üzrə idi. Əl-Əzhər universitetində də analoji durum vardı, həyat yoldaşım orada dərs keçir. Ayn-Şəms universitetində köməkçim çalışır. 15 ildir Bakıdan Misirə gedəndə 1 çanta kitab aparıram.

- Universitetlərdə dərs deyənlər arasında azərbaycanlılar varmı?

- Açığı, universitetdə azərbaycanlı alimlərə rast gəlməmişəm. Ancaq erməni müəllimlərin sayı çoxdur. Misirdə 50 mindən çox erməni yaşayır. Özü də hamısı da Misir vətəndaşıdır. Ölkə qanunlarına görə, 1915-ci ildən öncə Misirə daxil olan hər bir şəxs Misir vətəndaşıdır. Ondan sonra proses çətinləşib. Ermənilərin Misirdə çoxlu məktəbləri, kilsələri var. Onlarda kilsə sadəcə ibadət üçün deyil, orada filmlər nümayiş etdirirlər, hamısında bizə qarşı kampaniya aparırlar, sanki ermənilər soyqırıma məruz qalıb. Güclü lobbiləri, xeyriyyə cəmiyyətlərinə rəğmən Əl-Əzhər, Ayn-Şəms, Qahirə universitetlərində erməni dili tədris olunmur. Böyük kampaniya aparmışdılar ki, necə olur Misirdə 200-300 azərbaycanlı olduğu halda, onların dili öyrədilir, ancaq erməni dili yox? Tələbələr bəzən gəlir ki, atam bu dil üçün pul qoymaq istəmir, mən də onlara deyirəm ki, bu gün xeyir verməsə də, ziyan da etməyəcək. Açığını deyim, biz özümüzə ev almadıq, amma mərkəz açdıq. Səfirlikdən də deyirlər ki, hər gün Azərbaycana gedənlərin sayı artır. Ərəb ölkələrinin şahı Misirdir, ərəblərin Bakıya gəlməsinə də bizim təbliğatımızın şübhəsiz təsiri olub.

- Mübarəkdən əvvəlki və sonrakı Misir barədə danışmanızı istərdik, nələr dəyişdi, ümumi ab-hava necədir?

- Mübarəkin dönəmi ilə indiki arasında ciddi fərq yoxdur, sadəcə olaraq hər şey bahadır. Qiymətlər hər gün qalxır. O zaman xərcləri dövlət ödəyirdi, yanacaq su qiymətinə idi. Ən böyük problem Mursinin dönəmində oldu, təhlükəsizlik məsələsi ciddi problem idi. Hər gün mitinqlər keçirilirdi, nə qədər adam ölürdü, su, qaz kəsilirdi, yanacaqdoldurma məntəqələrinin önündə 1 kilometrə qədər tıxaclar yaranırdı. O problemlər artıq arxada qalıb, Misirdə qara bazar problemi vardı, hökumət 15 milyard dollardan 45 milyard dollarədək ehtiyat toplaya bildi, bu rəqəm hər gün də artır. Misir inqilabdan sonrakı mərhələni yaxşı addımladı. Yeni Süveyş kanalı 1 il ərzində inşa olundu, əvvəllər gəmilər kanalı 2-3 sutkaya keçirdisə, indi 11-12 saata keçmək mümkündür, ikitərəfli hərəkət var. Hazırda yeni paytaxt layihəsi üzərində iş gedir, ümumilikdə ölkədə ab-hava yaxşıdır.

FOTO: Elnur Muxtar


Müəllif: Qurban Yaquboğlu, Nərgiz Ehlamqızı

Oxşar xəbərlər