12 İyul 2018 15:25
1 959
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sənət olmasaydı, qan-qada daha çox olardı. İnsanlar get-gedə vəhşiləşirlər, biri-birlərinin ətini yeməyə hazırdırlar. Bunların qarşısını az da olsa alan Allah xofu və sənətdir. Buna görə də sənətə qayğı birə-beş artmalıdır. Bu, hər birimizin borcudur. Tək Azərbaycan yox, bütün dövlətlər bu qayğını artırmalıdırlar, yoxsa, dünya məhv olacaq”.

Rəssam Nəvai Mətin belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Kişilərlə müqayisədə qadın rəssamların sayı azdır. Bunu nə ilə izah etmək olar? Yenə başqa ölkələrdə az da olsa var, Azərbaycanda isə ümumiyyətlə, gözə dəymirlər.

- Deyirsənsə ki, söhbətə bədbin notlarla başlayaq, olsun. Bu, təkcə Azərbaycana aid deyil, bütün Şərq dünyasına xas bir ənənədir. Nəinki qadınlar hətta, kişilər də sənət baxımından geridə qalıblar. Bu da bizim müsəlman olmağımızla bağlıdır. Təəssüflər olsun ki, xristian kilsəsində rəssamlar divarlara rəsmlər çəkəndə bizə qadağalar qoyulmuşdu. Bu da bizi bir az dünya mədəniyətindən geridə qoyub. Misal deyim. Efesusda bir heykələ baxdım, 500-cü ildə hazırlanmış heykəldir. Bu heykəli bu günki heykəltaraşlığın yarada biləcəyinə inamıram.

Gələk qadınlara, qadınların islam, yaxud dində yerləri məlumdur. Bu ənənələrə görə, qadın evdar olmalıydı, uşağa baxmalıydı. Təəssüflər olsun ki, bu gün də bir çox ölkələrdə və ya bir sıra dövlətlərin bir çox bölgələrində bu ənənə davam edir. Etiraf edək ki, qadın haqları çox tapdalanır. İstər müsəlman, istərsə də xristian cəmiyyətlərində qadınlarla bağlı vəziyyət belədir. Lakin Azərbaycanda vəziyyət o qədər də acınacaqlı deyil. Bu gün tanınmış qadın rəssamlarımız var. İstər klassik kimi, istərsə də müasir… Yeni nəsildə də rəssamlığa meyil var, bu da sevindiricidir, bunu da deməliyəm ki, onların arasında gənc qızlar çoxluq təşkil edir.

- Amma elə bil ədəbiyyat, musiqi, teatr və incəsənətin digər növləri ilə müqayisədə rəssamlıq bir qədər geri itələnib, ya da geri qalıb…

- Razı deyiləm, deməzdim ki, geri qalıb, yəqin ki, prosesi tam izləmirsiniz. Bu da normaldır. Bir dağın gözəlliyi başqadır; içindəki sıldırımlar, keçilməz qayalar, yolları başqadır. Siz uzaqdan baxırsınız, biz isə içindəki o yolları keçirik. Təbii ki, dağın içində gözəlliklər də çoxdur. Amma sizin sözünüzdə bir həqiqət də var. Bu gün dövlət tərəfindən mükafatlandırılan sənətçilər arasında rəssamlar azlıq təşkil edir. Bu baxımnan düz deyirsiniz. Amma ümumilikdə vəziyyət o qədər də dözülməz deyil.

- Sizcə, rəssamlığın pul qazandırmadığı bir vaxtda bu işlə məşğul olmaq üçün həddən artıq romantik olmaq lazım deyilmi?

- Sənəti sevmək lazımdır. Hansısa filosofun sözüdür, ixtisasla hobbi üst-üstə düşəndə adam xoşbəxt olur. Sənət xoşbəxtliyi… Bu gün rəsm əsərlərinə qiymət verən çox azdır, maraqlanan azdır. Amma bu o demək deyil ki, rəssam yaratmamalıdır. Yəni, bir dağda, qayanın başında gül açır və bu gülü qoxlayan kimsə yoxdur. Onda gərək o gül açmasın? Gülün işi budur. Açmalı və solmalır. Sənət də belədir, sənət könül işidir, sənət adamı yaşayırsa, yaratmalıdır.

- O fikir doğrudur ki, fotoqrafiya rəssamlığın yerini əlindən aldı? Əlbəttə, müqayisəedilməz sahələrdir. Amma elə bil bir az da düz deyirlər, fotoaparatlar rəssamların fırçalarına olan hörməti “öldürdü”...

- Bu gün dünyada impressionizm cərəyanı çox inkişaf edib. Demək olar ki, rəssamların böyük əksəriyyəti impressionizmdə çoxlu əsərlər yaradırlar. İmpressionizm təəssürat deməkdir, yəni, rəssam bir mənzərəni gördümü, yaddaşında qalanı kətana köçürür. Fotoqaf isə gördüyünü olduğu kimi çəkir. Bunlar fərqli şeylərdir. Rəsm əsərini başa düşməyən adam demək ki, bir az geridə qalıb. Təəssüflər olsun ki, belələri də az deyil. Türkiyəli bir hocam vardı - Cuma Ocaklı. O, belələrinə “cibi dolu, başı boş adam” deyərdi.

- Lakin yazıçılar və musiqiçilərlə müqayisədə rəssamlara qadın diqqəti sanki bir qədər daha çoxdur. Sizcə, bunun xüsusi önəmi varmı?

- Rəssamlıq gözəllikdir, gözəlliyi görməkdir, onu qiymətləndirməkdir, kətana göçürməkdir. Xanımlar da təbii ki, gözəlliyi sevən olurlar. Ona görə qadınların diqqəti rəssamlara daha çox olur. Bunun da təbii ki, önəmi böyükdür.

- Bizdə çılpaq qadın rəsmləri çəkənlərə niyə qəribə baxırlar? Əslində isə dünyada intibah açıq-saçıq rəsmlərin çəkilməsindən sonra başlamışdı. Ümumiyyətlə, bizdə çılpaq qadın rəsmləri çəkənlərin sayı niyə azdır? Belə rəsmlər çəkdirməyə maraqlı olan qadınlar varmı? Heç sizə müraciət ediblərmi?

- Yox, müraciət olmayıb. Bu da normal haldır, bu, bizim mentalitetimizə bağlı məsələdir. Amma yox da deyil, belə rəssamlarımız var, onlar çılpaq qadın rəsmləri çəkirlər. Hətta, belə rəssam qadınlarımız da var. Əslində mən heç bir qadağanın tərəfdarı deyiləm. Hər şey sərbəst olamlıdır. Kim istəsə, buyursun, çəksin. Hər kəs özünə rəva bildiyi yerdədir. Kiməsə demək ki, sən bunu çəkməli deyilsən, bunu çəkməlisən, bu, normal deyil.

Ümumiyyətlə, adamlar sərbəst olmalıdırlar. Adam Afrikada, Amerikada yaşamaq istəyir. “Olmaz” deyirlər. Niyə olmasın axı? Bu yerləri yaradan insan üçün yaradıb. İndi kefim istəyir ki, İtalyada yaşayım. İllah ki, müharibələr olacaq, sərhədlər olacaq, gömrüklər olacaq. Bunlar insanları bölür, vəhşiləşdirir. Günümüzdə baş verən xoşagəlməz hadisələr buna əyani sübutdur. Bir nəfər Feysbukda bir şəhidin fotosu paylaşmışdı. Yazmışdılar ki, arzusu şəhid olmaq idi, oldu da. Cavab verdim ki, kaş müharibələr olmasaydı və bu yaraşıqlı gəncin arzusu ürəyində qalsaydı. Heç kimin övladının burnu qanamasaydı, hamı sənətlə məşğul olsaydı… nə gözəl olardı. Bu istəyim təbiidir, çünki mən də sənətçi olmaqla yanaşı, həm də vətəndaşam axı.

Və qadınlar… Qadınlar bizim ilham pərilərimiz, həyatımızın mənası, gözəllik carçılarıdırlar. Anadırlar, bacıdırlar, sevgilidirlər, qızlarımızdılar. Bir də görürsən ki, bir primitiv məsələ ətrafında elə böyük müzakirə açırlar ki, adamın əti tökülür. Amma bir ərəb din adamı çıxıb dedi ki, qadınlar insan deyillər, onlar məməli heyvandırlar. Buna reaksiya verən tapılmadı ki, heyvan sənsən, sənin nəslindir. Nə isə…

- Bir də görürük ki, bir rəssam düz xətt çəkir, adını “sənət əsəri” qoyur. Qiyməti də cibgötürməz olur, yəni baha olur. Sizcə, bu nədir, bu həmin rəssamın vaxtilə özünü yaxşı əsərləri ilə təsdiq etməsidirmi? Sanki insanlar da bir az təbliğata uyub həmin şeyi yalandan sənət əsəri adıyla sevirlər guya. Əlbəttə, bu da bir istedaddır. Siz bu haqda nə düşünürsünüz?

- Dediyiniz abstraktsionist rəssamlara aiddir. Yəni, elə gözəl, qəbulounan abstrakt rəsm nümunələri var ki, qarşısında saatlarla dayanıb baxmaq, düşünmək olar. Amma elələri də var ki, akademik rəsmi bilmədən, birbaşa abstrakt rəsmlər çəkməyə başlayırlar. Bu, qəbuloledilməzdir. Çünki baza yoxdur, özül yoxdur. Özülsüz bina nə qədər dözümlü ola bilərsə, özülü olmayan sənət də o qədər qala bilər.

- Belə bir deyim var ki, rəssamlar dəli olurlar?

- İfrat sevgi dəlilik deməkdir. Bu, bir qadına olan sevgi ola bilər, sənət sevgisi, vətən sevgisi ola bilər. Bu da normal haldır. Sənətini dəlicəsinə sevən hər bir sənətçiyə “dəli” deyirlər. Bu da düşündüyümüz dəli mənasında deyil. Məsələn, Koroğlunun dəliləri bizim bildiyimiz dəli deyildilər. Qoçaqlıq mənasında deyirdilər. Bu dəliliyin də mütləq bir açıqlaması var.

Texnikanın sürətli inkişafı insanları mənəvi dəyərlərdən uzaqlaşdırır, mənəviyyat arxa plana keçir. Sənət adamlarının da bu vəziyyətdə əhəmiyyətli rolu sənəti məhv olmaqdan xilas etməkdir. Həyatlarını bu işə həsr edənlər fədakar insanlardır, sənətçilərdir. Niyə dəli? Çünki ətrafdakı insanlar onlara dəli kimi, anormal insan kimi baxırlar. Dəlilik də bəlkə burdan gəlir.

- Bayaqdan sənətdən danışırsız, sənət insanlara nə qazandırır ki, sənət olmsaydı, nə baş verərdi?

- Sənət olmasaydı, qan-qada daha çox olardı. İnsanlar get-gedə vəhşiləşirlər, biri-birlərinin ətini yeməyə hazırdırlar. Bunların qarşısını az da olsa alan Allah xofu və sənətdir. Buna görə də sənətə qayğı birə-beş artmalıdır. Bu hər birimizin borcudur. Tək Azərbaycan yox, bütün dövlətlər bu qayğını artırmalıdırlar, yoxsa, dünya məhv olacaq.

Ümumiyətlə, gənc nəsil düzgün tərbiyə olunmur. Bu gün mərkəzdə bir restoran, şadlıq evi açılanda 50-60 gəncin həyatı zəhərlənir. Hamısı orda ofisiant işləməyə cəlb olunur. Sənətlə, yaxud başqa işlə məşğul olmaqdansa, gənclər oranı seçirlər. Bığıburma cavanlar əllərində yemək, çay daşıyırlar, gözləri də müştərinin cibindədir. O gənclər qədər onların valideynləri də günahkardır. Onlara həyatı başa salmaq, təhsil vermək lazımdır, sənət öyrətmək lazımdır. Bu, təkcə Azərbaycanda yox, dünyanın hər yerində belədir.

- Sizcə, əsərləri ilə ad qazanmış insan öldükdən sonra da “yaşayırmı”? Şablona çevrilmiş bu deyim haqda fikriniz nədir? Mənə görə isə öldünsə, bitdin…

- Əlbəttə, yaşayır. Daha doğrusu, yaşadılır. Bu gün əgər Leonardo Da Vinçidən, Titsiandan, Rembrantdan,Van Qoqdan dərs alırıqsa, necə deyə bilərik ki, onlar ölüdür. Ölü bu gün cibi dolu, başı boş adamlardır. Elə bilirlər ki yaşayırlar. Sadəcə onlara deyən yoxdur ki, çoxdan ölümüsünüz…

- Rəssamlığa o qədər də marağın olmadığı bir ölkənin rəssamısınız. Bu vəziyyətdə ən yaxşı halda nəyə ümid edirsiniz?

- Mən həmişə optimistəm. İnanıram ki, gələcəkdə sənətə maraq artacaq. Bu, artıq hiss olunur. Bildiyiniz kimi mənim “Sedet ART” studiyam var. Gənc nəsilə, yeniyetmələrə sənətin sirlərini öyrətməyə çalışırıq. Ora gələnləri sayı, onların həvəsləri onu deməyə əsas verir ki, sənətə maraq artıb. Cəfakeş valideynlər var ki, uşağını kursa rayondan gətirir. Bu da məni ruhlandırır. Həm də bu problem təkcə bizdə deyil, bütün dünyada bu çatışmazlıqlar var. Dünyanın düz yola qayıtmaqdan başqa şansı yoxdur, ya da məhv olmalıdır.

Problemin bir tərəfi də budur ki, sənətə səriştəsiz adamlar daraşıb. Həm də elə daraşıblar ki, sənətkara yer qalmayıb. Bu da onların yox, onları seçənlərin, qabağa çəkənlərin günahıdır. Böyük Səməd Vurğunun bir sözü var:

Arxalıya arxa durma, deyəcəklər, yamaqdır,

Arxasıza arxa dur ki, qoy desinlər, dayaqdır.

İndi də təəssüf ki, qabağa arxalıları çəkirlər. Adam deməyə söz tapmır. Buna görə də bəzi istedadlı adamlar geri çəkiliblər. Özlərini sənətdə tapa bilmir və uzaqlaşırlar. Çoxu da özünü göstərmək üçün sənətə gəlir. Fikirləşir ki, sənət adamı üzdə daha çox görünür. Lakin onlar sənəti gözdən salırlar. Əslində bununla cəmiyyətə nə qədər zərbə vurduqlarından xəbərsizdirlər. Bu, əsl terrordur…

- Niyə yaradıcı insanlar içə qapalı, belə deyək, başqalarının yanında sanki günahkar kimiymiş, amma öz daxillərində təkəbbürlü, eqoist olurlar?

- Bu, sizə elə gəlir. Sənətçi həmişə hər yerdə sənətiylə yaşayır. Toyda, məclisdə və yaxud başqa yerlərdə olanda da beynində ancaq sənət olur. Ağlı molbertdə yarımçıq qoyduğu rəsmin yanında qalır, onun haqda düşünür. Buna görə də söhbətə çox qarışmır, çox danışmır. Buna görə də ətrafdakılar onu qaraqabaq, dinməz, danışmaz adam kimi qəbul edirlər. Sənətçi təkəbbürdən, pislikdən, riyakarlıqdan uzaq olur. Əlbəttə, söhbət əsl sənətçidən gedir…

- Nəvai bəy, yaxın günlərdə həyatınızın 53 ilini geridə qoydunuz. Nə fikirləşirsiz, hər şey yaxşıdırmı?

- Nə yaşadımsa, ürəkdən yaşadım, nə etdimsə, ürəkdən etdim və heç nəyə peşiman deyiləm. Ağlayanda hönkürdüm, güləndə şaqqanaq çəkdim. Deyingən ömürdən xoşum gəlmir. Bəzi xoşagəlməz anlar yaşasam da, bunlar gözəl anların içində itib-batdı. İrili-xırdalı dostar qazandım, pullar da qazandım. Pulları da, xırda-xuruş dostları da xərclədim-getdi. Geriyə baxıram - 53 il. Bunu demək dilə rahatdır. Amma ola bilsin ki, bu 53 ildə çox da məhsuldar ola bilmədim. Buna görə də daha da əzmlə çalışmaq lazımdır. Ömür hələ qabaqdadır. Nə qalıbsa, bərəkətdir. Daha çox çalışmaq, yaratmaq lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər