Günahsız yerə insan həyatına qəsd etməyin Allah qatında ən böyük günahlardan olduğu bütün səmavi dinlərin müqəddəs kitablarında öz əksini tapıb. Radikal qüvvələrin Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan qədim Gəncə şəhərində törətdikləri terror əməllərini bütün ölkə ictimaiyyəti kimi ilahiyyatçı alimlər də qətiyyət və nifrətlə qınayır, şəhid polislərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.
Teleqraf.com-un məlumatına görə, bu fikirlər İlahiyyat İnstitunun ilahiyyatçı alimlərinin Gəncədə baş verən terror hadisələrinə dair bəyanatında öz əksini tapıb.
Bəyanatda vurğulanır ki, İslam dininin əsas mənbəsi olan müqəddəs "Qurani-Kərim"də günahsız bir insanı öldürən bütün bəşəriyyəti öldürmüş hesab edilir: “Peyğəmbərimiz, onun Əhli-beyti və səhabələri də bu əməlin ən böyük günahlardan biri olduğunu bildirib. Bu baxımdan radikalların öz əmələrini din pərdəsi altında gizləməsi yolverilməz olmaqla yanaşı, dinimizin əsas prinsiplərinə də ziddir. İlahiyyatçı alimlər olaraq inanclı insanları dini duyğuları istismar edən, sabitlik və əmin-amanlıq adası olan ölkəmizi xaosa sürükləmək istəyən belə qruplara qarşı həssas olmağa çağırırıq. Əminik ki, ölkə dindarları radikal qrupların bir çox Şərq ölkəsini necə məhv etiyini yaxşı dərk edir və onların təhriklərinə heç vaxt əhəmiyyət verməyəcəklər. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modeli dünyada bu sahədə nümunəvi modellərdən biridir. Din və dövlətin qarşılıqlı əməkdaşlığına əsaslanan bu modeldə dinə, dindarlara və dini dəyərlərə qayğı xüsusi yer tutur”.
Qeyd edilir ki, məhz bu qayğının nəticəsində çox sayda məscid və ziyarətgahlar dövlət vəsaiti hesabına inşa və ya təmir edilir, din xadimləri və dini icmalara maddi yardım göstərilir: “Gəncədəki “İmamzadə” kompleksinin milyonlarla vəsait ayrılaraq, dövlət hesabına əsaslı təmir edilməsi bunun ən bariz nümunələrindən biridir. Biz ilahiyyatçı alimlər olaraq, bütövlükdə Azərbaycan ictimaiyyətini və xüsusən də inanclı insanları ölkədəki stabilliyi pozmağa, dövlət-din münasibətlərinə xələl gətirməyə çalışan destruktiv qüvvələrə qarşı mübarizədə dövlətçiliyimizin yanında olmağa, onlara qarşı öz kəskin mövqelərini bildirməyə çağırırıq”.