Suriya müharibsindən qaçaraq İstanbula sığınan ailələrdə doğulan körpələr artıq məktəbə gedirlər, lakin onlar ana dili olan ərəbcəni bilmirlər.
Teleqraf.com bildirir ki, bu maraqlı informasiya yüzdən çox xarici jurnalistin İstanbulda Qaçqınlara Xidmət Mərkəzinə (SGDD) ziyarəti zamanı ortaya açıqlanıb.
Saytımızın əməkdaşı da SGDD-yə baş çəkənlər arasında olub. Ziyarət zamanı mərkəzin əməkdşları suriyalı qaçqınların həyatı, yaşam tərzi haqqında geniş təqdimat ediblər.
Mərkəzin sosial işçiləri bildirib ki, 4 mərtəbədən ibarət olan SGDD-da qaçqın körpələrə hər cür dəstək verilir. Bu zaman qaçqınların kimliyi, düşüncəsi və hansı millətdən olmasına fərq qoyulmur. Burada səhər saat 09:00-dan, axşam 18:00-a qədər dərslər və xüsusi kurslara cəlb edilən suriyalı qaçqın uşaqlar Türkiyə dövlətinin qoruması altındadırlar. Mərkəz Türkiyədə fəaliyyət göstərən müxtəlif təşkilatlarla, bələdiyyə qurumları, hətta ABŞ Dövlət Departaamenti, Avropa Birliyi ilə əməkdaşlıq həyata keçirir. Bura müraciət edən qaçqınlara istiqamət verilir, onlara psixoloji dəstək göstərilir.
Mərkəzdə on tərcüməçi və 10 psixoloq uzman işləyir. Onlar əsasən, mərkəzə müraciət edən qaçqınlarla təmas qurur, onların problemləri ilə məşğul olurlar. İstanbulda SGDD-nin 10-a yaxın belə ofisi fəaliyyət göstərir.
Suriyadan ilk qaçqınlar İstanbula 7 il əvvəl gəlib. Qaçqın ailələrdə doğulan körpələrin yaşı artıq yeddiyə çatıb. Bu körpələr doğulan kimi türk pasportu ilə təmin edilib. Bu uşaqların hamısı türk dilində sərbəst danışır, ana dili olan ərəbcəni isə ümumiyyətlə, bilmirlər. Eləcə də qaçqın uşaqların qeydiyyatının olub-olmamasından asılı olmayaraq, onlar qeyri-şərtsiz orta məktəblərə qəbul olunurlar.
Mərkəzdə türk və ərəb dillərində xüsusi kurslar da təşkil edilib. Bu kurslarda yetginlik yaşına çatmayan ərəb uşaqlarına kompüter kursları, türk dili və ərəb dili dərsləri keçirilir.
Mərkəzdə olduğumuz zamanı bəlli oldu ki, hər gün yüzdən çox körpə mərkəzə aid avtomobillər vasitəsilə bura gətirilir, axşam və ya günorta saatlarındaa isə valideynləri onları götürürlər. Mərkəz əsasən, 4-13 yaş arası uşaqlara xidmət göstərir. Burada dəsr, uşaqlar üçün xüsusi əyləncə otaqları yaradılıb. Suriyalı qaçqın ailələrin bir qismi elə mərkəzin yerləşdiyi İstanbulun Bəyoğlu səmtində yaşayırlar. Qaçqın uşaqlarına belə bir şəraitin yaradılması həm də onların valideynlərinin iş taparaq işləməsi, Türkiyə cəmiyyətinə adaptasiyası üçün açar rolunu oynayır.
Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başladıqdan sonra ölkəni 10 milyona yaxış insan tərk edib. Onların 3 milyondan çoxu hazırda Türkiyədə məskunlaşıb.