17 İyul 2018 13:32
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ilə müsahibəni təqdim edir:

- Sizcə, Gəncədə icra başçısına sui-qəsd, iki polis zabitinin ölümü ilə nəticələnən hadisələr niyə baş verdi, bu olayın arxasında hansı güclər dayanır?

- Gəncə şəhərində baş verən hadisələr təsadüfi deyil. Son vaxtlar sosial şəbəkələrdə ölkəmizdə sabitliyin pozulmasına xidmət edən çağırışlar səslənirdi. Səbəb isə Azərbaycanın uğurlu inkişafından düşmənlərimizin narahat olmasıdır. Azərbaycan sabitlik adasıdır, ölkəmizdə əmin-amanlıq hökm sürür, dövlətimiz həyata keçirdiyi qlobal layihələrlə beynəlxalq miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Bu gün Azərbaycan Avropanın enerji xəritəsini dəyişir. Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri buna sübutdur. Eləcə də ordumuz güclənir. 26 iyunda keçirilən möhtəşəm parad ordumuzun gücünü nümayiş etdirdi. Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyi ərəfəsində Naxçıvanda 11 min hektar ərazinin erməni işğalından azad edilməsi də bir daha ordumuzun gücünün nümunəsidir. Bütövlükdə, ölkəmiz Cənubi Qafqazın lider ölkəsi olmaqla yanaşı, özünün müstəqil siyasəti ilə böyük nailiyyətlər əldə edir. Bunu isə müəyyən beynəlxalq dairələr həzm edə bilmir. Ona görə də bu cür təxribatlara əl atırlar. Gəncədə, eləcə də Sumqayıtda baş verən hadisələr Azərbaycan dövlətinə, dövlətçiliyinə və xalqına qarşı bir sıra xarici ölkələrin kəşfiyyat idarələri tərəfindən bir ovuc əl buyruqçuları, sapı özümüzdən olan anti-milli və radikal qüvvələrin, xəyanətkarların təxribata sövq edilməsidir. Bir neçə müddətdir ki, Azərbaycana qarşı ciddi təxribatlar aparılırdı. Prezident seçkilərindən öncə total hücumlar başlamışdı. Amma nəticə vermədi. Aprelin 11-də xalqın mütləq əksəriyyəti cənab prezidentə səs verdi, xalq İlham Əliyev yolunu seçdi. Artıq onlar formatı dəyişmək istədilər, bu qüvvələr elə çirkindirlər ki, öz niyyətlərindən əl çəkmirlər. Bu qüvvələrə möhtərəm prezidentimiz kimi qətiyyətli, cəsarətli, prinsipial və müstəqil siyasət həyata keçirən dövlət başçısı sərf eləmir. Onlar Azərbaycanı öz maraqları üçün istifadə etmək istəyirlər, ölkə rəhbərliyinə təsadüfi, səriştəsiz, anti-milli qüvvələrin gətirilməsinin tərəfdarlarıdırlar. 2 il bundan öncə Türkiyədə dövlət çevrilişinə cəhd oldu. Bunlar bir-birinə bağlı qüvvələrdir. TANAP-ın açılış törənində Azərbaycan Prezidenti İlham Əliyev bu barədə qeyd elədi, dedi ki, bu, Türkiyə və Azərbaycanın birgə və növbəti zəfəridir. Bu layihənin gerçəkləşməməsi üçün nə qədər cəhdlər oldu. Amma o qüvvələrin məkrli niyyətləri, arzuları ürəklərində qaldı. Beynəlxalq təşkilatlar, xarici qonaqlar Azərbaycanı sülh adası elan etdikləri halda həmin qüvvələr çaxnaşma etmək niyyətindədirlər. Bu isə mümkün olmayacaq. Çünki onlar “proyektlərinin” qarşısında Azərbaycan xalqını görəcəklər.

- Gəncə olayının ardınca Sumqayıtda müəyyən hərəkətlənmə oldu. Bu hadisələri bitmiş saymaq olar, yoxsa təkrarlanma ehtimalı var?

- Azərbaycan cəmiyyəti olaraq, biz ayıq-sayıq olmalıyıq. Gələcəkdə də müxtəlif formada təhdid və ya təhlükə ola bilər. Amma bizim dövlətimiz güclüdür. Müvafiq strukturlar, hüquq-mühafizə orqanları çox fədakar xidmət göstərirlər. Fürsətdən istifadə edib Elmar Vəliyevə tezliklə sağalmağı arzulayır, şəhid polis zabitlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Dövlətimiz gündən-günə böyük uğurlara imza atır, bu da həmin qüvvələri qıcıqlandırır. Onlar Azərbaycanda müstəqil siyasət yürüdən dövlət rəhbəri istəmirlər, o qüvvələrə forpost lazımdır. Lakin Azərbaycan polisi və xalqımız hər zaman dövlətimizin keşiyindədir. Bu xalq 20 Yanvar hadisələri zamanı sovet ordusuna qarşı əliyalın çıxaraq öz sözünü dedi. Eləcə də 1994 və 1995-ci il dövlət çevrilişlərinə cəhd zamanı xalqımız birmənalı şəkildə dövlətçiliyimizi, ulu öndər Heydər Əliyevi müdafiə etdi. Bakı-Tiflis-Ceyhan layihəsi, “Əsrin müqaviləsi” imzalanmasın deyə ulu öndərimizə sui-qəsd etmək istədilər. Cənubi Qaz Dəhlizi layihəsi gündəmə gələndə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində terror törədildi. Bu, dövlətin siyasi iradəsini, əzmini, dövlət başçısının müstəqil, qətiyyətli diplomatiyasını sındırmaq üçün planlanmışdı. Amma bu, baş tutmadı. Bütün bu təhdidlərin qarşısında möhtərəm prezidentimizin dəmir siyasi iradəsi, xalqına olan bağlılığı durdu, Azərbaycan xalqı da onu dəstəklədi və arxasında dayandı. Gəncə və Sumqayıtda iğtişaş törətmək istəyən qüvvələr tam iflasa uğrayacaq və qanun qarşısında cavab verəcəklər. Bu gün məkrli niyyəti olan qüvvələr bilməlidir ki, əgər hansısa təxribatlara əl atmaq istəsələr, yenə də qarşılarında Azərbaycan xalqını, sadə insanları görəcəklər. Bu hadisələrin müqəddəs İslam dininə və bu dinə həqiqi bağlı olan müsəlmanlara heç bir aidiyyəti yoxdur. Cənab Prezident keçirdiyi müşavirədə terrorun törədilmə səbəbi və onun arxasında duran məkrli qüvvələr haqqında ciddi mesajlar verdi. Əminəm ki, istintaq qısa müddətdə terror hadisəsini törətmiş cinayətkarları və onların xarici sifarişçilərini aşkarladığı kimi, digər günahkarları da müəyyən edəcək. Belə bir ağır cinayət törətmiş şəxslər qanunun bütün sərtliyi ilə layiq olduğu cəzalarını alacaqlar. İnanıram ki, dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin planı bundan sonra da puç olacaq. Bizim bir düşmənimiz var. O da torpaqlarımızı işğal edən Ermənistandır. Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq, hər kəs, dövlətin, dövlətçiliyin yanında olmalıdır.

- Məlahət xanım, bir müddət bundan qabar sosial şəbəkədə Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin alçaldılması, həmçinin dövlət atributlarının təhqir olunması əleyhinə kampaniya başlatmışınız. Gəncə hadisələri fonunda sosial şəbəkələrdə və müxtəlif saytlarda dövlət əleyhinə çağırışlar edilir. Bunların qarşısını hansı tədbirlər vasitəsilə almaq olar?

- Sosial şəbəkələrdə dövlətçiliyə qarşı, iğtişaşlara çağırışlar olan statuslar və mesajların qarşısı birmənalı şəkildə alınmalıdır. Lazım gələrsə, belə çağırışlarla bağlı müəyyən məhdudlaşma aparılması zəruridir. Bu, başqa ölkələrdə də belədir. Fransada terror olanda fövqəladə hal elan elədilər, eləcə də Türkiyədə 2016-cı ildən bu günə qədər fövqəladə vəziyyət davam edir. Demirik ki, Azərbaycanda da fövqəladə vəziyyət elan edilsin. Amma sosial şəbəkələrdə belə qüvvələrə qarşı müvafiq qurumlar tərəfindən müxtəlif rıçaqlar, o cümlədən filter vasitəsilə məhdudiyyətlər qoyulmasını zəruri hesab edirəm.

- Yeri gəlmişkən, bu günlərdə Prezident İlham Əliyevin Brüsseldə NATO-nun 29-cu sammitində iştirakı və səfər çərçivəsində keçirdiyi görüşlər barədə fikirləriniz nədən ibarətdir?

- Prezident İlham Əliyevin bu günlərdə Brüsselə etdiyi səfər olduqca uğurlu hadisələrlə yadda qaldı, ölkə başçısının istər Avropa İttifaqında, istərsə də NATO-da keçirdiyi görüşlər qərəzli qüvvələrə ən layiqli cavab oldu. Azərbaycanın bütün sahələrdə ildən-ilə böyük uğurlara imza atdığı bir dövrdə bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli mövqeləri fonunda Brüsseldə Avropa İttifaqı və NATO kimi nüfuzlu təşkilatlarla əməkdaşlığımızın daha da gücləndirilməsi ölkəmizə qarşı qara piar həyata keçirən qurumlara cavabdır. Təbii ki, bu tipli təşkilatların ölkəmizə qərəzli yanaşmaları hər bir Azərbaycan vətəndaşını narahat edir və bu, ictimaiyyətdə təəssüf hissi yaradır. Biz bunu hər zaman riyakar, ikili standartlarla yanaşma kimi qiymətləndiririk. Həqiqətən də bu səfər zamanı Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə, imzalanan sənədlərdə çox vacib və xarici siyasətimiz üçün önəmli olan prioritetlər öz əksini tapdı. Əldə olunan uğurlardan biri də torpaqlarımızın 20 faizini işğal edən Ermənistana qarşı münasibət, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıq mövqelərdir. Bu gün Azərbaycan ictimaiyyəti əldə edilən uğurları çox yaxşı bilir, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri cərgəsindədir. Amma bütün bunlara baxmayaraq, hər birimizi daha çox düşündürən, ümummilli marağımız olan Dağlıq Qarabağ məsələsi ilə bağlı narahatlığımızdır. Beynəlxalq təşkilatların riyakar, qərəzli, ikili standartlara əsaslanan yanaşmasını Azərbaycan ictimaiyyəti qəbul edə bilməz. Prezident İlham Əliyevin keçirdiyi yüksək səviyyəli görüşlərdə və imzalanan sənədlərdə bizi narahat edən bütün suallar cavabını tapdı. Bu da Azərbaycan ictimaiyyətində dövlət başçısının xarici siyasətinə olan inamı bir daha artırdı. Ölkəmizdə xalq-iqtidar birliyi uzun illərdir davam edir, bundan sonra da davam edəcək. Lakin həlli dalana dirənmiş Dağlıq Qarabağ problemi ilə bağlı ictimaiyyət hər dəfə yeni bir cavab, yanaşma gözləyir. ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə bağlı 25 ildən çoxdur fəaliyyət göstərsələr də, heç bir nəticə əldə etməyiblər. Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşü zamanı Azərbaycan ictimaiyyətini narahat edən bütün suallara ölkəmizin haqlı mövqeyinə uyğun cavablar verildi. Narahatlıq doğuran məqamlar Azərbaycan həqiqətlərinə uyğun olaraq imzalanmış sənəddə öz əksini tapdı. Çünki Azərbaycan xalqı haqlıdır, Dağlıq Qarabağ məsələsində Azərbaycan istər beynəlxalq hüquq normaları, istərsə də siyasi aspektdə həm haqlıdır, həm üstündür, həm də qalibdir. Prezident İlham Əliyevin NATO sammitində çıxışı zamanı ölkəmizin 20 ildən artıq müddət ərzində bu Alyansa verdiyi töhfələrdən danışdı, Azərbaycanın NATO-nun etibarlı əməkdaşı olduğunu qeyd etdi. Ümumiyyətlə, Azərbaycan regional təhlükəsizlik və sabitlikdə mühüm rol oynayan bir ölkədir. Baxmayaraq ki, ölkəmizin ərazisinin 20 faizi işğal altındadır, Azərbaycan təhlükəsizlik və sabitlik müstəvisində qlobal sülhə çox böyük töhfələr verir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində istər Avropa İttifaqı Şurası, istərsə də NATO tərəfindən qəbul olunan sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əks olunub.

- Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi özündə nələri ehtiva edir?

- Ötən illər ərzində Azərbaycan Avropa İttifaqının müxtəlif strukturları, quruma daxil olan ölkələr ilə çox sıx əməkdaşlıq edib. Bu günədək Azərbaycan Avropa İttifaqına üzv olan bir çox ölkələrlə strateji tərəfdaşlıqla bağlı müxtəlif sənədlər imzalayıb və ya qəbul edib. Bunun özü Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın nə qədər yüksək səviyyədə olduğunu göstərir. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı siyasi, iqtisadi, təhlükəsizlik, enerji sahələrini əhatə edir. Bu illər ərzində böyük əhəmiyyətə malik bir çox layihələr həyata keçirilib. Son illərdə xüsusilə nəqliyyat sahəsində əməkdaşlığın inkişafını qeyd etmək olar. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq çərçivəsində dövlət başçısı İlham Əliyevin Azərbaycanın milli və dövlətçilik maraqları baxımından prinsipial və qətiyyətli mövqeyi çox yüksək qiymətləndirilməlidir. Ən vacib məsələlərdən biri də Avropa İttifaqı rəhbərləri ilə keçirilən görüşlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsi idi ki, buna nail olundu. Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcək, strateji tərəfdaşlığa böyük töhfə verəcək.


Müəllif: Nərgiz

Oxşar xəbərlər