19 İyul 2018 14:29
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan iqtisadiyyatı, xüsusilə də onun qeyri-neft sektoru sürətlə inkişaf edir. Biz hər gün yeni, dünyanın qabaqcıl standartlarına cavab verən müəssisələrin açılmasının şahidi oluruq. Həmin müəssislərdə başlıca mühəndis-texnoloji işləri əcnəbi mütəxəssislər həyata keçirir. 15-20 il əvvəl buna haqq qazandırmaq olardı, çünki Azərbaycan Sovetlər ittifaqından ona miras qalan avadanlıqları söküb tamamilə yeni, dünya standartlarına cavab verən avadanlıqlarla əvəz etmiş və müvafiq olaraq da həmin avadanlıqlarda çalışa bilən kvalifikasiyalı işçi qüvvəsini də xaricdən cəlb etməyə məcbur olmuşdu. Bu gün artıq vəziyyət fərqlidir. Dövlət başçısının xüsusi himayəsi altında olan təhsil sahəsinin qarşısında cənab prezident İlham Əliyevin insan kapitalının formalaşdırılması çağırışına uyğun şəkildə kadr yetişdirmək vəzifəsi durur. Lakin ali məktəbin bu işi qısa müddətə və effektiv şəkildə görməsi üçün onun müəssisələrin dəstəyinə ehtiyacı var. Çünki müasir iqtisadiyyat və bazar şəraitində çalışan müəssisə bazarın tələbələrinə qarşı daha çevikdir, o, ən müasir avadanlığa, geniş iqtisadi və maliyyə resurslarına sahibdir. Ali məktəbin belə avadanlığı yoxdur. Müəssisə əcnəbi mütəxəssisə böyük həcmdə əməkhaqqı ödəmək əvəzinə yerli mütəxəssislərimizin hazırlanması üçün ali məktəblə əməkdaşlıq edərsə, bu, həm ali məktəbin, həm müəssisənin, bütövlükdə isə dövlətin və xalqın mənafeyinə uyğun olar. Bəzi istisna halları nəzərə almasaq, müəssisələrin əksəriyyəti xaricdən mütəxəssis gətirməyi üstün tutur. Halbuki problemin həlli yolu sadədir - tələbələr müəssisələrə gedib müasir avadanlıqlarla tanış olmalı, ilkin olaraq onunla işləmək bacarıqlarına yiyələnməlidirlər. Əks təqdirdə, əgər biz özümüz üçün kadr hazırlaya bilmiriksə, daha bu universitet kimə lazımdır ki?!

Bu sözləri Axar.az-a 2015-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor Mustafa Babanlı qeyd edib. 3 il ərzində ADNSU-da köklü dəyişikliklərə imza ataraq universitetin nüfuzunun artmasına nail olan rektorun müsahibəsini təqdim edirik.

- Mustafa müəllim, ötən gün I ixtisas qrupu üzrə təkrar imtahan keçirildi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə nə qədər yer ayrılıb, nə qədər qəbul gözləyirsiniz?

- Bildiyiniz kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti texniki və texnoloji ixtisaslarla məşğul olaraq ölkə iqtisadiyyatı və ölkə elmi potensialının zənginləşməsi üçün öz qüvvələrini səfərbər edib mütəxəssis hazırlayır. I ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərlə il boyu görüşlərimiz olur. Biz onları universitetə dəvət edir, laboratoriyalarla tanış edirik, eyni zamanda, özümüz də məktəblərə gedib onlarla görüşürük. Bu il ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Təhsil Nazirliyinin gözəl bir layihəsi oldu və biz də universitetin iki əməkdaşını həmin tərkibdə bir neçə rayona ezam etdik. Bizim abituriyentlərlə çoxsaylı görüşlərimizin nəticəsi olaraq onların daha yaxşı nəticə göstərərək bizim universiteti, ADNSU seçəcəklərini düşünürük. Bu il ümumilikdə bakalavr səviyyəsində 3 minə qədər, magistr səviyyəsində isə 630 nəfərədək tələbənin ADNSU-ya qəbul olmasını gözləyirik.

- 3000-dək bakalavr, kifayət qədər böyük rəqəmdir. I ixtisas qrupu üzrə qəbul aparan 30 ali məktəb arasında belə bir yüksək nəticə göstərəcəyinizə əminliyi nə yaradır?

- Hesab edirəm ki, bunun bir neçə səbəbi var. Birinci səbəb kollektivimizin ADNSU-da yaratdığı şəffaf mühitdir. Hər bir tələbə digərindən yalnız və yalnız bilik səviyyəsi ilə fərqlənə bilər. Tələbələrin bilikləri obyektiv olaraq qiymətləndirilir və hər kəs layiq olduğu qiyməti alır. Şəffaflıq yalnız bununla məhdudlaşmır. Tələbələrlə univerisitetin rektoru, prorektorları və professor-müəllim heyətinin münasibətləri də tam şəffafdır. Məsələn, biz ildə 4 dəfə açıq qapı günləri keçiririk. Bu günlərdə hər kəs iştirak edə və istədiyi sualı verə bilər. Heç bir filtr tətbiq edilmir. İstənilən adam onu narahat edən sualı verə bilər. Verilən sualları elə oradaca şəxsən özüm cavablandırıram. Araşdırma tələb edən sualları qeyd edib daha sonra cavablandırırıq. Adətən sualların 95%-nə orada cavab verilir. Açıq qapı günündə müəllimlərin əksəriyyəti, kafedra müdirləri, tələbələr, valideynlər də iştirak edir. Tələbələr var ki, birbaşa müəllimin adını çəkərək dərsin keyfiyyətindən şikayət edir. Bütün məsələlər elə yerindəcə həll olunur və ya araşdırılmaq üçün uyğun komissiyalara göndərilir. Bir sözlə, rektorluqla tələbələr arasında işçi ünsiyyət mexanizmi qurulub.

Bir daha qeyd edim ki, abituriyentləri ADNSU-da cəlb edən məhz belə şəffaflığın olmasıdır. Tələbə və valideyn əmindir ki, ADNSU-da bircə meyar var, o da bilikdir. Bir nəfər tələbəyə xüsusi yanaşılmır və bu mümkün də deyil. Bizim tələbələrimiz arasında cəmiyyətdə tanınan insanların övladları və nəvələri var, lakin onlar da bütün tələbələr kimi imtahanlardan qeyri-məqbul qiymət aldıqda ümumi qaydada kredit borclarını aradan qaldırmaq üçün əlavə dərslərə gəlirlər, yeni yaradılmış qruplarda əsas dərs saatlarından sonra əlavə təhsil alırlar və s. Biz onlar üçün əlavə dərs saatları müəyyənləşdiririk. ADNSU-nun professor-müəllim heyəti gecə-gündüz onlarla məşğul olur ki, tələbələr kəsrlərini düzəltsinlər.

- Mustafa müəllim, ADNSU-ya qəbul göstəriciləri necədir? Rektor kimi sizi qane edirmi tələbələrin topladığı bal, bilik səviyyəsi?

- Mən ADNSU-ya 2015-ci ildə təyin edilmişəm. Siz 2010-cu ildən bu günə qədər universitetin tələbə sayının və müəllim kontingentinin dinamikasına nəzər salsanız, görərsiniz ki, 2015-ci ildən indiyə qədər hansı dəyişikliklər baş verib. Bu 3 il ərzində tələbə sayı 7500-dən 10 500-ə yüksəlib. Müəllim sayı isə tələbələrin sayının artmasına baxmayaraq, aşağı düşüb, çünki həddən artıq əlavə və lüzumsuz ştatlar var idi ki, onları ləğv etmişik. Dərs bölgüsünün düzgün aparılmadığına görə, təsəvvür edin, 40 min saat dərsə qənaət etmişik. Bunun sayəsində müəllimlərin əməkhaqlarını qaldıra bilmişik. Biz tələbələrin sayını kor-koranı artırmırıq. Biz tələbəni ölkənin prioritet istiqamətlərinə uyğun qəbul edirik. Universitetə tələbə qəbul planı cidd təhlilə söykənir.

- ADNSU-da, bildiyimiz qədər, çoxlu sayda tələbə ingilis dilində təhsil alır. İngilis dilində tədrisin genişləndirilməsi də ehtiyacdan irəli gəlir?

- ADNSU-da ingilis dili bölməsi 2016-cı ildən açılıb. 2015-16-cı tədris ilində bu istiqamətdə hazırlıqlara başladıq. İngilis dili bölməsinə tələbə qəbul edirik demək dildə asan görünür: valideyn, abituriyent, tələbə, universitet buna hazır olmalıdır. Universitet dil daşıyıcısı olan yüksəkixtisaslı müəllim tapmalıdır, laboratoriyalar genişləndirilməli və yenidən qurulmalıdır, dərs vəsaitləri hazırlanmalıdır. Yəni bu asan bir məsələ deyil, kompleks bir işdir. 1 il biz bu işi gördük. Həmin ərəfədə universitetimizdə struktur dəyişikliyi gedirdi. Ona görə də yeni seçilən kafedra müdirlərinin qarşısında tələb qoyuldu ki, onlar ölkəyə vacib olan ixtisasların ingilis dilində tədrisini təşkil etməlidirlər. Bunun hazırlıq səviyyəsini də rektorluğun nəzarətində prioritet istiqamət kimi saxladıq.

I qrup üzrə ADNSU-ya qəbul aparılan 31 ixtisasdan 14-nün ingilis bölməsinə qəbul apardıq. Bunu sırf biz belə istəyirik deyə etmədik. Burada bir neçə məqsədimiz var. Ən vacibi odur ki, biz bu ixtisaslarla mübadilə işlərini həyata keçirə bilirik. Rahatlıqla xaricdən müəllim dəvət edə və rahatlıqla xaricə müəllim göndərə bilirik. Həmçinin rahatlıqla tələbə mübadiləsi həyata keçiririk. İngilis bölməsinin olması bizə Azərbaycan intellektini geniş spektrdə xaricdə təmsil etmək imkanı yaradır. Hazırda təkcə ingilis bölməsində 700-dən artıq bakalavr təhsil alır. İngilis bölməsinin açılmasında ikinci əsas məqsəd əcnəbi tələbələrin cəlb edilməsidir. İngilis dilində tədrisin genişləndirilməsi ADNSU-ya qəbul olan əcnəbi tələbələrin də sayının artmasını şərtləndirib. Əgər 2015/2016-cı tədris ilində əcnəbi tələbələrin sayı 300 nəfərdən az idisə, hazırda bizim 548 əcnəbi tələbəmiz var ki, bunlardan 110 nəfəri bu bölmədə təhsil alır. Əsasən də onlar birinci və ikinci kursların tələbələridir.

Üçüncü əsas məsələ isə universitetin akkreditasiyadan keçməsidir. İngilis bölməsi olmayanda beynəlxalq akkreditasiya təşkilatları ilə iş qurmaq çox çətin olur. Gəlib kimlə söhbət etsinlər? Gəlib auditoriyaya, kitabxanaya, otaqlara, universitetin texniki bazasına, yeməkxanasına baxa bilirlər. Ancaq tələbə ilə, mütəxəssis ilə təmasları olmur, ona görə də akkreditə etmirlər.

Azərbaycan universitetləri içərisində ADNSU yeganə ali təhsil ocağıdır ki, beynəlxalq akkreditasiyanı davam etdirir. Artıq 8 ixtisasımız beynəlxalq akkreditasiyadan keçib. Bu il daha 5 ixtisasın akkreditasiyadan keçirilməsinə dair sənədləri hazırlayırıq.

- Gələcəkdə başqa xarici dillərdə də təhsil verilməsi kimi planlar varmı?

- Bu sualı mənə ilk dəfədir verirlər. Biz daha iki xarici dildə, bir qədər daha az formatda və lap vacib olan ixtisaslarda tədrisi tətbiq etməyi düşünürük. Bu, alman və fransız dilləridir. Əsasən də alman dili nəzərdə tutulub. Çünki texniki ali məktəblərdə Almaniya ilə əlaqələrin qurulması, ikili proqramlar təklifləri gəlib. İndi məhz onları araşdırırıq, lakin bu gün əsas ünsiyyət və təhsil dili ingilis dili olduğundan, ona daha çox üstünlük veririk.

- ADNSU-də hazırda neçə fakültə var? Ən populyar fakültə hansı hesab edilir?

- Universitetimizdə hazırda 7 fakültə var: Geoloji kəşfiyyat, Neft-Qaz Mədən, Kimya Texnologiya, Neft Mexanika, Energetika, İnformasiya Texnologiyaları və İdarəetmə, İqtisadiyyat və Menecment. 8-ci fakültəmiz isə Əcnəbi tələbələr dekanlığı hesab edilir. Daha bir fakültə formasında magistratura bölməmiz var. Bundan başqa, “Sabah” qrupları ilə işləyən bir bölməmiz mövcuddur. 2015-ci ildən kafedraların birləşdirilməsi prosesini həyata keçirsək də, heç bir fakültəmizin nə adını, nə də istiqamətini dəyişdik. Bu gün ən yaxşı və populyar fakültə İnformasiya Texnologiyaları və İdarəetmə və Neft-Qaz Mədən fakültələrini hesab edə bilərik. İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi həm tələbə sayına, həm də ümumi nüfuzuna görə daha üstün hesab edilə bilər. Bu fakültələrin tələbələri sanki seçilmişlərdir, çünki ADNSU üzrə ən yüksək ballı tələbələr məhz bu fakültədə təhsil alırlar.

- Qeyd etdiniz ki, tələbələrin sayında artım olsa da, müəllim sayında azaltma aparmısınız. Xüsusilə dəvət etmək istədiyiniz kadr və mütəxəssislər olubmu?

- Universitetə konkret olaraq cəlb etmək istədiyimiz ad olmayıb. Ancaq əcnəbi müəllimlər dəvət etmişik. İl boyu təxminən 30-35 nəfər əcnəbi professor bizim universitetdə dərs deyir. ADNSU-də Amerika, Almaniya, Fransa, Rusiya, Ukrayna, İsraildən dəvət edilən əcnəbi professorlar dərs deyir. Bundan əlavə, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) çalışan müəllimlər də buraya daxildir.

Gələcək üçün əcnəbi professorların sayının artırılmasını düşünürük, lakin bu proses həm də çox ciddi maddi dəstək tələb etdiyindən, işimizi elə qurmalıyıq ki, daha çox azərbaycanlı kadrların yüksək ixtisaslı mütəxəssis kimi yetişdirilməsinə şərait yaradaq.

Bundan başqa, daxili auditoriyaya hesablanmış “dəvətli professor” deyilən bir məfhum yaratmışıq. Azərbaycanın hazırda ən müasir texnologiyalarla işləyən müəssisələrilə mübadilə apararaq, onlara təcrübə üçün tələbə veririk və ya onların aparıcı mütəxəssislərini tədrisə cəlb edirik.

Bu mütəxəssislərin çoxunun elmi dərəcəsi yoxdur, yəni dosent və ya professor deyillər. Sadəcə, istehsalat təcrübələri olduğuna görə müəllimin keçdiyi nəzəri bilikləri çox az bir müddətdə (cəmi 2 akademik saat) praktik olaraq tələbələrə tədris edirlər. Müəssisələrin texniki direktorları, sex rəisləri, sırf texnoloji prosesləri bilən mütəxəssisləri praktik əhəmiyyətli dərslərə cəlb edilirlər. Bu şəkildə keçilən dərslər çox gözəl nəticə verir.

- Tələbələriniz arasında yəqin ki, müəllim kimi universitetdə saxladıqlarınız da var?

- Əlbəttə. Hər il bütün kafedraların kadr potensialının təhlilini aparırıq, yaş, elmi dərəcə, elmi və pedaqoji fəaliyyət kimi meyarları nəzərə alırıq. Harada boşluğumuz varsa, əvvəlcədən bununla bağlı sifarişlər veririk. Təhsil Nazirliyi də bununla bağlı Nazirlər Kabinetinin qarşısında məsələ qaldırır və doktorantura pilləsində təhsil almaq üçün elan veririk. Məsələn, 2015-ci ildə bizim doktoranturaya cəmi 21 yer verilmişdi, 2017-ci ildə biz universitetə 119 doktorant qəbul etmişik. Bütün bunlar da magistrların, əməkdaşların arasından seçilir. Əlbəttə, Azərbaycanın digər ali məktəblərindən, elmi müəssisələrindən də ADNSU-nun doktoranturasına qəbul olmaq üçün müraciət edənlər az deyil.

- ADNSU əcnəbi tələbə sayına görə seçilən universitetlərdən olub həmişə. Bəs burada qalıb, universitetdə işləməsini istədiyiniz əcnəbi tələbələr necə, olubmu?

- Bu olduqca qəribə və maraqlı sualdır. Bir çinli tələbəmiz var idi. Olduqca savadlı və lazımlı kadr idi. O özü də çox çalışdı burada qalmağa, bəli, biz də çox çalışdıq ki, onu burada saxlayaq. Ancaq bu baş tutmadı. Bilirsiniz, əcnəbilərin burada qalıb işləməsi üçün miqrasiya ilə bağlı müəyyən işlər görülməlidir. Bundan əlavə, sual olunur - məgər bizim ölkədə belə bir mütəxəssis yoxdurmu bu əcnəbi tələbəni saxlayırsınız? Bu haqlı sualdır və bütün dünyada belədir. Əgər həmin əcnəbi mütəxxəsisə ehtiyac olduğu isbatlanarsa, o halda həmin şəxsin ölkədə qalıb əmək fəaliyyəti ilə məşğul olmasına icazə verilir. Hazırda universitetimiz işini elə qurub ki, hər sahə üzrə özümüz mütəxəssis yetişdiririk.

- Əcnəbi tələbələrdən söz düşmüşkən, adətən hansı ölkələrdən olur bu tələbələr?

- Asiya, Yaxın Şərq, Uzaq Şərqdən tələbələrimiz çox olur. Hondurasdan tutmuş Venesuela, hətta Kuba, Kosta-Rikadan; İndaneziya, Vyetnam, Nepal, Hindistan, Pakistan, Banqladeşdən həmişə tələbələrimiz olub. Hazırda ən böyük kontingentimiz Türkmənistan tələbələridir. Təxminən 110 nəfər türkmən tələbəmiz var. İkinci yeri Çin, üçüncü yeri isə Pakistan tələbələri tutur.

- Təhsil haqlarınız necədir?

- Əmin ola bilərsiniz ki, biz ümumiyyətlə təhsil haqlarını qaldırmağa meyilli universitet deyilik. Ən yüksək təhsilhaqqımız 1900 manatdır. Təhsil haqlarını qaldırmağa meyilli olmamağımızın səbəbi burada təhsil almağa maraqlı olanları universitetimizə cəlb etmək istəyimiz və bir də ali təhsilin əlçatanlığını təmin etməkdir.

Dövlət İmtahan Mərkəzi çox gözəl statistik məlumatlar verir. DİM-in məlumatına əsasən, biz öz kontingentimizi müəyyən edə bilirik. Məsələn, bizim neft-qaz ixtisasları üzrə kontingentimiz neftlə zəngin olan Bakı, Şirvan və Siyəzən bölgələrindəndir. İnformasiya texnologiyaları istiqamətində riyaziyyat fənni üzrə daha yüksək nəticə göstərən rayonlarla işləyirik. Məsələn, Lənkəran, Gəncə, Şəki, Qəbələ və başqa rayonlardan olan abituriyentlərin riyaziyyata meyilliliyi daha yüksəkdir. Statistikanı bizə DİM versə də, onun əsasında ciddi təhlili özümüz aparırıq.

- Təhsil haqlarından danışmışkən, ödəməyə çətinlik çəkən tələbələrə hansısa güzəşt və imkanlar yaradılırmı?

- Tələbənin bütün imtiyazlarını dövlət müəyyən edir. Biz dövlət müəssisəsiyik. Bizim heç bir imkanımız yoxdur ki, özümüz hər hansı addım ataq. Hökumət imtiyazlı tələbə kateqoriyalarını müəyyən edib və həmin kateqoriyalara uyğun olaraq, universitetə ödənişli əsaslarla qəbul olan tələbələrin təhsil haqlarını qarşılayır. Təhsil haqları ilə bağlı dövlətin tətbiq etdiyi güzəştlərdən başqa əlavə güzəştlər etmirik. Biz universitet olaraq yalnız Tələbə Həmkarlar İttifaqı xətti ilə və yaxud universitetin öz vəsaiti hesabına müəyyən təqaüdlər, yataqxana yeri, qida kartı və s. verə bilərik. Onu da qeyd edim ki, dövlət universitetlərinin təhsil haqlarından başqa əlavə gəlir yeri yoxdur. Universitet özünü bu təhsil haqlar hesabına saxlayır. Bu gün bizim universitetimizin gəlirlərinin cəmi 2 faizini elmdən qazana bilirik. Belə bir ali məktəbin elmdən gəliri ən az 50 faiz olmalıdır. Biz bu istiqamətdə çalışırıq və güman edirik ki, yaxın illərdə bu sahədə böyük irəliləyiş əldə edəcəyik.

- Təhsil haqlarını qaldırmaq barədə düşünürsünüz?

- Əlbəttə, istəyərik bizdə də təhsil haqları digər dövlət universitetlərindəki kimi olsun. Lakin biz təhsil haqqının qaldırılması məsələsinə çox həssas yanaşırıq. Bizim üçün əsas prinsiplərdən biri maddi vəziyyətindən asılı olmayaraq xalqımızın bütün övladları üçün ali təhsilin əlçatan olmasıdır.

- Bir əsrə yaxındır bu universitet fəaliyyət göstərməsinə baxmayaraq, neft şirkəti, müəssisələr hələ də xaricdən kadr, mütəxəssis gətirir. Səbəb nədir? Universitetin məzun etdiyi kadrları kifayət etmirmi?

- Bu, məni də uzun müddət düşündürən məsələdir. Universitetə rəhbərlik etməyə başladığım gündən bütün müəssisələr, o cümlədən SOCAR-a işbirliyi təklif etmişik. İşbirliyi nədən ibarətdir? Universitetin təkbaşına, heç bir əməkdaşlıq olmadan ən müasir səviyyədə ən müasir texnoloji yenilikləri özündə ehtiva edən mütəxəssis hazırlaması çətindir və bəlkə də mümkün deyil. Nə texniki, texnoloji prosesləri laboratoriya qismində burada qurmağa maddi imkanımız var, nə də o dəyişən, inkişaf edən texnologiyanın arxasınca qaçıb çatmaq mümkündür. İnformasiya texnologiyalarında texnologiyalar şərti olaraq iki həftədən bir yenilənir. Texnoloji proseslər isə müəssisələrdə təxminən 10 aydan bir yenilənir. Yəni universitetin tədris planını hazırlayıb onun arxasınca çatması mümkün deyil. Ona görə də bizim yeganə yolumuz bu texnologiyalarla işləyən müəssisələrlə işbirliyidir. Müəssisələr bizə onlara vacib olan mütəxəssislər üçün fənləri, texnoloji yenilikləri bizdən tələb etməlidir. Ancaq onlar bunda maraqlı deyillər. Bu səbəbdən gedib xaricdə mütəxəssis axtarırlar.

“Azərişıq”, “Azərenerji”, Energetika Nazirliyinin bəzi qurumları, “Şnayder elektrik”, “LDB”, “Siemens”dir ki, bizimlə həm əməkdaşlıq edir, həm tədris planlarımıza baxırlar. Hər universitet seçimli fənlər blokunda sərbəstdir. Seçimli fənlər bloku ümumilikdə götürəndə 60 krediti özündə ehtiva edir. 60 kredit 900 saat dərs yükü deməkdir. 900 saata hazırlıqlı tələbədən mütəxəssis hazırlamaq olar. Bu 900 saatı biz müəssisələrlə birgə qursaq, həmin müəssisə üçün əla kadr hazırlayarıq. Burada Təhsil Nazirliyinin ali məktəblərə hərtərəfli dəstəyini xüsusi qeyd etmək istərdim.

Əgər biz özümüz üçün kadr hazırlaya bilmiriksə, daha bu universitet kimə lazımdır?! Əgər biz tədris planını dəyişmək istəməsəydik, o zaman, müəssisələrin xaricdən kadr gətirməsinə haqq qazandırmaq olardı. Ancaq biz 2015-ci ildən bütün müəssisələrə qapılarımızı açmışıq. Bu gün laboratoriyaları yaxşılaşdırırıq, müasirləşdirməyə çalışırıq. Biz bunu davamlı olaraq etsək də, yenə də müəssisələrin iştirakı olmadan texniki ixtisas sahələrinin yüksək səviyyəli mütəxəssisini hazırlamaq mümkün olmayacaq.

Biz ölkənin bütün sənayesi üzrə mütəxəssis hazırlayırıq. Son vaxtlar SOCAR-la əməkdaşlığımız genişlənir. Neft şirkətinin ayrı-ayrı müəssisələrinə bu il onlarla məzunumuz işə qəbul olunub. Bu işlər davam etdiriləcək.

- MBA proqramı üzrə təhsil alan tələbələrin diplom problemi yaranmışdı. Qısaca buna da aydınlıq gətirərdiniz.

- Bizim universitet olaraq diplom vermək səlahiyyətimiz yoxdur. Diplom dövlət sənədidir və bu sənədi dövlət qurumu olaraq Təhsil Nazirliyi verir. Sözügedən məsələyə gəlincə, diplomun üzərində yazılmışdı ki, bu dövlət sənədidir və yalnız bu ixtisasla bağlı işə götürülməsi üçün sənəd sayılır. Yəni doktoranturaya qəbul üçün sənəd sayılmır. Bu cümlə yazılmışdı sənədin üstündə. Tək bizdə deyil, bir neçə universitetdə bu məsələ qalxmışdı. Tələbələr buna narazılıqlarını bildirdilər və məsələ müsbət həllini tapdı. Mən bu işdə onlara dəstək vermiş hər kəsə təşəkkürümü bildirirəm.

- Sizdən bir qədər UFAZ haqqında danışmağınızı istərdim. Bilməyənlər də məlumatlansın.

- Bizim universitetdə ikili proqramlar çoxdur. Amerikanın Corcia Universiteti və Almaniyanın Zigen Universiteti ilə sıx əlaqələrimiz var. 2014-cü ildə cənab Prezidentimiz İlham Əliyev Azərbaycan–Fransız Universitetinin (UFAZ) yaradılması təşəbbüsü ilə çıxış etdi. Bundan sonra Azərbaycan və Fransa hökumətinin müvafiq qurumları işə başladılar. 2015-ci ildə işlər aktiv mərhələyə qədəm qoydu və Təhsil Nazirliyi ADNSU-nu, Fransa tərəfi isə Strasburq Universitetini baza universiteti kimi seçdi. Bizə də tapşırıq verildi ki, hansı ixtisaslar üzrə və neçə nəfərin hazırlanmasını dövlətə proqram şəklində təklif edək. Təhsil Nazirliyinin ümumi rəhbərliyi altında təkliflərimizi verdik. Ölkə səviyyəsində 4 ixtisasın – neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, geofizika mühəndisliyi və kompüter elmləri ixtisaslarının tədrisinə qərar verildi. Hər ixtisas üzrə 30 nəfər dövlət sifarişi, 10 nəfər isə ödənişli olmaqla 160 tələbənin hər il qəbul olması üçün işlərə başladıq. 2016/2017 tədris ilində ilk tələbələri qəbul etdik. Bu layihə çərçivəsində bütün dərs proqramları Fransa tərəfindən tərtib olunur. Biz bu dərslərin metodikasına heç bir müdaxilə etmirik. Mütəxəssislərin 50 faizi Strasburq Universitetinin və Ren-1 Universitetinin professorlarıdır. Yekunda bu proqramı yerinə yetirən tələbələr 2 diplom alır. Həm ADNSU-nun, həm də Strasburq və ya Ren-1 Universitetinin. Ancaq diplomda yazılmır ki, o, Bakıda oxuyub. Diplomda qeyd edilir ki, o, Strasburq Universitetinin məzunudur.

- Universitetinizin yeni layihələri barədə məlumat verərdiniz. Oxucular üçün də maraqlıdır.

- Məni ən çox maraqlandıran məsələ budur. İnnovativ biznes universitetə gəlməlidir. İnnovativ biznes universitetə gəlməsə, universitet inkişaf etməyəcək. İnnovasiyalar tələbələrə sirayət etməlidir. Bu gün bizim əsas məqsədimiz təkcə sənaye müəssisələrinə kadr hazırlamaqla bitməməlidir. Biz daha çox burada müəssisə yaradıb, iş yerləri qurmalıyıq. Tələbə universiteti bitirib buradan gedərkən öz müəssisəsi ilə getməlidir. Müəssisə yaranır və nə isə istehsal etməyə başlayır bir neçə tələbə sayəsində. Bu da “Made in Azərbaycan” brendi adı altında satılır. Bu artıq olur universitetin gördüyü iş. Biz 2015-ci ildən daha çox bunun üçün çalışırıq. ADNSU-da Startap və İnnovasiya Mərkəzi fəaliyyət göstərir və 20-dən çox layihəmiz ciddi uğurun astanasındadır.

Bu işi iki istiqamətdə aparırıq. Birinci istiqamət tələbələrlə bağlıdır və bunun adı Startapdır. Yəni öz kiçik müəssisəsini yaradıb çox qısa müddətdə öz biznesini başlatmaq deməkdir. İkinci isə texnologiyaların transferidir. Bu daha fundamentaldır. Biz hansısa fundamental elmi-tədqiqat işimizin nəticəsi olaraq yeni texnoloji proses yaradırıq. Onu biz müəssisəyə tətbiq etməliyik.

Biz eyni zamanda lazer texnologiyalarının tətbiqi ilə bağlı da işlər aparırıq. Artıq almaniyalı mütəxxəsislərin iştirakı ilə birgə ADNSU-da Lazer Mərkəzi fəaliyyətə başlayıb. Tələbələrimiz Lazer Mərkəzində tədris, laborator dərsləri keçməklə yanaşı, alimlərimiz burada araşdırmalarını aparırlar. Bundan əlavə, mərkəzdə lazer texnologiyalarının tətbiqi ilə avadanlıqların bərpa və rekonstruksiya işlərini həyata keçirmək mümkündür. Artıq bizim müxtəlif sifarişlərimiz də vardır. Burada çalışmaq üçün tələbə və məzunlarımızdan ibarət 15 nəfərlik xüsusi qrupa təlim keçilib və Lazer Mərkəzi artıq fəaliyyət göstərməyə tam hazırdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər