19 İyul 2018 14:37
1 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, SSRİ-də ilk dəfə olaraq müəllimlərin müsabiqə yolu ilə işə qəbuluna nail olub və onu həyata keçirib (1987-1988).

O, ilk dəfə Bakı məktəblərində psixoloji xidməti təşkil edib (1987-1991).

O, ilk dəfə şagirdlərə fənn müəllimi və sinif rəhbərini seçmək hüququnu verib (1989).

O, Azərbaycan təhsilində bir çox strategiyaların təşəbbüskarı olub (1984-2013).

Eyni zamanda o, Bakı Şəhər Baş Təhsil İdarəsinin (BŞBTİ) rəisi (1985-2005) vəzifəsində çalışıb.

Söhbət bu gün Avropa Azərbaycan Cəmiyyətinin təhsil müşaviri vəzifəsində çalışan, Əməkdar müəllim, ömrünü təhsilə sərf etmiş Asif Cahangirovdan gedir.

Asif müəllimin təhsil sahəsində gördüyü işlərin siyahısını daha da uzada bilərik, lakin gerisini onun öz dilindən eşidək...

Beləliklə Publika.az-ın ömrünün 40 ilini təhsilə həsr etmiş Asif Cahangirovla müsahibəsi.

“İnsanın yaşamını başqa cür təsəvvür etmirəm”

- Asif müəllim, 70 illik yubileyiniz mübarək! Ömrünüzün 40 ilini təhsilə həsr etmisiniz. Və bu illər ərzində az insanın əldə edə biləcəyi uğurlara imza atmısınız. Geriyə dönüb baxanda həmin illərinizi, gördüyünüz işləri və əldə etdiyiniz nailiyyətləri necə dəyərləndirirsiniz?

- Asan görünsə də, çətin sualdır. Ondan başlayım ki, ömür boyu özümdən narazı qalmışam. Daim fəaliyyətdə olmuşam. Bu yaşa çatsam da, istirahətin nə olduğunu anlaya bilmirəm. Divanda uzanıb televizora baxmaqdırmı, kitab oxumaqdırmı, yoxsa hansısa işi görməkdirmi istirahət? Axı detektiv oxuduqda, filmə, teatr tamaşasına baxdıqda, səyahətə çıxdıqda, pis vərdişindən imtina etdikdə belə intellektual, emosional enerji sərf edir, təhlil və müqayisələr aparır, məqsədinə uyğun fəaliyyət göstərirsən. Heç zaman “boş vaxt” ifadəsini də anlamamışam. Hesab edirəm ki, insan hər zaman hərəkətdə, axtarışda olmalıdır. Mən də həmişə hərəkətdəyəm. İstər fiziki, istər idraki, istər zehni. Ənənəvi baxışda istirahət adlanan sanatoriya-kurort müalicəsi zamanı da kompüterim hər zaman mənimlədir və daim axtarışdayam, təhsil sahəsindəki aktual mövzuları izləyirəm, qeydlər götürürəm, mədəni, iqtisadi, siyasi proseslərlə maraqlanıram.

O ki qaldı verdiyiniz suala, səmimi deyirəm: görəcəyim, görə biləcəyim və həyata keçirmək arzusunda olduğum işlər həmişə etdiklərimdən qat-qat çox olub. Düşünürəm ki, həyatımın başlıca vektoru inkişafa meyillilik, öyrənməyə həvəs olub. Dostluqda da yanaşmam eynidir: dostla birlikdə inkişaf etmək, ondan öyrənmək, onu öyrətmək. Bu gün də yaşamımı başqa cür təsəvvür etmirəm.

- Hansı xüsusiyytlərinizi həyatınız və əmək fəaliyyətiniz üçün üstün bilirsiniz?

- Onların ən vaciblərini qeyd etdim: inkişafa meyillilik, özümdən daxili narazılıq, özümə tənqidi yanaşma. Dürüstlük, dəqiqlik, əməksevərlik, ədalətlilik, məsuliyyətlilik, saflıq... Ömür boyu ləyaqətimi qorumağa çalışmışam. Hər gün Ulu Tanrıdan onu əlimdən almamağı diləyirəm.

Təvazökarlıqdan kənara çıxaraq və uzun illər təhsili idarəetmə qurumlarında əldə etdiyim təcrübəni, səriştələrimi nəzərdən keçirərək, strateji təfəkkürü, proqnozlaşdırma qabiliyyətini və bunlardan qaynaqlanan tənqidi təfəkkürü də əlavə edərdim.

Əminliklə deyə bilərəm ki, hər bir idarəedici bu keyfiyyətlərə malik olmalıdır. Təhsilimizə yeni pedaqoji təfəkkür, təhsilin humanistləşdirilməsi, innovasiya, strateji planlaşdırma və digər müasir yanaşmaları gətirməyimdən də qürur duyuram. Hələ SSRİ dövründə dərk edirdim ki, rəhbər işçi - müasir yanaşma ilə desək - idarəedici, menecer mütləq yenilikçi olmalıdır, onun yanaşmaları və fəaliyyəti hər zaman inkişafa hədəflənməlidir. O, işləri prioritetləşdirməyi bacarmalı və qarşısına konkret operativ vəzifələr qoymalıdır.

Bu baxımdan yuxarıdan gələn qərarların icrası ilə kifayətlənmirdim, çalışırdım ki, idarəetmə praktikamda cüzi də olsa, dəyişikliklər edim. Ötən əsrin 90-cı illərin əvvəlindən əsas diqqəti yeni pedaqoji təfəkkürün müəllimlər arasında geniş vüsət almasına yetirirdim. Müasir təcrübənin öyrənilməsi və yayılması, fəal təlim metodları və üsullarının pedaqoji prosesdə tətbiqi, təhsilin humanistləşdirilməsi, diferensiallaşdırılması və fərdiləşdirilməsi, yaradıcı müəllimlərin maddi və mənəvi həvəsləndirilməsi Bakı Şəhər Baş Təhsil İdarəsinin fəaliyyətində prioritet sahələr idi. Hər halda nələrsə alındı...

“Düşünürdüm ki, rəhbər vəzifədə çalışaramsa...”

- Müsahibəyə hazırlaşarkən internetdə sizinlə bağlı yerləşdirilən məqalələrlə tanış oldum. O qədər uğurlar, o qədər nailiyyətləriniz var ki!..

- Səmimi deyirəm: böyük uğurlar o qədər də çox deyil. Daha böyük işlər görülə bilərdi… Dövlət təhsil sistemində 34 il çalışmışam, onun 30 ili idarəetmə sahəsi ilə bağlı olub. Fəaliyyətimin böyük hissəsi sovet dövrünə təsadüf edib. Cəmi bir tədris ili təlim-tərbiyə işləri üzrə direktor müavini işlədikdən sonra gözlənilmədən Sumqayıt Şəhər Maarif şöbəsinin müdiri vəzifəsi mənə həvalə olundu. O vaxt 28 yaşım var idi. 1972-ci ildə Sumqayıtda Gənc Müəllimlər Şurasını yaratmışdım. Çox istedadlı, müasir təfəkkürə malik, yaradıcı gənc müəllimləri həmin təşkilatda birləşdirə bildim. Ən böyük arzumuz bu fədakar, bilikli, yaradıcı həmkarlarımla birlikdə müasir bir məktəb yaratmaq idi. Ancaq birdən-birə məktəb direktoru mərhələsini aşdım.

İşə böyük həvəslə başladım. Düşünürdüm ki, rəhbər vəzifədə çalışaramsa, qısa zamanda təhsillə bağlı bütün ideyalarımızı həyata keçirə bilərəm. Lakin az sonra mənə anlatdılar ki, əsas öhdəliyim hansısa təşəbbüslər irəli sürmək, müstəqil şəkildə yeniliklər tətbiq etmək deyil. Başlıca vəzifəm kommunist rəhbərliyinin qoyduğu qaydalara şəksiz əməl etməkdir. Hər hansı qərarın qeyri-standart yolla icrasını təklif etdikdə, bu, qəbul olunmurdu. Yaradıcı təşəbbüslərim, yanaşmalarım yerindəcə “dəfn” olunur, iflasa uğrayırdı. Baxmayaraq ki, bunları sosialist ölkələrinin təcrübəsilə əsaslandırır, təhsil üçün aktual məsələləri gündəmə gətirirdim.

Çox işlər görmək olardı, təəssüflər olsun ki, o dövrdəki quruluşun qadağaları böyük əngəllər törədirdi. Bunu deməklə bərabər onu da vurğulayım ki, partiya orqanlarında müasir təfəkkürə malik rəhbər işçilər az deyildi və məhz onların dəstəyilə bəzi ideyalarımı həyata keçirə bildim.

Ölkəmizin müstəqilliyi dövrü 90-cı illərdən başladı. Qarabağ faciəsi, çoxsaylı qaçqın və köçkün müəllimlərin işlə təminatı, zəbt olunmuş ərazilərdən olan uşaq və yeniyetmələrin təhsillə əhatə olunması, ciddi maliyyələşdirmə problemləri, müəllimlərin peşəkar inkişafı üçün məhdud imkanlar, məktəb tikintisinin dayandırılması və s. rəhbərlik etdiyim baş idarənin fəaliyyətində ciddi çətinliklər yaratsa da, əməkdaşlarımız bu və digər problemlərin həlli üçün böyük əzmkarlıqla çalışırdılar.

“Sovet təhsili nə qədər böyük istedadı heç edib”

- Sovet dövründə elmə, biliyə yiyələnmiş insanlar həmin dövrün təhsil sisteminin indiki ilə müqayisədə üstün olduğunu tez-tez dilə gətirirlər. Siz də həmin dövrdə təhsil almısınız, amma deyəsən, onlardan fərqli düşünürsünüz?

- 2008-2010-cu illərdə “Zerkalo” qəzetində 30 mövzuda “Şənbə dərsi” – “Субботний урок” silsilə məqalələrim dərc olunmuşdu. İki “Dərs”də sovet təhsili ilə o dövr üçün müasir olan təhsilin fərqli məqamlarından yazmışdım. Redaksiyaya daxil olan məktublardan sovet təhsili haqqında müsbət düşünən oxucuların çox olduğunu görüb onlarla müzakirəyə başladım. Sonra anladım ki, müasir təhsil dedikdə opponentlərim inkişaf etmiş xarici ölkələrin təcrübəsini deyil, məhz həmin dövrün Azərbaycan təhsilini nəzərdə tuturlar. Bu gün də sovet təhsilini dəstəkləyən hər kəsə deyirəm ki, müqayisəni bizim reallıqlarımızla deyil, Harvard, Sorbonna, Kembricdəki təhsilin keyfiyyəti və nailiyyətləri ilə aparsınlar. Ötən 10 il ərzində uğurlu məktəb və universitetlərimizin sayı artmış olsa da, təəssüf ki, hələ də ölkə miqyasında müasir təhsil sistemini qura bilməmişik.

Sovet təhsilinin ən böyük qüsurları onun ideologiyaya xidmət etməsi və avtoritar xarakter daşıması idi. Həmin quruluş təsəvvür olunmaz sayda böyük istedadları heç edib. Bu isə orta məktəbdən başlayırdı. Məsələn, gələcəyin rəssamından kimyanı, riyaziyyatı, fizikanı da yüksək səviyyədə mənimsəmək tələb olunurdu. Təxminən 30 il əvvəl məni o dövr üçün məxfi sayılan və 1986-cı ildə aparılmış bir tədqiqatın nəticələri ilə tanış etmişdilər. Sənəddə göstərilmişdi ki, SSRİ-nin orta məktəbini bitirmiş orta statistik məzuna verilmiş biliklərin müstəqil həyatda yalnız 33-35 faizi gərəkli idi. Bu göstərici İngiltərədə və Almaniyada 65, Yaponiyada isə 70 faizdən yüksək idi. Yəni gələcəyin rəssamı, müğənnisi, alimi, mühəndisi on bir illik sovet məktəbi təhsilinin təxminən yeddi ilini həyatda ona lazım olmayan məlumatların öyrənilməsinə sərf edirdi. Bax, sovet təhsilinin bədbəxtliyi onun əzbərçilik məktəbi olması idi.

Sovet dövründə təhsil almış, o dövrün orta və ali məktəbi barədə fəxrlə danışan tanışlarıma həmişə dediyim bu olub: fəxr edin ki, o dövrün sovet ideologiyası əsasında qurulan avtoritar təhsil sistemi sizi, bizi, digər güclü insanları məhv edə bilməyib, biz bugünkü savadımıza, səviyyəmizə, inkişafımıza görə sovet təhsilinə deyil, öz genetikamıza, intellektimizə, təfəkkürümüzə, ruhumuzun gücünə minnətdar olmalıyıq.

Əlbəttə, bu gün təhsilə yanaşma, prioritetlərimiz tamamilə başqadır. Sözsüz ki, Azərbaycan təhsili inkişafdadır, lakin biz ötən əsrin sonlarında yaranmış fürsətlərdən dolğun istifadə edə bilməyib, ölkə miqyasında yüksək səviyyəli müasir məktəb və universitetlər şəbəkəsinin yaradılmasına hələ də nail olmamışıq.

“Yeganə böyük dəyişiklik kommunist ideologiyasından imtinadır”

- Sizcə, niyə?

- Ümumi təhsil sahəsində başlıca problemi müəllim hazırlığında görürəm. Böyük təəssüf hissilə deməliyəm ki, 27 illik dövlət müstəqilliyimizə baxmayaraq, məktəblərimizdə dərs deyən, şagirdlərlə gündəlik ünsiyyətdə olan müəllimlərimizin çoxu yenə də “sovet təhsilinin yetirmələri”dir. Bunu yalnız yaş baxımından demirəm. Reallıq budur ki, bir çox hallarda bizim ali pedaqoji məktəblərimiz müəllim hazırlığında hələ də sovetlərdən miras qalmış ənənələrə müraciət edir. Yeganə böyük dəyişiklik kommunist ideologiyasından imtinadır. Gələcək müəllimlərə tələb olunan ümumi və peşəkar səriştələr aşılanmır, onlar müasir təlim metodlarını lazımi səviyyədə mənimsəmir. Məhz bu səbəbdən məktəblərimizin çoxunda ənənəvi, cansıxıcı dərslər üstünlük təşkil edir. Nəticədə isə məktəb müəllimlərimizin şagirdlərin müasir səviyyədə inkişafına təsiri az olur.

Müəllim hazırlığı sahəsində ən mühüm problemlərdən biri də innovasiyalara açıq müəllimi yetişdirməyə qadir olan müasir professor-müəllimlərimizin az sayda olması, onların peşəkar səviyyəsinin yeni tələblərə cavab verə bilməməsi ilə bağlıdır. Əfsuslar olsun ki, pedaqoji təhsil sistemində müasir tendensiyaları qəbul edən, buna uyğun tədris prosesini qurmağa qadir olan ali məktəb müəllimlərimiz o qədər də çox deyil. Azərbaycan Pedaqoji Universitetinə professor Cəfər Cəfərovun rektor təyinatından sonra müasirləşməyə meyilli işlər aparılır. Onların səriştə əsaslı təhsilin üzərində qurulması böyük səmərə verərdi. Ölkəmizdə bilikli müəllimlərdən daha çox biliyi yüksək olmaqla yanaşı, sinifdaxili pedaqoji fəaliyyəti müasir səviyyədə idarə etməyə qadir və bunun üçün bütün zəruri səriştələrə malik olan müəllimlərə ciddi ehtiyac duyulur.

“Təhsil haqqında” qanuna edilmiş son əlavələri çox müsbət dəyərləndirirəm”

- Sovet təhsil sisteminin şagirdləri müstəqil həyata yaxşı hazırlamadığını dediniz. Bəs bugünkü təhsil sistemində bu, necə həyata keçirilir?

- Mən kimya müəllimiyəm, bu gün müasir səslənən yanaşmaların bir qismini 1972-1978-ci illərdə tətbiq edirdim. Şagirdlərə qiymət üçün oxumalı olmadıqlarını, inkişaf üçün məktəbə gəldiklərini təlqin edirdim. Hər zaman əvvəlki bilik-bacarıqları əsasında şagirdlərimi yeni mövzunu müstəqil mənimsəməyə sövq edirdim. Fəal müzakirəyə, fikirlərin toqquşmasına, diskussiyalara çox yer verirdim. Elə hallar olurdu ki, şagirdlərim mövzuya uyğun, mənim hazırladığım istiqamətverici, köməkçi suallar alqoritmi əsasında kimyanın qanunauyğunluqlarına dair tərifləri özləri verirdi və onlar dərslikdə yazılandan çox da fərqlənmirdi.

Əlbəttə, bugünkü təhsilimiz sovet dövrünə nisbətdə irəlidədir, amma müasir təhsil tendensiyaları ilə müqayisədə görəcəyimiz işlər həddindən artıq çoxdur. Ölkəmiz 2000-ci ildən “hafizə məktəbi”ndən “inkişafetdirici məktəb” modelinə keçib, lakin biz geniş miqyasda şəxsiyyətyönlü təhsili hələ də qura bilməmişik.

Hazırda Avropa Azərbaycan Cəmiyyətində çalışıram, bir sıra özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləyirəm. Beynəlxalq təcrübədə özünü doğrultmuş təhsil proqramlarını - PYP, MYP, İCGSE, İB DP və Azərbaycanın Milli kurikulumunu inteqrativ şəkildə tətbiq edir, tədris-təlim prosesini produktiv təhsil yanaşması əsasında qururuq. Belə ki, şagirdlərimizə hansısa teoremi, düsturu, tarixi məlumatı, elmi qanunu əzbərləməyi yox, onların necə alındığını öyrədir, onlardan harada və necə istifadə olunması üzrə zəruri bacarıq və səriştələri formalaşdırırıq.

Təhsil Nazirliyinin təşəbbüsü ilə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında fəaliyyət göstərən beynəlxalq məktəblərin ölkədə tanınmasına dair “Təhsil haqqında” qanuna edilmiş son əlavələri çox müsbət dəyərləndirirəm. Beynəlxalq məktəblər innovativ təhsil müəssisələridir və düşünürəm ki, onların dövlət təhsil müəssisələrinə təsiri yaxşı nəticə verəcək.

“Ən yüksək bal toplayanı qəbul etmədik, çünki...”

- Siz də sovet dövründə təhsil almısınız, amma müasir təhsil üsullarını illər əvvəl tətbiq etməyə başlamısınız. İnnovativ müəllimin də yetişdirilməli olduğunu dedik. Necə olur ki, siz həmin dövrdə təhsil alıb, müasir üsulları tətbiq edirsiniz, lakin bir çoxları bunu bu gün də etmir? Və bunun fonunda hazırda müəllimlərin tədris-təlim prosesinə yanaşmalarını necə dəyərləndirirsiniz?

- Yaradıcı müəllimlərimizin sayı günbəgün artmaqdadır. Təəssüf hissilə deməliyəm ki, bunu ali pedaqoji təhsilin uğuru kimi deyil, həmin müəllimlərin peşə vurğunluğu, yaradıcı təfəkkürü, özünütəhsilləndirmə cəhdləri, özünüinkişaf meyilləri ilə, hətta genetikasında müəllim peşəsinə uyarlıqları ilə əlaqələndirirəm. Qərbdə isə müəllim hazırlığı sistemi məhz bu qəbildən olan gəncləri aşkar edir və onları yüksək peşəkarlığa malik müasir müəllim kimi yetişdirir. Məsələn, bizdə fizika müəllimliyinə qəbul olmaq istəyəndən fizika, riyaziyyat bilgilərini yoxlayırıq, ancaq onda müəllimlik qabiliyyətinin olub-olmadığını araşdırmırıq. Kimsə deyə bilərmi ki, riyaziyyatı çox mükəmməl bilən mütləq yaxşı məktəb müəllimi olacaq?

Liseylərin birinə müəllim qəbulu aparırdıq. Testlərimiz fənn bilikləri ilə yanaşı namizədlərin peşə uyarlığını, intellektual səviyyəsini, yaradıcılıq potensialını, xarakterindəki xüsusiyyətləri və s. aşkar etməyə imkan verirdi. Fənn testindən yalnız bir ingilis dili müəllimi 100 faiz nəticə göstərdi, lakin onun işə qəbuluna razılıq vermədik. Çünki araşdırmalarımız onun aqressivliyinə, dözümsüzlüyünə, başqasının fikrini qəbul etmək iqtidarında olmadığına dəlalət edirdi. Müəllim üçün bilik mühüm parametrlərdən yalnız biridir, əsas odur ki, o, uşaqları hədsiz dərəcədə sevsin, peşəsinin vurğunu, öyrənməyə və inkişafa meyilli olsun. Hətta yumor hissi də müəllim üçün çox vacibdir.

“Ən vacib prioritetlərdən biri səriştə əsaslı təhsil sistemidir”

- Müasir təhsilin qarşısındakı əsas hədəflər hansılardır?

- Əslində ölkə Prezidentinin 2013-cü ildə təsdiq etdiyi Dövlət Təhsil Strategiyasında bütün əsas prioritetlər açıq-aydın göstərilib. Orada ən vacib prioritet kimi səriştə əsaslı təhsilin qurulması bir vəzifə kimi qoyulub. Hazırda həmin istiqamətdə müəyyən canlanma olsa da, çox gecikirik. Bu, nəhəng, çoxəhatəli bir proses, innovativ yanaşmaya əsaslanan bir sistemdir. Kurikulumlar, təhsilin məzmunu səriştələr sistemi vasitəsilə ifadə edilməlidir. Dərsliklər, tədris resurslarının hazırlanma konsepsiyası dəyişilməlidir. Müəllim hazırlığında, ümumilikdə ali təhsildə ciddi islahatlar aparılmalıdır. Dövlət strategiyasına əsaslanaraq digər mühüm prioritet kimi on ikiillik təhsilə keçidi qeyd edərdim.

- 1987-ci ildə sizin hazırladığınız təklif əsasında keçmiş SSRİ-də müəllimlərin müsabiqə yolu ilə işə qəbuluna başlanılıb. Bu barədə məlumat verərdiniz. Bugünkü işə qəbul imtahanları ilə uyğunluq var idimi sizin o təkliflərdə?

- O zaman Bakıda, habelə digər şəhər və rayonlarda işsiz müəllimlərin işə qəbulu növbə əsasında həyata keçirilirdi. İllər əvvəl universiteti bitirib, 15-30 il tamam başqa sahədə işləyənlər növbəsi çatdıqda müəllim kimi işə qəbul edilirdi. Pedaqoji səriştəsini itirmiş insanların sadəcə növbəsinə görə işə qəbul edilməsinə qarşı çıxdım və məsələni Mərkəzi Komitə qarşısında qaldırdım. Təşəbbüsüm birmənalı qarşılanmadı, çox böyük müqavimətlə rastlaşdım. Çünki sovetlər ölkəsində işsizliyin ləğvini bütün dünyaya bəyan edən SSRİ-də işsiz müəllim ola bilməzdi. Son nəticə olaraq, mövcud reallıqları dərindən anlayan partiya funksionerləri təklifimə müsbət qərar verdilər və biz SSRİ-də ilk dəfə olaraq müəllimlərin işə qəbulunu müsabiqə yolu ilə həyata keçirməyə başladıq. Həmin müsabiqələr məktəblər tərəfindən aparılırdı. Yüksək hazırlığa malik müəllimlərin işə qəbulu müsbət təsir verirdi.

“Bu təcrübəni həyata keçirən məktəb uduzmaz”

- Ötən əsrin 90-cı illərində də yenə sizin təklifləriniz əsasında Bakının 20-dən çox məktəbində psixoloji xidmət fəaliyyətə başlayıb. Lakin bu gün hələ də məktəblərdə psixoloqların səviyyəsi qaneedici deyil. Başqa ixtisas sahibləri psixoloq kimi fəaliyyət göstərir. Bəzi hallarda 1200 şagirdi olan məktəbdə bir psixoloqun olması yetərsiz hesab edilir. Həm bu təklifiniz, həm də qeyd etdiyim məsələ ilə bağlı fikirləriniz çox maraqlı olardı...

- Məktəb psixoloji xidmətini SSRİ-də yaradanlardan biri biz olduq və ilk psixoloqlarımızı da Bakı Şəhər Baş Təhsil İdarəsinin nəzdindəki ixtisasartırma institutu hazırladı. Hazırda ali məktəblər kifayət sayda psixoloq buraxdığı halda, qeyri-ixtisas sahiblərinin, məktəb psixoloqu vəzifəsinə təyin edilməsi, təbii ki, pis haldır. O ki qaldı iri məktəblərdə bir psixoloqun fəaliyyətinin yetərsiz olmasına, düşünürəm ki, işlər düzgün qurularsa, psixoloq direktor müavini, sinif rəhbərləri, fənn müəllimləri və valideynlərlə sıx əlaqədə fəaliyyət göstərərsə, problemli şagirdlər, ehtiyac duyulduğu hallarda müəllim-şagird münasibətləri üzrə korreksiyaedici tədbirlər daha səmərəli nəticə verə bilərdi.

- Bakının bir sıra məktəblərində bilavasitə şagirdlər tərəfindən fənn müəllimi və sinif rəhbərlərinin seçilməsi də sizin təklifiniz olub...

- Bu yenilik çox yaxşı nəticələr verirdi. İndi də həmin təcrübəni həyata keçirən məktəb uduzmaz.

“Məktəb direktoru və onun müavinləri müəllimlərin “naçalniki” baxışlarından uzaqlaşmalıdır”

- Ancaq bu gün həmin təcrübə tətbiq edilmir.

- Bunun obyektiv və subyektiv səbəbləri vardır. Yaradıcı məktəb direktoru təcrübəmizdən istifadə etsə, bu, məktəbin xeyrinə olardı. Reallıq budur ki, təhsili idarəetmə iyerarxiyasının ən yüksək pilləsində Təhsil Nazirliyi, ən aşağıda isə şagird durur. Təhsil Nazirliyinin təşəbbüsü ilə “Təhsil haqqında” qanuna edilmiş əlavələrdən biri də “Təhsil xidməti” anlayışının qanuna daxil olunmasıdır. Bu, çox müsbət yenilikdir. Bununla əlaqədar təhsil sistemində idarəetmə yanaşmaları, idarəetmə modeli də dəyişilməlidir. Biz anlamalıyıq ki, təhsil xidmətlərini sifariş edən subyektlər şagird/tələbə, valideyn, cəmiyyət və dövlətin özüdür, müəllim, məktəb rəhbərliyi, yerli təhsil şöbələri isə həmin sifarişi uğurla yerinə yetirməyə borclu olan icraçılardır. İdarəetmə strukturunun ən yüksək zirvəsində şagird/tələbə və valideyn durmalıdır. Onların sifarişini yerinə yetirən müəllimin bütün səyləri şagirdin real inkişafını təmin etmək və valideynlərin rəğbətini qazanmağa yönəldilməlidir. Öz növbəsində məktəb direktoru və onun müavinləri müəllimlərin “naçalniki” baxışlarından uzaqlaşmalı, onların keyfiyyətli fəaliyyətini təmin edən, bunun üçün ən optimal iş şəraitini yaradan təhsil menecerləri kimi fəaliyyət göstərməlidirlər. Eləcə də, rayon təhsil idarəsi/şöbəsinin vəzifəsi məktəb direktorlarının iş səmərəsinin artırılması üçün onların ehtiyaclarını öyrənmək, bütün zəruri təşkilati, pedaqoji, normativ hüquqi, kadr və digər resurslara olan tələbatları ödəməkdən ibarət olmalıdır. Təhsil Nazirliyi isə dövlətin təhsil siyasətini həyata keçirən mərkəzi orqan olmaqla və strateji məsələlərin həllinə yönəlmiş fəaliyyətilə yanaşı, şagird və tələbələrin ahəngdar inkişafının qarantı kimi bütün əlaqədar qurumların, şəxslərin səylərini tənzimləməli, həmçinin əlaqələndirməlidir.

“Yaşlı olmaq ağsaqqal olmaq demək deyil”

- Şagirdin müəllim seçməsi müəllimlər arasında rəqabət yaradır.

- Şagirdin öz müəllimini seçməsi müəllimin məsuliyyətini artırır. Təcrübəmdən deyə bilərəm ki, daha az şagird səsi toplamış müəllimi bu hal çox sarsıdırdı, bəziləri hətta öz xoşu ilə işdən də çıxırdı. Şagirdin təhsil prosesinin bərabərhüquqlu subyekti olduğunu bəyan etmiş olsaq da, əksər məktəblərdə əksər müəllimlər hələ də şagirdə yuxarıdan aşağı baxır. Hamımız: valideyn və müəllimlər, bütün cəmiyyət dərk etməlidir ki, dörd-beş yaşlı uşaq artıq şəxsiyyətdir. Onun beyni əksər əqli əməliyyatları aparmağa qadirdir. Sadəcə uşağın təcrübəsi, bilik və bacarıqları, abstrakt təfəkkürü nisbətən azdır. Anlayıram ki, şagirdə qarşı mövcud avtoritar yanaşmanı dəyişmək asan iş deyil. Lakin Qərb məktəblərində olduğu kimi, bunu edə bilsək, tədris-təlim prosesinin keyfiyyətini təsəvvürolunmaz səviyyədə artıra bilərik.

Burada bir mühüm məqama da toxunmaq istərdim. Azərbaycançılıqda ağsaqqal, ağbirçək anlayışları millətimizin başını uca edən məfhumlardır. Bu xüsusiyyətimizi mütləq qorumalı və yaşatmalıyıq. Lakin düşünürəm ki, müasir dövrdə ağsaqqallıq paradiqması əsaslı şəkildə dəyişməlidir. Yaşlı olmaq heç də ağsaqqal olmaq demək deyil. Yaşlısansa, yaşınla öyünmə. Yaşlanmışsansa millətinin, ailənin, gənclərin qarşısında ağsaqqallıq missiyasını layiqincə daşı. Bütün hərəkətlərinlə, davranışın, danışığın, əməllərinlə ətrafındakılar üçün nümunə ol. Yaşlanmısansa, əsl ağsaqqal ol!

“Məktəblərdə qadın və kişi müəllimlərinin balansı tənzimlənməlidir”

- Asif müəllim, başqa bir məsələyə də toxunmaq istəyirəm. Bu gün məktəblərdə müəllimlərin 80 faizindən çoxu qadınlardır. Bunun ciddi fəsadlarının olacağı deyilir. Sizcə, bu, doğrudanmı belədir və əgər belədirsə, problem necə həll edilməlidir?

- Bəli, ümumtəhsil məktəblərində əksər müəllimlər qadınlardır və bu hal azı 40-50 ildir ki, davam edir. Nə qədər çətin də olsa, müasir məktəb təhsili üçün qadın və kişi müəllimlərinin balansı optimallaşdırılmalıdır. Məsələn, Finlandiyada kişi müəllimlərin sayının ibtidai siniflərdə 20 faizdən çox, yuxarı siniflərdə isə 50 faiz civarında olması ölkə təhsilinin uğurlarını şərtləndirən mühüm amillərdən biri kimi qeyd olunur. Hətta bu ölkənin uşaq bağçalarında da kişi müəllimlər erkən yaşlı uşaqların təhsili ilə məşğul olurlar.

Düşünürəm ki, problemin həlli üçün ilk növbədə müəllimlərin maddi durumu yaxşılaşdırılmalıdır. Son illər pedaqoji işçilərin aylıq maaşının artırılması çox müsbət haldır, lakin istedadlı gənc oğlanların məktəblərə üz tutması üçün daha əhəmiyyətli stimullar olmalıdır. Nümunə üçün deyə bilərəm ki, Sinqapurda beş il bundan əvvəl universiteti bitirib məktəbdə pedaqoji fəaliyyətə başlayan müəllimin illik əmək haqqı 28 min Sinqapur dolları idi, gənc hüquqşünas isə ali təhsil alıb işlə təmin olunduqda onun illik məvacibi 14 min dollar təşkil edirdi.

“İsraildə narkotikə marağı olan şagird...”

- Bir vaxtlar rəhbər təhsil işçilərinin İsraildə kurs keçməsinə imkan yaratmışınız, habelə özünüz çox sayda xarici ölkədə olmusunuz. Həmin ölkələrin təhsil sistemində diqqətinizi çəkən, maraqlı məqamları bizimlə bölüşə bilərsiniz...

- İsraildə ən çox xoşuma gələn məqamlardan biri sinifdə 40-42 şagirdin oxumasına baxmayaraq müəllim diqqətinin onların hamısının üzərində olması idi. Bu, dərsin dəqiq planlaşdırılması, differensiallaşdırma və fərdiləşdirməni təmin edən fəaliyyətlərin optimal qaydada müəyyənləşdirilməsi, interaktiv təlim üsullarından məqsədəmüvafiq istifadə, müəllimin qruplarda müstəqil işin səmərəli təşkili, qısasını desək, sinifdaxili proseslərin peşəkarcasına idarə olunması ilə bağlı idi. Hər həftənin beşinci günü isə valideynlər şagirdlərlə bir parta arxasında oturub övladları ilə birlikdə dərs keçir, tapşırıqlar yerinə yetirir, suallara cavab verir və s. Bundan başqa, İsrail məktəblərində inklüziv təhsilin yüksək səviyyədə təşkili, habelə yeniyetmələr arasında narkomaniyaya qarşı mübarizə üsulları da diqqətimi çəkmişdi. Narkotikə marağı olan şagird sübh tezdən evindən götürülür və o, axşam saatlarına qədər xüsusi təlim mərkəzlərində müxtəlif fəaliyyətlərə cəlb olunur, diqqəti meyil və maraq dairəsində olan işlərə yönləndirilir. Çox gərgin və uzun sürən həmin proses nəticəsində yeniyetmələrin böyük hissəsini narkotikin qurbanına çevrilməkdən xilas etmək mümkün olur.

Polşadakı bir nömrəli liseydə dövlət-ictimai idarəetmənin nümunəvi təşkili məni heyran etmişdi. Məktəb hökuməti formatında fəaliyyət göstərən bu təşkilatda bərabər sayda müəllim, şagird və valideynlər təmsil olunmuş, “Maliyyə naziri”XI sinif şagirdi, “Mədəniyyət naziri”isə onun anası idi. “Maliyyə naziri”nin ödəniş və digər sənədlərdə imzası olmadan heç bir əməliyyat aparıla bilməzdi.

Bu qəbildən xeyli sayda təcrübələr göstərə bilərəm, onların bir hissəsi dövlət təhsil strategiyasında öz əksini tapıb.

- Müstəqillikdən bu yana ali məktəblərə qəbul testlə aparılır. Bu barədə ziddiyyətli fikirlər var. Siz necə düşünürsünüz - test, yoxsa ənənəvi imtahan daha yaxşıdır?

- 26 ildir Azərbaycan universitetlərinə qəbul test üsulu ilə aparılır və mən hər zaman bunu dəstəkləmişəm. Ən böyük nailiyyət qəbulla bağlı neqativ halların kəskin azalması, hazırlıqlı abituriyentlərin hamısının maneəsiz ali məktəblərə qəbul olunmasıdır. Qəbul prosesində təkmilləşmə daim aparılır. Bunu alqışlamaqla yanaşı, düşünürəm ki, qəbul imtahanın abituriyentin faktiki biliklərini üzə çıxarmaqdan daha çox onların peşə uyarlığı, intellektual, yaradıcı və s. qabiliyyət və potensial imkanlarının dəyərləndirilməsi ali təhsil sistemi üçün daha əhəmiyyətli olardı.

Əlbəttə, hər hansı imtahanın müəllim-abituriyent müstəvisində - üzbəsurət qaydada aparılmasına etirazım yoxdur. Lakin uzun illərin təcrübəsində bu prosesdə şəxsi maraqların üstünlük təşkil etməsi, “telefon hüququ”, tamahkarlıq və s. halların, qəbul imtahanlarının əsasən qeyri-obyektiv, ədalətsiz keçirilməsinin dəfələrlə şahidi olmuşuq.

“Təhsilimiz şagirdlərin ahəngdar inkişafına deyil, onların imtahan hazırlığına yönəlib”

- Ötən il ilk dəfə buraxılış imtahanı 9-cu siniflər üzrə yeni qayda ilə keçirildi. İmtahanın açıq tipli suallar olan mərhələsində şagirdlərin çoxu aşağı nəticə göstərdi. Bu da kurikulum əsasında təhsil alan şagirdlərin yeni model üzrə imtahan verməyə tam hazır olmadığını göstərdi. Gələn il tam orta məktəb məzunları da artıq yeni imtahan modeli əsasında ali məktəblərə imtahan verəcək. Bu istiqamətdə düşüncələriniz necədir?

- Açıq tipli sualların imtahana salınması çox yaxşı haldır. Mənfi cəhət isə tam orta təhsilimizin daha çox ali məktəblərə qəbul standartları üzərində qurulmasıdır. Acınacaqlı haldır ki, yuxarı siniflərdə təhsil şagirdlərin ahəngdar inkişafına deyil, onların imtahan hazırlığına yönəlib.

- Dövlət strategiyasında 12 illik təhsilin tətbiqi də nəzərdə tutulub. Bu barədə düşüncələriniz maraqlı olardı...

- Bunu tam dəstəkləyirəm. Dünyada 13-14 illik orta təhsil verən ölkələr var. Bu sahədə xeyli geridəyik.

“Təhsil sistemimizdə elə məqamlar var ki, hətta Fin təhsilini üstələyir”

- Asif müəllim, son olaraq bir qədər də Avropa Azərbaycan Məktəbinin Azərbaycan təhsilindəki yeri barədə də məlumat verərdiniz...

- Burada Beynəlxalq Bakalavriat və digər beynəlxalq təhsil proqramları həyata keçirilir. Məktəbəqədər və ibtidai təhsildə onların Azərbaycan kurikulumuna inteqrasiyasına böyük diqqət yetirilir, orta təhsil pilləsində Azərbaycan dili, ədəbiyyatı, tarixi, coğrafiyası icbari qaydada tədris olunur. Şagirdlərimizin günbəgün inkişafını müşahidə edirik. Bu ilin yanvarında Finlandiyada olarkən bir neçə məktəbin fəaliyyətilə yaxından tanış oldum. Avropa Azərbaycan Məktəbinin fəaliyyətində elə məqamlar var ki, onlar hətta fin təhsilini üstələyir. Burada ən müasir resurslardan istifadə etməklə şagirdlərin məntiqi və tənqidi təfəkkürü, yaradıcılıq qabiliyyətləri daha intensiv və keyfiyyətli inkişaf etdirilir.

Azərbaycanda özəl təhsil sisteminin geniş inkişaf etməsi, özəl məktəblərin dövlət təhsil sisteminə rəqib kimi yox, rəqabətqabiliyyətli təhsil qurumu kimi fəaliyyəti ölkə təhsilinin inkişafına əhəmiyyətli dərəcədə dəstək vermiş olardı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər