23 İyul 2018 19:53
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 22-də sosial şəbəkələrdə Türkiyə Respublikasının vətəndaşı Davud Tonyalı adlı şəxsə istinadən Azərbaycan gömrük orqanlarına qarşı əsassız iddiaların yer aldığı video yayımlanıb.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 64 yaşı olduğunu bildirən həmin şəxs Azərbaycan gömrüyündə problemlərlə qarşılaşdığını və ondan qanunsuz vəsait tələb olunduğunu iddia edir.

Dövlət Gömrük Komitəsi bildirib ki, həmin videoda irəli sürülən iddialar tamamilə əsassızdır və gömrük orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli şəkildə yayımlanıb: "Videoda irəli sürülən iddialar hər hansı fakta söykənmir. Üstəlik, vaxtı, tarixi, məkanı və kim tərəfindən qeydə alındığı məlum olmayan məlumatı verən mənbənin etibarlılığı da şübhə doğurur. Ölkəmizə səyahət edib-etmədiyinə, gömrük və ya digər dövlət orqanlarında, iddia olunduğu kimi, haqsızlıqlarla qarşılaşdığına dair faktlar olmadığı halda, hər hansı bir şəxsin dövlətin strateji qurumlarından biri haqqında əsassız iddialarını yayımlamaq ya naşılıq, ya da qərəzdir".

Dövlət Gömrük Komitəsinin sözügedən şəxsin videodakı ad və soyadına əsaslanaraq, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə apardığı araşdırmalar nəticəsində məlum olub ki, 1955-ci il təvəllüdlü Davud Tonyalı sonuncu dəfə 2008-ci ildə Azərbaycan Respublikasına səyahət edib. Araşdırma zamanı həmin şəxsin gömrük orqanlarından narazılığına dair hər hansı fakt aşkar edilməyib.

"Azərbaycan gömrüyünün inkişafı göz önündədir. Dünyanın ən qabaqcıl təcrübələrindən faydalanan Azərbaycan gömrüyü artıq "bir pəncərə", "yaşıl dəhliz", "elektron bəyannamə" və digər mütərəqqi tətbiq və sistemləri qısa zaman kəsiyində həyata keçirib. Ümumdünya Gömrük Təşkilatı tərəfindən Azərbaycan gömrüyünün təcrübəsi bir çox ölkələrə tövsiyə edilir. Ölkəmizin sürətlə dünyanın nəqliyyat və logistika mərkəzinə çevrilməsində gömrük orqanlarının fəaliyyəti danılmazdır.

Lakin, istər dövlət, istərsə də onun strateji qurumlarından biri olan gömrük orqanlarının həyata keçirdiyi irimiqyaslı layihələri görməzdən gələrək, bu qəbildən əsassız məlumatların ictimailəşdirilməsi yalnız qərəzli xarakter daşıyır.

Dövlət Gömrük Komitəsi bir daha Komitənin və onun əməkdaşlarının fəaliyyəti ilə bağlı məlumatları yayımlayarkən, qarşı tərəfin də rəsmi mövqeyini öyrənməyi tövsiyə edir", - deyə məlumatda vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər